Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
AYNA "qaraladığı" yerləri ağ rəngləyib parkinq edir, xərci də maaşdan "asılı" qalan vətəndaş "ödəyir"...
AYNA "qaraladığı" yerləri ağ rəngləyib parkinq edir, xərci də maaşdan "asılı" qalan vətəndaş "ödəyir"...

Bakının mərkəzində 28 may meydanına avtomobillərin buraxılmaması qərarı veriləndə şəhər sakinləri çox sevinmişdi. Onlar düşünürdü ki, yerli idarəetmə orqanları camaatı fikirləşdiyindən belə addım atıb. Yəni sakinlərin piyada rahat hərəkət etməsi üçün şərait yaradıldığına inanmışdılar. Çox keçmədi ki, gerçək məqsəd ortaya çıxdı. Sən demə, daha çox pul qazanmaq üçün belə addım atılıb.

Bizimyol.info xəbər verir ki, Nəqliyyatı Əlaqələndirmə Şurası martın 11-də “28 May” metrostansiyası və Bakı Dəmiryol Vağzalı qarşısında fərdi avtomobillərin hərəkətinin məhdudlaşdırılması barədə qərarını açıqlamışdı. Martın 12-dən bu istiqamətdə yalnız ictimai nəqliyyat vasitələrinin hərəkətinə icazə verməyə başlamışdılar. Fərdi avtomobillər dərhal cərimə olunurdu.

Martın 27-də Bakı Dəmriyolu Vağzalının qarşısı üçün parkinq tarifləri açıqlanıb. Qiymətlərə heyrətlənməmək mümkün deyil. Yalnız 15 dəqiqə pulsuz parklanma nəzərdə tutulub. Yarım saata qədər 1 manat, bir saatın tamamında 2 manat ödəmək lazımdır. Sonrakı saatlar üçün qiymətlər sürətlə artır: 1-2 saat – 4 manat, 2-3 saat - 6 manat, 3-5 saat – 10 manat, 5-7 saat – 14 manat, 7-10 saat – 18 manat, 10-15 saat – 22 manat, 15-20 saat – 26 manat, 20-24 saat – 30 manat.

Eyni zamanda, bu əraziyə çox da uzaq olmayan Qış parkındakı yeraltı dayanacaqda da qiymətlər kəskin artırılıb. Əvvəllər avtomobilini 12 saat dayanacaqda saxlayanlar ayda 30 manatlıq abunə paketindən istifadə edirmiş. İndi bu xidmət 80 manatadır. Yaxınlıqda yaşayanlar 50 manat ödəməklə yeraltı parkinqdən istifadə edə bilərlər. Avtomobilin 24 saat parkinqdə qalması ayda 120 manata başa gələcək. “Azadlıq” meydanında da qiymətlərin artırıldığı məlum olub.

Deyəsən, parklanma tariflərini müəyyənləşdirənlər minimum əməkhaqqının 345 manat olduğunu unudublar. Ölkədə işləyən kəsimin yarısı ayda 460 manatdan az qazanır. Hansı məntiqlə belə qiymətlər qoyurlar?!

Daha sürücülər şəhərin kənar yerlərində də avtomobilini saxlamağa yer tapmır. Bircə o qalıb ki, maşını belinə şəlləyib evinə gətirəsən. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin əməkdaşları gözünə "babat" görünən yerləri ağ rənglə xətləyib. Hətta yaşayış binaları da mühasirəyə alınıb. Fərdi parklanma talonu sistemi tətbiq olunub, bu da yalnız 100 metr radius üçün nəzərdə tutulub. Yəni yaxınlıqda yer yoxdursa, daha uzaq məsafədəki parkinq nöqtələrində pul ödəməlisən. Baş verənlər sürücüləri aşkar soymaq məqsədi güdür. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən deyirlər ki, xərclər qarşılanmadığından qiymətlər qaldırılır. Qurum düz-əməlli bəhanə fikirləşməyə də əziyyət çəkməyib. Hansı xərcdən söhbət gedir?

Məqsəd nədir? Guya paytaxtda tıxacların sayını azaltmaq istəyirlər. İctimai nəqliyyatdan istifadəyə istiqamətləndirmək məqsədi olduğunu dilə gətirirlər. Hansı ictimai nəqliyyata? Hökumət yenə plansız iş tutur. Əvvəlcə ictimai nəqliyyat sistemi yenidən qurulmalıdır. Bu qədər az metro stansiyası olan, tramvay xətləri ləğv edilən, avtobus çatışmazlığı yaşanan şəhərdə həmin həvəsləndirmək tədbirləri gülünc görünür. Qısaca desinlər ki, nisbətən kasıb sürücüləri şəhərin mərkəzinə buraxmaq istəmirlər. Hələlik müşahidə edilən məram budur.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »