Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ATƏT-in müşahidə missiyasının rəhbəri: “Müşahidə missiyası seçki bitəndən sonra da burada olacaq” - Video
ATƏT-in müşahidə missiyasının rəhbəri: “Müşahidə missiyası seçki bitəndən sonra da burada olacaq” - Video

Azərbaycanda keçirilən prezident seçkisini ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun 250-dən çox qısamüddətli müşahidəçisi izləyir. Bundan başqa, qurumun 26 nəfər uzunmüddətli müşahidəçisi dekabrdan Bakıya gəlib.

Bizimyol.info xəbər verir ki, bunu ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyasının rəhbəri Ouen Mörfi jurnalistlərin suallarını cavablandırarkən deyib. Onun sözlərinə görə, müşahidəçilərə lazım olan şərait yaradılıb.

“Uzunmüddətli missiyamız dekabrdan ölkədədir. Əsas komandamız isə yanvarın əvvəlindən buradadır. Bizim müxtəlif tərəflərlə görüşlərimiz olub. Proseslərə birbaşa dəstək göstərmişik, baş verənləri müşahidə edirik. ATƏT-in nümayəndə heyəti və missiyanın üzvləri olaraq, hazırda müşahidəçilərimiz ölkənin müxtəlif ərazilərində seçkini izləyirlər.

Hesab edirəm ki, müşahidəçilərimiz üçün şərait yaradılıb. Onlar işlərini görüblər, görürlər və bundan sonra da görəcəklər. Missiya seçki bitəndən sonra da burada olacaq. Hansısa şikayətlər, apellyasiya prosesi olsa, o məsələlərlə bağlı da yekunda hesabat təqdim olunacaq”, - Ouen Mörfi bildirib. O, seçkinin başa çatmadığını və səsvermənin davam etdiyini əsas gətirərək, müşahidələri haqda məlumat vermək istəməyib.

“Seçki başa çatmayıb. Biz bu prosesin ortasındayıq. Hələlik heç bir söz demək mümkün deyil. Amma bizim əməkdaşlarımız müşahidələrini aparırlar. Onların yekun nəticələri olandan sonra nəsə demək olar. Sabah (fevralın 8-də) bizim mətbuat konfransımız olacaq. Mətbuat konfransında xüsusi koordinatorumuz nümayəndələrlə birlikdə həm mətbuata, həm də ictimaiyyətə məlumat verəcək. Söhbət təkcə səsvermə prosesindən getmir. Ondan əvvəl də, səsvermə başa çatandan sonra da proseslərin necə aparıldığını açıqlayacaq. Proses tamamlanana qədər mən əlavə nəsə məlumat vermək istəmirəm”.

Uzunmüddətli müşahidə missiyasının iki aydır Azərbaycanda olduğunu deyən Ouen Mörfi vurğulayıb ki, hökumətlə də yaxşı əməkdaşlıq şəraitində fəaliyyət göstərirlər. Müşahidəçilər onlara lazım olan bütün görüşlərdə iştirak edə biliblər:

“Maraqlı tərəflərlə görüşüblər. Prezident Administrasiyası, Mərkəzi Seçki Komissiyasının, namizədlərin nümayəndələri, vətəndaş cəmiyyətilə. Proses tamamlanmadığına görə bu gün baş verən və ya verə biləcək məsələlərlə bağlı əlavə nəsə demək istəmirəm”.

Ouen Mörfi İsveçrədən olan müşahidəçisi Nik Guggerin Azərbaycana buraxılmayaraq, hava limanından geri qaytarılmasıyla bağlı sualı da cavablandırıb. O bildirib ki, müvafiq dövlət orqanlarıyla bu məsələ ilə əlaqədar danışıb:

“Bizim qısamüddətli müşahidəçilərimizdən biri ölkəyə dəvət olunsa da, icazə verilmədi. Bununla bağlı dövlət qurumlarıyla mən danışmışam və sorğu göndərmişəm”.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun qısamüddətli müşahidəçilərindən biri olan isveçrəli Nik Gugger fevralın 3-də Azərbaycana gələrkən Bakı aeroportunda ölkəyə buraxılmayıb. Bununla bağlı rəsmi səbəb göstərilməsə də, qeyri-rəsmi məlumatlarda Nik Guggerin Qarabağ problemilə bağlı qərəzli mövqe nümayiş etdirdiyi, bu üzdən onun Azərbaycana buraxılmadığı bildirilir. Məlumata görə, adıçəkilən müşahidəçi bir müddət öncə Azərbaycan ordusunun “Dağlıq Qarabağ”ı zəbt etdiyini, “100 mindən çox xristian ermənini oradan qovduğunu” iddia edib.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »