Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Cənnətin qapılarının açıldığı, Cəhənnəmin qapılarının bağlandığı, "şeytanlar"ın zəncirləndiyi Ramazan ayı...
Cənnətin qapılarının açıldığı, Cəhənnəmin qapılarının bağlandığı, "şeytanlar"ın zəncirləndiyi Ramazan ayı...

"...Cənnətin qapları açılar, Cəhənnəmin qapıları bağlanar" - Bugündən "şeytanların zəncirləndiyi" müqəddəs Ramazan ayı başlayır...

Bugündən etibarən əvvəli rəhmət, ortası məğfirət, sonu əzabdan qurtuluş olan müqəddəs Ramazan ayı başlayır. Bu ayın fəzilətləri barədə həm İslamın müqəddəs kitabı Qurani-Kərimdə, həm də rəhmət peyğəmbəri həzrəti Muhəmmədin hədislərində bəhs olunur. Həmin hədislərdən birində qeyd olunur ki, müqəddəs Ramazan ayı daxil olduğu zaman Cənnətin qapıları açılar, Cəhənnəmin qapıları bağlanar, şeytanlar isə zəncirlənər.

  • Bu hədisin təzahürləri nələrdir? Allah rəsulu bu hədisi ilə nəyə diqqət çəkmək istəyib?
  • Şeytanların zəncirlənməsini müsəlmanların həmin müqəddəs ay müddətində heç bir günah qazanmaması kimi şərh etmək olarmı?
  • Əgər insanı haqq yoldan döndərən və günaha sövq edən şeytandırsa, hədislərə görə o, bu ayda zəncirlənər. Belə olduğu təqdirdə insanları şeytandan başqa günaha nə sövq edə bilər?

Qeyd olunan bu hədis xüsusilə Ramazan ayına təsadüf edən Cümə günlərində məscid imamlarının xütbə zamanı tez-tez müraciət etdikləri, nümunə çəkdikləri önəmli hədislərdən biridir.

Ramazan ayında cənnət qapılarının açılması, müsəlmanları cənnətə aparacaq əməllərin çoxalması deməkdir və həm də cənnətə daxil olmağın çox asanlaşması anlamına gəlir. Çünki bu əməllərin savabı digər vaxtlardan qat-qat çox olur.

Cəhənnəm qapılarının bağlanması, Ramazan ayında günahların azalması səbəbindən o qapılardan daha az adamın daxil olması deməkdir. Heç kim içəri girmədikdə, qapılar sözün əsl mənasında bağlanır.

Şeytanların zəncirlənməsi o deməkdir ki, şeytanlar Ramazan ayında möminlərə vəsvəsə verməkdə çətinlik çəkərlər. Ona görə ki, onlar daha çox namaz, yardım və ibadətlə məşğul olduqlarından onların günaha meyllənmələrinə nə bir səbəb, nə də bir zaman qalmır. Burada mömin kəslərin yaxşı əməlləri onları günah etməyə sövq edən, vəvəsə verən şeytanlara zəncir kimi mane törədir. Günah edənlərin misalı şeytanı zəncirdən açan adama bənzəyir. Fərz edək ki, iti bağlamışıq ki, heç kimi tutmasın, amma biri onu zəncirdən açır ki, həmin şəxsi qapsın. Müxtəlif İslam alimləri qeyd olunan hədisi məhz bu şəkildə şərh edirlər. Yəni insan şeytanın təhriki ilə il boyu günahlar edir, bu ayda da bizi günahlara təhrik edən həmin varlıq zəncirə vurulur.

İnsan elə varlıqdır ki, günah əmələ də savab əmələ də özündə vərdiş formalaşdıra bilir. Ancaq Ramazan ayında öncəliklə öz nəfsani duyğularını cilovlamaqla həmin günah vərdişlərdən qurtula bilir.

İnsanın günah etməsinə öncə cahilliyi, daha sonra nəfsani arzuları səbəb olur.

Allah orucunuzu, dualarınızı və digər xeyirli əməllərinizi qəbul etsin, Ramazan ayınız mübarək!

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »