Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Allah sizə rəhmət eləsin, dirilər!"... Qəfil vəfat edənlərin ailələri ölüm haqqında sənəd almaq üçün süründürülür
"Allah sizə rəhmət eləsin, dirilər!"... Qəfil vəfat edənlərin ailələri ölüm haqqında sənəd almaq üçün süründürülür

Vəfat edənin ailə üzvləri bir sıra hallarda ölüm haqqında şəhadətnamə almaqda ciddi problemlərlə, bürokratik əngəllərlə üzləşirlər. Çox vaxt əsassız olaraq imtina cavabı alırlar. Nəticədə məhkəməyə üz tutmalı olurlar. İndi məhkəmələrdə çoxlu sayda belə şikayətlərə baxılır.

Bizimyol.info xəbər verir ki, xüsusən ani ölümlər zamanı vəfat edən şəxslərin yaxınları daha çox problemlə üzləşirlər. Baxmayaraq ki, hadisə yerinə təcili tibbi yardım, hüquq-mühafizə orqanlarının əməkdaşları çağırılır, lazım olan sənədlər alınır, yenə mərhumun yaxınları süründürməçiliyə məruz qalır.

Poliklinikalar ölüm haqqında şəhadətnamə üçün lazım olan arayışı verməkdən imtina edirlər. Müxtəlif bəhanələr səsləndirilir. Əsasən mərhumun vaxtında müayinələrdə olmamasını arqument kimi dilə gətirirlər. İş uzanır, yaxınını itirmiş şəxslər məhkəməyə üz tutmaq məcburiyyətində qalır.

Zirə qəsəbə sakini Əhəd Rzayevin qəfil ölümü də eyni situasiya yaradıb. Onun yaxınları ölüm haqqında şəhadətnamə üçün lazım olan arayışı heç cür ala bilmirlər. Halbuki hadisə yerinə həm təcili tibbi yardım, həm də polis əməkdaşları çağırılmışdı. Onlar vəziyyətin şahidi olublar. Bunu təsdiqləyən sənədlər də var. Amma 18 saylı poliklinika uyğun arayışı verməkdən boyun qaçırır.

Əsas arqumentlərdən biri kimi o göstərilir ki, təcili tibbi yardımın verdiyi sənəddə ölümün səbəbi göstərilməyib. Lakin elə hallar da olur ki, ölümün səbəbi göstərilsə belə, poliklinika mərhumun sağlığında heç vaxt onlara müraciət etmədiyini əsas gətirərək, imtina cavabı verir.

Vəkillər də bu məsələ ilə bağlı vətəndaşlara süni problem yaradıldığını təsdiqləyir.

“Mənim də bu yaxında analoji bir işim oldu. Kliniki Tibbi Mərkəzdən bu arayışı - ölüm haqqında tibbi şəhadətnaməni 6 ay döyüşdükdən sonra aldım”, - vəkil Elmar Süleymanov bildirib.

Onsuz da yaxınını itirənlər dərin kədər içində olur. Onlara belə başağrısı yaratmaq heç insafdan deyil. Proses mümkün qədər sadələşdirilməlidir. Ölüm haqqında şəhadətnamə almaq belə mürəkkəb işə çevrilməməlidir. Vətəndaş hər xırda işə görə məhkəməyə üz tutmaq məcburiyyətində qalmamalıdır.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Hüquq departamentinin aparıcı məsləhətçisi Gülnar Hacıyeva deyir ki, ölüm haqqında tibbi şəhadətnamələrin verilməsi qaydaları Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli qərarıyla təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası” ilə tənzimlənir.

Ölümün baş vermə səbəbi məlum olanda şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi həmin sənədi verir. Lakin aşağıdakı hallarda tibbi şəhadətnaməni patoloji-anatomik və ya məhkəmə-tibbi müayinə aparan tibb müəssisəsi verir:

  • hamiləlik və doğuşla əlaqədar baş vermiş ana ölümləri zamanı;
  • infeksion xəstəliklər və ya onlara şübhə olduğu hallarda;
  • tibbi müayinə və müdaxilə zamanı baş verən və səbəbləri araşdırılmalı olan ölüm hallarında;
  • zorakı ölümə şübhə olduğu hallarda;
  • ölümün baş vermə səbəbi məlum olmayan digər hallarda;
  • ölənin qohumları tərəfindən müayinə və müalicəsi ilə bağlı şikayət olduğu hallarda.

“Bu hallarda şəhadətnamənin verilməsi üçün patoloji-anatomik yarmanın aparılması məcburi hesab edilir. Lakin vəfat edən şəxsin ailə üzvlərinin və ya yaxınlarının patoloji-anatomik yarmanın aparılmasına etiraz etmələri, habelə patoloji-anatomik yarma aparılmadan vəfat edən şəxsin dəfn edilməsi ölümün baş vermə səbəblərinin müəyyən edilməsini çətinləşdirir və əksər hallarda şəhadətnamənin verilməsini qeyri-mümkün edir”, - Gülnar Hacıyevanın sözləridir.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »