Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Beynəlxalq araşdırma: "Bakıda şagirdlərin 40 faizə qədəri həftədə azı 1 dəfə pis qidalanır"
Beynəlxalq araşdırma: "Bakıda şagirdlərin 40 faizə qədəri həftədə azı 1 dəfə pis qidalanır"

PISA-nın (Beynəlxalq Şagird Qiymətləndirilməsi Proqramı) araşdırma-sorğusunun nəticələri nikbinliyə heç əsas vermir. Layihə əməkdaşları Bakının 178 məktəbinin 7912 şagirdi ilə söhbətləşiblər. Nəticələr ürəkaçan olmayıb.

Bizimyol.info xəbər verir ki, PISA həm Azərbaycan, həm də rus bölməsinin şagirdlərinin fikrini soruşub. Fikri öyrənilənlərin 53 faizi oğlan olub. Sorğuda iştirak edənlərin əksəri yuxarı sinifləri təmsil edib. Beynəlxalq Şagird Qiymətləndirilməsi Proqramı məktəblilərin akademik göstəricilərini ölçməklə yanaşı, sosial, iqtisadi, mədəni və təhlükəsizliklə bağlı amillərin onların təhsilinə nə dərəcədə təsir göstərməsini də araşdırır. Təkcə Çində və Azərbaycanda yalnız bir şəhərdən olan məktəblilərin fikri soruşulub. Ümumilikdə, araşdırmada 81 ölkədən təmsilçi iştirak edib.

Hər şeydən əvvəl diqqəti məktəblilərin pis qidalanması çəkir. Sorğuda iştirak edən azərbaycanlı şagirdlərin 40 faizə qədəri həftədə azı bir dəfə doyunca yemədiyini dilə gətirib. Yalnız Yamaykada, Filippində və Kambocada daha pis göstərici qeydə alınıb.

Ümumiyyətlə, azərbaycanlı məktəblilərin 22 faizi həyatından razı olmadığını etiraf edib. 2018-ci ildəki qiymətləndirmə ilə müqayisədə vəziyyətin pisləşdiyini görmək olur. Onda şagirdlərin 19 faizi xoşbəxt olmadığını demişdi.

Müsbət göstərici odur ki, azərbaycanlı şagirdlərin əksəri özünə məktəbdə asanlıqla dost tapa bilir. Amma onların 20 faizi təhsil müəssisəsində özünü təhlükəsizlikdə hiss etmir. Şagirdlərin 23 faizi yolda təhlükə ilə qarşılaşmaq ehtimalı olduğunu deyib. Bu istiqamətdə digər ölkələrdən çox geri qalmışıq.

Sorğu azərbaycanlı şagirdlərin çox dərs buraxdığını da ortaya qoyub. Məktəblilərin 62 faizi son iki həftədə azı bir dəfə dərsə getməyib. Bu göstərici üzrə səkkizinci olmuşuq.

PISA-nın əvvəlki hesabatları da yaxşı nəticələrdən xəbər verməmişdi. Ölkə təhsilindəki problemlər göz qabağındadır. Hələ bu, paytaxt şagirdlərinin dedikləridir. Əminik ki, bölgələrdə vəziyyət daha acınacaqlıdır. Təsəvvür edin, paytaxtda şagirdlərin nəzərəçarpan hissəsi lazımınca qidala bilmir. Sosial qayğılar özünü bu dərəcədə qabarıq göstərməməliydi.

Başqa beynəlxalq hesabatlarda şagirdlərin səviyyəsinin aşağı olmasına xüsusi eyham var. Belə araşdırmalar bir daha ölkə təhsilində ciddi islahatlara ehtiyac olduğunu göstərir.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »