Bakıdan 20 km uzaqlıqda Novxanı qəsəbəsində yerləşən unikal “Farhause” Neon ev muzeyi yerləşir. Muzey bir neçə il əvvəl neon sənətinin nümayəndəsi, nəqqaş-rəssam Fərid Ələkbərov tərəfindən yaradılıb. Unikal neon ev-muzeyi iki mərtəbədən ibarətdir. Evin fasadı və interyeri neon rənglərlə boyadılıb. Evin bütün otaqlarında neon mənzərəli rəsmlər var...
Neon ultrabənövşəyi lampanın işığı altında neon boyanın əks effektinə əsaslanan sənətdə yeni bir istiqamətdir. Bu texnikada iki növ neon boyadan istifadə edir. Neon boya normal işıqda görünməyən, qaranlıqda görünən boyadır.
Qeyd edək ki, muzeyə giriş üçün biletin qiyməti böyüklər üçün 8 manat, uşaqlar üçün 6 manatdır.
Neon sənətinin nümayəndəsi, nəqqaş-rəssam Fərid Ələkbərov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, üç yaşından rəsmlə məşğul olub. Fərid Ələkbərovun atası, məşhur azərbaycanlı heykəltaraş Kamal Ələkbərovdur.
Fərid Ələkbərov 15 ildir ki, neon rəngkarlıq sənəti ilə birbaşa məşğul olur.
"Bütün Qafqazda neon rənglərlə rəsm çəkən yeganə rəssam mənəm. Azərbaycanda mindən çox insana bu sənət növünü öyrətmişəm”, - deyə Fərid Ələkbərov bildirib.
Burada 200-dən çox neon işarələri, simvolik yazılar və maraqlı fotolar görmək mümkündür. Bu muzey, rəngin sehrinə heyran olan və rəsm sevənlərin görməli olduğu yerdir.
Qeyd edək ki, Varşavada və Moskvada da neon rəngkarlığı ilə hazırlanan muzeylər var.
Bizimyol.info xəbər portalı muzeydən ekskluziv videoreportajı təqdim edir:
İradə Cəlil, Bizimyol.info