Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"...300 manat ödə, məhkəmə iddiasını geri çəkək" - Problemli Kreditlər Şöbəsi, yoxsa "şiddət" ilə problem "həll" edənlər?
"...300 manat ödə, məhkəmə iddiasını geri çəkək" - Problemli Kreditlər Şöbəsi, yoxsa "şiddət" ilə problem "həll" edənlər?

"...Zəng edib, dedilər ki, yeddi min manat civarında kredit borcum var, ancaq hal-hazırda üç yüz manat ödəsəm, bank məhkəmə iddiasını geri çəkəcək, borcumu aylıq qrafikə böləcəklər. Ancaq bunu şifahi olaraq telefon vasitəsilə dedilər. Zəng edən şəxs bankın Problemli Kreditlər Şöbəsindən idi. Heç bir yazılı sənəd təqdim etmədən eləcə dedi ki, "üç yüz manat ödəniş et, məhkəmə iddiasını geri çəkək".

Adının anonim qalmasını istəyən vətəndaş, Bizimyol.info xəbər portalına müraciət edərək, kredit borcu olduğu bankın müvafiq şöbəsinin ona zəng etdiyini və aralarında yuxarıda qeyd olunan dialoqun keçdiyini bildirir. Banka qeyd olunan məbləğdə borcu olan vətəndaş zəng vasitəsilə üç yüz manat tələb edən bu şəxsin kimliyini bilmir. Heç bir rəsmi sənəd təqdim edilmədən, eləcə "pulu ödə, məhkəməyə verməyək" anlamında hər hansı bir nömrədən zəng gəlib.

  • Belə hallarla üzləşən vətəndaşlar nə etməlidirlər?
  • Özünü Problemli Kreditlər Şöbəsinin əməkdaşı kimi tanıdıb, telefonda şifahi şəkildə vətəndaşdan pul tələb edən bu şəxslərə pul ödənilməlidirmi?
  • Banklara məxsus "problem həll edən" belə "şöbə"lərin vətəndaşdan bu şəkildə pul tələb etməyə ixtiyarı varmı?

Məsələ ilə əlaqədar iqtisadçı ekspert, hüquqşünas Əkrəm Həsənov, Bizimyol.info xəbər portalının suallarını cavablandırıb.

Əkrəm Həsənov Əkrəm Həsənov

"Fərz etsək ki, vətəndaşa zəng edən şəxs həqiqəti deyir... Yenə də bu, o demək deyil ki, "300 manat ödəsən, biz borcu siləcəyik". Mən belə başa düşürəm ki, vətəndaşı bu yolla aldatmağa çalışırlar. Onlar demək istəyirlər ki, "biz indilik səni məhkəməyə vermirik, ancaq indi 300 azn ödə, sonra da qalanını hissə-hissə ödə". Təbii ki, bu təkliflə razılaşmaq qəti olmaz. Ona görə ki, əgər vətəndaş artıq gecikməyə düşübsə, ona faizdən əlavə cərimə də hesablayıblar. Adətən müqavilələrdə göstərilir ki, belə olduğu halda - müştəri pul ödədiyi zaman ilk növbədə, cərimənin məbləği çıxılır. Həmin vətəndaş gedib 300 manatı ödəsə, hamısını cəriməyə çıxacaqlar. O da hələ bilinmir ki, sözlərinin üzərində durub, məhkəmə iddiasını geri çəkəcəklər, ya yox. Sözdür, sadəcə ortaya atıblar.

Ümumiyyətlə, bank olsun, sığorta şirkətləri olsun, vətəndaşa bu cür təkliflər yazılı şəkildə verilməlidir. Tutaq ki, ödədim, qarşılığında nə olacaq? Anlaşılmz vəziyyət odur ki, ətəndaş məhkəmədən niyə çəkinir? Bu məsələ ən pis halda illərlə davam edəcək. Axırda deyəcəklər ki, gəlsin, pulunu ödəsin. Yəni məhkəmə vətəndaşa nə edəcək? Bank vətəndaşa elə minnət qoyur, elə üslubla danışır ki...

O şərtlə barışıq etmək olar ki, həmin cərimələri silsinlər. Yəni vətəndaş ödəniş edəcəksə, bu ödəniş cəriməyə yox, əsas məbləğə çıxılır. Əgər bank rəsmi qaydada bununla razılaşırsa, o şərtlə danışıq aparmaq olar.

Bir daha qeyd edirəm, bütün bunlar yazılı, yəni rəsmi şəkildə aparılmalıdır. Əgər razı deyillərsə, onda onlara güvənmək olmaz. Şübhəsiz ki, razılaşmadan sonra "biz elə söz deməmişik" deyərək boyunlarından ata bilərlər" - deyə, hüquqşünas bildirib.

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »