Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə paytaxtın Gənclik metrostansiyası yaxınlığında Novruz bayramı ilə əlaqədar "Kənddən Şəhərə" yarmarkasına start verilib. Yarmarka 9-19 mart tarixləri arasında davam edəcək.
Yarmarkada iştirak edən satıcıların Bizimyol.info xəbər portalına verdiyi açıqlamalara görə, bu yarmarkada yüzdən çox çeşiddə qida məhsullarının satışı və müxtəlif kənd təsərrüfatı məhsullarının satışına başlanılıb.
Qeyd olunan ərazidə keçirilən Novruz yarmarkasına ölkənin müxtəlif regionlarından satıcı-fermerlər qatılıb. Belə ki, ümumilikdə 25-dək regiondan 50-dən çox fermerin bu yarmarkaya qatılacağı gözlənilir.
Satış üçün nəzərdə tutulan məhsulların keyfiyyətinə nəzarəti Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Səyyar Qida Laboratoriyası həyata keçirəcək.
Yarmarka təşkilatçılarının açıqlamasında bildirilir ki, vətəndaşlar yarmarkada satışa çıxarılan istənilən məhsulun keyfiyyət göstəricilərini öyrənmək üçün laboratoriyanın xidmətlərindən faydalana biləcəklər.
Bizimyol.info xəbər portalı Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə paytaxtın Gənclik metrostansiyası yaxınlığında Novruz bayramı ilə əlaqədar "Kənddən Şəhərə" yarmarkasından xüsusi videoreportajı təqdim edir:
Mətin Şükürlü, Bizimyol.info