Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yoxsulluq səviyyəsi yüksək olan cəmiyyətdə mənzərə: Ərzağa daha çox, dərmana daha az pul xərclənir
Yoxsulluq səviyyəsi yüksək olan cəmiyyətdə mənzərə: Ərzağa daha çox, dərmana daha az pul xərclənir

Hökumətin təqdim etdiyi inflyasiya göstəriciləri həmişə şübhə doğurur. Çünki rəqəmlər gerçək mənzərəni əks etdirmir. Hökumətin deməyindən belə çıxır ki, illik inflyasiya səviyyəsi heç vaxt iki rəqəmlə ifadə oluna bilməz. Amma qiymətlərin azı 20 faiz artdığı göz qabağındadır. Bir növ həqiqət etiraf olunmur, gizlədilir. Sosial-iqtisadi portret heç xoş görünmür.

Bizimyol.info xəbər verir ki, 2023-cü ildə Azərbaycanda toplam pərakəndə ticarət dövriyyəsi 59 milyard manat olub. Əvvəlki illə müqayisədə 13 faiz artım diqqət çəkir. Yəni əhali daha çox pul xərcləmək məcburiyyətində qalıb. Ümumiyyətlə, son iki ildə Azərbaycanda insanlar ərzağa görə 50 faiz artıq ödəməli olub.

Əhalinin ərzağa daha çox pul xərcləməyə ehtiyac duyduğu xüsusi nəzərə çarpır. Bunu da səbəbi bəllidir. Adətən, yoxsulluğun səviyyəsinin yüksək olduğu cəmiyyətlərdə belə mənzərə yaranır. Əhali çarəsizlikdən dərman xərclərini azaldıb. Çünki real gəlirlər azaldığından, yalnız ərzaq barədə düşünmək lazım gəlir.

Elə Dövlət Statistika Komitəsinin özünün araşdırması göstərir ki, gəlir səviyyəsi daha aşağı olan ailələrin ərzağa xərclədiyi vəsait və həmin əhali qrupunun hiss etdiyi inflyasiya səviyyəsi ölkə ortalamasından aşkar yüksəkdir. Ümumiyyətlə, komitənin hesabatları ildən-ilə pisləşməni ortaya qoyur. 2023-cü ildə pərakəndə ticarətdə əhalinin bir nəfəri orta hesabla ayda 484 manat xərcləyib. Aylıq adambaşına düşən ərzaq məhsulları alışı isə 271 manat olub.

Ərzaq xərclərinin payının ümumi xərc balansında əhəmiyyətli yer tutması əhalinin yoxsulluğunu göstərir. Bunu heç mübahisələndirməyə də dəyməz. Normal ölkələrdə insanlar aylıq gəlirinin heç 10 faizini ərzağa xərcləmir. Bizdə göstərici 50 faizi keçir. Vəziyyət çox acınacaqlıdır. Hökumət pafoslu çıxışları daha çox xoşlayır. Amma əhalinin durumu hər il bir az da ağırlaşır. 2024-cü illə bağlı gəlir artımı nəzərdə tutulmayıb. Deməli, gələn ilin statistikasında daha eybəcər mənzərə görəcəyik.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »