Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Metro girişində üzü divara dayanıb fikrə gedən pişiyin çöldə avtomobilin islatdığı insandan xəbəri varmı...
Metro girişində üzü divara dayanıb fikrə gedən pişiyin çöldə avtomobilin islatdığı insandan xəbəri varmı...

Avtovağzal metrosunun girişində, eskalatorun yanında üzü divara dayanıb, fikrə gedən pişik gəlib-gedənlərə heç bir reaksiya vermir. Bəziləri onu nəvazişlə sığallasa da, o sanki bütün bunların hamısından bezib. Ən maraqlısı da, onun hərəkət olan istiqamətində yox, üzü divara sarı dayanmasıdır. Elə bil demək istəyir ki, "hamınızdan zəhləm gedir, üzünüzü görmək istəmirəm, məni də qəti sığallamayın".

Metro girişlərində, keçidlərdə heç vaxt hansısa itin girib, belə dayandığının şahidi olmamışam. İtlər çox vaxt getdikləri yerlərdən elə "iti qovan kimi" qovulurlar. İnsanlar pişiklərə göstərdiyi nəvazişin beşdə birini itlərə göstərmir. Bu, təkcə mənim müşahidəm yox, həm də statistikadır. Ona görə də, məsələn, hansısa itə nəsə verəndə, ya sığal çəkəndə, o saat quyruğunu bulayır, dilini çıxarıb, gözlərini bərəldərək, sevimli reaksiya verir, insanla münasibət qurmağa can atır. Pişiklərdə isə vəziyyət tamam başqadır. Nəvazişin dozası bir balaca artıq olan kimi, işə iti pənçələr keçir, ardınca kəskin dişlər və əlin al qan içində qalır. Bu da artıq sevginin fəsadı...

İndi üzünü divara çevirib, insanlara reaksiya verməyən, quru, isti, təhlükəsiz yerdə gözlərini yumub xumarlanan pişiyin çöldə kanalizasiya xətləri işləmədiyinə görə gölə çevrilən yollardan, o yolları minbir zülmlə keçməyə çalışan insanlardan və itlərdən xəbəri yoxdur.

Piyada keçidində dayanıb, onlara yol verməsini gözləyən insanların üzərini "X5"-i ilə yuyub, bir neçə metr qabaqdakı küçə itini təkərlərinə dolayan, buna rəğmən, hələ də sürətini azaltmadan davam edən sürücüdən xəbəri yoxdur. Hərdən düşünürəm ki, bəlkə də indi o "X5"-in sahibi maşınını beş metr qırağa çəkib, şüşəni endirib, bir "üzrlü say" desəydi, yol kənarında heç it yerinə də qoymadığı o insanlardan artıqlaması ilə xeyir-dua, razılıq alardı. Çünki insanlar da beş metr qabaqda avtomobilin təkərlərinə dolanan o canlı kimi xoş bir sözə, gözəl rəftara acdılar.

İndi metro keçidində üzü divara dayanıb, insanları heç... "insan" yerinə də qoymayan bu pişiklə, az öncə piyadaları avtomobili ilə isladıb, bir az qabaqda da yolu keçən iti təkərlərinə dolayan həmin "zatı-pak"ın müqayisəsini aparıram.

Deməli, yerin altındakı sevgi-nəvazişdən doyub, yerin üstündəki ata-ana qədri bilməkdən. Sükan arxasından insanların nə vəziyyətə düşdüyünü görəndə dişlərini ağardır, içindəki səs ona məlum komediya səhnəsini xatırladıb, maşını saxlamasına mane olur: "Zalım oğlu, indiyə ana qalar?!"

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »