Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Gələn, gedənə rəhmət oxutdurur"... Sarı jiletlidən "kəsilən" 1 manat, parkinq tarifində sarı 50-liyə yüksəlir
"Gələn, gedənə rəhmət oxutdurur"... Sarı jiletlidən "kəsilən" 1 manat, parkinq tarifində sarı 50-liyə yüksəlir
28 may metrostansiyası yaxınlığında, qatar vağzalı istiqamətində, eyni zamanda Qış Parkı ərazisində istifadəyə verilmiş yeni avtomobil parklarının parkinq qiymətləri barədə sosial şəbəkələrdə olduqca maraqlı məlumatlar paylaşılır. Sosial şəbəkə istifadəçilərinin şərhlərində parkinq qiymətlərinin fantastik dərəcəyə yüksəldiyi, bir günlük parkinq qiymətinin bu ərazilərdə 30-40 manat civarında olduğu bildirilir. Ərazidən çəkilmiş qiymət lövhəsi görüntülərində də bu rəqəmlər özünü doğruldur.

Novruz tətilindən qayıdan vətəndaşlar aidiyyəti qurumların qəfil belə "sürpriz"i ilə rastlaşmalı olublar. Məsələn, Azadlıq Meydanı yaxınlığındakı yeraltı dayanacaqlarda 12 saatlıq parkinqin qiyməti yüz manatdır. Ən "ucuz" yerlərdə parkinqin bir saatlıq qiyməti 1 manatdan hesablanır.

Həqiqətən də ölkədə heç vaxt dəyişilməyən və daim özünü bir şəkildə doğruldan o ifadə - "Gələn, gedənə rəhmət oxutdurur" yenə də öz reallığını isbatladı. Bir zamanlar "parkovşik"lərin 30-40 qəpik almasından, bunun qanunsuz olmasından şikayətlənən vətəndaşlar indi bir saatlıq parkinq üçün bir manat ödəmək məcburiyyətində qalıblar.

Bəzi ərazilərdə tariflər ikiqat yüksəlib. Məsələn, Qış parkının dayanacaqlarında qiymətlər 12 saat üçün 30 yox, 60 manat olub. Ölkədə əməkhaqqının damcı-damcı, qram-qram artdığı, əksər vaxt da heç qalxmadığı, illərlə yerində saydığı bir vaxtda hələ yeni-yeni islahat işlərinə başlanılmış nəqliyyat-parkinq sahəsində qiymətlər bir anda iki qat yüksəlir. Aidiyyəti qurumun bu məsələyə reaksiyası, şərhi necə olacaq, hələlik bir söz demək çətindir, ancaq vəziyyət ondan xəbər verir ki, qaş düzəltmək istəyərkən, yenə vurub göz çıxarıblar.

Ölkədə nəyinsə qanuniləşdirilməsini, nizamlanmasını ürəklə qarşılamağa, səmimi qəlbdən sevinməyə qorxursan, ən azı, oturub bir ay vəziyyəti izləməlisən, görək, şoru çıxacaq, ya yox? Bu dəfə deyəsən, yenə şoru çıxıb...

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »