Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bölgələrdən Bakıya axının önünü almaq üçün dövlət-özəl tərəfdaşlığı ilə inkişafyönümlü işlər görülməlidir"
"Bölgələrdən Bakıya axının önünü almaq üçün dövlət-özəl tərəfdaşlığı ilə inkişafyönümlü işlər görülməlidir"

"Bir gerçək var ki, ölkəmizin əsas təbii resursu neftdir, hansı ki, o da əsasən Bakı şəhərində hasil olunur. Ölkə iqtisadiyyatının aparıcı qüvvəsi Bakı şəhəridir və bu səbəbdən də, paytaxta güclü axın var. Bu tendensiyanın bir an öncə önünə keçilməlidir deyə düşünürəm. Bölgələr arasındakı sosial-iqtisadi struktur, işçi qüvvəsi, təhsil səviyyəsi, infrastruktur, iqlim və s. fərqlər nəzərə alınmaqla fərqli istiqamətdə dövlət-özəl sektor əməkdaşlıqları qurula bilər".

Bu barədə Bizimyol.info xəbər portalına iqtisadçı-alim, beynəlxalq hüquq üzrə mütəxəssis Vüsalə Əhmədova danışıb. İqtisadçı qeyd edib ki, öncəliklə, əkinçilik üçün əlverişli ərazilərimizdə kənd təsərrüfatı sektoru inkişaf etdirilməlidir. Kənd təsərrüfatı istər bütövlükdə ölkənin, istərsə də bölgələrin inkişafında iqtisadiyyatın lokomotivi rolunu oynayır. Və ya hər-hansı bir emal müəssisəsi yaradılacaqsa, mütləq şəkildə bölgələrdə qurulmalıdır.

iqtisadçı-alim, beynəlxalq hüquq üzrə mütəxəssis Vüsalə Əhmədova iqtisadçı-alim, beynəlxalq hüquq üzrə mütəxəssis Vüsalə Əhmədova

“Ölkəmizdə hələ Sovet İttifaqı dövründən kurort müalicəsi aparan sanatoriyalardan 45-i hazırda da fəaliyyətini davam etdirir, hansı ki, onların 27-i Bakı şəhərində yerləşir. Nə gərək var onların böyük əksəriyyətinin Bakı şəhərində yerləşməsinə? Bu gün fəaliyyətini davam etdirən dövlət mülkiyyətindəki sanatoriya komplekslərinin başlıca problemi bu müəssisələrin əksəriyyətində əsas vəsaitlərin aşınmış olmasıdır, bu da göstərilən xidmətlərin səviyyəsinə öz təsirini göstərir və müasir tendensiyalarla uyğunlaşmır”-deyən alimin fikrincə, müalicəvi-turizm sahəsinin investisiya cəlbediciliyi üçün bütün imkanlar yaradılmalıdır. Əsas fondların inşası, təmiri və ya bahalı tibbi avadanlıqların alınması kimi xərclər dövlət-özəl sektor əməkdaşlığı ilə qurula bilər. İnfrastruktur xərclərini kompensasiya etmək və sanatoriya-kurort tipli müəssisələrin güzəştli şərtlərlə icarəsi işgüzar şəxsləri bu sektora cəlb etmənin bir digər yoludur. Regionların sosial-iqtisadi inkişafı çərçivəsində yeni kurort və sanatoriya tipli müəssisələrin yaradılması da tələb olunur.

“Ümumiyyətlə yaradılacaq hər bir sanatoriya-kurort tipli müəssisə ilk öncə təbii-müalicəvi potensiala malik olmalıdır. Bu tip müəssisələri digər turistik məkanlardan fərqləndirən ən önəmli xüsusiyyət məhz budur. Sanatoriya-kurort fəaliyyətinin təşkilində digər önəmli faktor isə, müəssisənin profilinə müvafiq müalicəvi-profilaktik xidmətlərin göstərilməsində yüksək peşəkarlığa malik personalın hazırlanmasıdır. Dünyadaki ən populyar müalicəvi-kurort komplekslərindən bir neçəsinin adlarını çəkmək istərdim, məsələn: Leukerbad (İsveçrə), Karlovy Vary (Çexiya), Loipersdorf (Avstriya), Bad-Kissingen (Almaniya), Pamukkale (Türkiyə), Kislovodsk (Rusiya), Borjomi (Gürcüstan), Glenwood Springs (ABŞ) və s. Qeyd etdiyim komplekslərin çoxu termal kurortlardır”-deyən Vüsalə Əhmədova hesab edir ki, ölkəmizdə də termal və spa xidmətləri təklif oluna biləcək bu tip komplekslər Kəlbəcər, Qax, Masallı, Qəbələ kimi bölgələrimizdə yaradıla bilər.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »