"Ukrayna bu gün NATO-ya əvvəlkindən daha yaxındır. Rusiya diktatoru Vladimir Putin, məqsədlərindən biri Alyansın genişlənməsinin qarşısını almaq olan genişmiqyaslı işğalla bunun əksini əldə etdi".
Bizimyol.info xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq telemarafonda ukraynalılara müraciəti zamanı deyib.
Onun sözlərinə görə, Ukraynanın Alyansa daxil olması artıq “əgər” məsələsi deyil, zaman məsələsidir: “Putin bu müharibəyə ona görə başladı ki, o, NATO-nun qapılarını bağlamaq və Ukraynanın öz yolunu seçmək hüququnu əlindən almaq istəyirdi. Lakin o, tam əksini əldə etdi. Ukrayna indi NATO-ya əvvəlkindən daha yaxındır. Ukrayna NATO-ya daxil olacaq. Bu, "əgər" sualı deyil, "nə vaxt" sualıdır”, - deyə Stoltenberq bildirib.
Baş katib həmçinin NATO-nun “sizin və bizim təhlükəsizliyimizin” maraqları naminə Ukraynaya dəstəyini davam etdirəcəyinə söz verib.
NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, alyansa üzv olan bütün ölkələr Ukraynanın üzvlüyünü dəstəkləyir. O, 2023-cü ilin iyulunda NATO-nun sammitində Ukraynanın “Üzvlük Fəaliyyət Planı”nı həyata keçirməsi tələbinin ləğv edildiyini xatırladıb.
“Foreign Policy” yazır ki, Şərqi Avropa ölkələri və Britaniya bunda israr etsələr də, ABŞ və Almaniya Ukraynanın NATO-ya dəvət edilməsinin əsas əleyhdarlarıdır. Daha sonra Vaşinqton əmin etdi ki, yayılan məlumat həqiqətə uyğun deyil və prezident Co Baydenin administrasiyası Ukraynanın Şimali Atlantika Alyansına daxil olmasına qarşı deyil.
Qadir, Bizimyol.info