Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dövlət büdcəsi üçün yetərincə böyük yük olan Bakının Baş Planı... Göstərilən məbləğ və gələcəyi müəmmalıdır
Dövlət büdcəsi üçün yetərincə böyük yük olan Bakının Baş Planı... Göstərilən məbləğ və gələcəyi müəmmalıdır

Paytaxtın Baş Planında nəzərdə tutulan işlərin həyata keçməsi şəhər mühitinə daha çox müsbət şeylər gətirə bilər. Hər halda metro stansiyalarının sayının artırılması, tramvay yollarının salınması, şəhər infrastrukturunun gərginliyinin azaldılması pis olmazdı. Yaxşı şeylərdən danışılır, nə dərəcədə həyata keçirilə biləcəyi müəmmalıdır. Ümumiyyətlə, Bakının Baş Planının gələcəyi müəmmalı görünür. Az vəsait tələb olunmur. Həm də mütəxəssislər planlaşdırılmış işlərin yerinə yetirilməsi üçün daha böyük pullara ehtiyac olduğunu düşünürlər.

Bizimyol.info xəbər verir ki, rəsmi mənbələr Bakının Baş Planının smeta dəyərinin 93,5 milyard manatdan çox vəsaitə hesablandığını bildirirlər. Pulun 60 milyard manatdan çoxu dövlətin üzərinə düşür. Az qala ilə 4 milyard manatdan söhbət gedir. Dövlət büdcəsi üçün yetərincə böyük yükdür. Nəzərə almaq lazımdır ki, Qarabağda da quruculuq işləri aparılır.

Mütəxəssislər müxtəlif fikirlər səsləndirirlər. İki fikir daha çox eşidilir. Birincisi, vəsait 100 milyard manatı xeyli aşa bilər. İkincisi, dövlətin ildə 4 milyard manat xərcləməyə hazır olması inandırıcı görünmür.

Ölkə iqtisadiyyatı yaxşı günlərini yaşamır. Bunu dilə gətirmək üçün mütəxəssis olmağa ehtiyac yoxdur. Hökumət özü etiraf edir ki, neft hasilatı azalıb. Ölkəyə böyük pulların gəlməsi daha təsəlliverici amil ola bilməz. Bundan sonra aza ümid etmək lazımdır.

İqtisadi böyümənin azalması göz qabağındadır. Hökumət israrla inflyasiyanın gerçək dərəcəsini gizlətməyə çalışır. Sirr deyil ki, inflyasiya iki rəqəmlə ifadə olunur. Bütün bunların fonunda Bakının Baş Planı kimi böyük layihənini öhdəsindən gəlmək mümkünsüz görünür.

Bu haqda bir dəfə yazmışdıq. Baş Plan növbəti nağıla oxşayır. Hələ bir neçə il əvvəl Bakı Dövlət Layihə İnstitutu Baş Plan hazırlamışdı. O vaxt azı üç dəfə böyük məbləğdən danışılmışdı. Az qala 300 milyard manata ehtiyac duyulduğu deyilirdi. Sonra məsələ havada qaldı.

Ən böyük boşluq bilirsiniz nədir? Maliyyə mənbəyi göstərilmir. Bilmək olmur ki, hökumət hansı pullara güvənir. Buna görə də Baş Plana böyük ümidlər bəsləməyə dəyməz.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »