“Nikosayağı” kimi tanınan bloger Nicat Şakirli haqqında cinayət işi üzrə məhkəmə prosesi yekunlaşmaq üzrədir. Dostunun ölümüylə nəticələnən yol qəzası törətməkdə ittiham edilən blogerin işi üzrə məhkəmə istintaqı başa çatıb.
Bizimyol.info xəbər verir ki, fevralın 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyev bu iş üzrə araşdırmaların başa çatdığını elan edib.
Bundan sonra çıxış edən prokuror blogerin Cinayət Məcəlləsinin 263-1.3 (yol hərəkəti qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan pozma - ölümə səbəb olduqda) maddəsilə təqsirli bilinməsini və 6 il azadlıqdan məhrum edilməsini istəyib.
Əlavə cəza olaraq, prokuror Nicat Şakirlinin 5 il də sürücülük hüququndan məhrum edilməsini istəyib.
Prokurordan sonra vəkil çıxış etməlidir. Lakin blogerin vəkili çıxışa hazırlaşmaq üçün vaxt istəyib.
İttihama əsasən, 15 avqust 2023-cü ildə gecə saatlarında baş vermiş hadisə zamanı Nicat Şakirli sərxoş olub. O, “Porsche” markalı avtomobili idarə edərkən sürət həddini aşıb. Nəticədə onun idarə etdiyi avtomobil yüksək sürətlə yük maşınına dəyib. Qəza zamanı Nicat Şakirlinin maşınında olan dostu Ruslan Məmmədov hadisə yerində həyatını itirib. Özü isə xəstəxanaya çatdırılıb. Xəstəxanada onun qolu amputasiya olunub.
Nicat Şakirli özünü təqsirli bilir. O, məhkəmədə bildirib ki, dostunun ölümünə görə özünü günahkar sayır. Lakin o, hadisə vaxtı sərxoş olması barədə ittihamda yazılanları qəbul eləmir.
Blogerin sözlərinə görə, hadisə baş verməmişdən öncə “Nərimanov”da domino oynayıblar. Sonra maşınla gəzmək qərarına gəliblər. O, əlavə edib ki, hadisədən 1-2 saat əvvələ qədər hər şeyi xatırlayır, lakin sonranı yox:
“İçkili olmamışam. Mən içmək istəsəydim belə, Ruslan qoymazdı. Mən bir gün əvvəl içmişdim. Mən qardaş kimi əziz olan bir adamı itirmişəm. O, ailəmizin bir üzvü idi”.
Nicat Şakirli hazırda həbsdə deyil.
Qəzada həyatını itirən 1996-cı il təvəllüdlü Ruslan Məmmədov Şimali Osetiya-Alaniya Respublikası Azərbaycanlıları Konqresinin fəxri prezidenti Şahin Məmmədovun oğludur.
Aytən, Bizimyol.info