Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bunu böyük bir kontrabanda, çirkli mafia adlandırmaq olar" - Dietoloji qara bazarın görünməyən üzü...
"Bunu böyük bir kontrabanda, çirkli mafia adlandırmaq olar" - Dietoloji qara bazarın görünməyən üzü...

Öz çəkisindən narazı olanlar və ya ictimaiyyət arasında xarici görünüşünə, xüsusilə də çəki probleminə görə kompleks yaşayanlar öz psixoloji və fiziki rahatlıqlarını onları arıqladacaq və ya kökəldəcək qida əlavələri və dərman vasitələrində axtarmağa çalışırlar. Məsələn, son zamanlar "Samyun Wan" adlı kökəldici dərman vasitəsinin apteklərdə beş ilə yaxındır satıldığı və insan sağlamlığı üçün zərərli olduğu aşkarlanıb. Ancaq bəzi ekspertlər bu vasitələrin dərman yox, qida əlavəsi olduğunu qeyd edirlər. Yəni çəki problemləri ilə bağlı vasitələrin əsasən qida əlavəsi kateqoriyasına daxil edilməsi, onların ölkəyə rahat şəkildə gətirilməsinə və satışına heç bir tibbi məhdudiyyət yaratmır. Məhsulların tibbi kateqoriyaya məxsus olması və ya o şəkildə qeyd olunması şirkətlərə müəyyən problemlər yaratdığından, bəzən bu məhsullar insanlara sadəcə "qida əlavəsi" kimi tanıdılır, daha "məsum" şəkildə xarakterizə edilir.

Dietoloq-terapevt Ləman Süleymanova qida əlavələri və arıqladıcı-kökəldici dərman vasitələri, onların yan təsirləri və tərkibi haqda Bizimyol.info xəbər portalına müsahibə verib, insanları həm bu növ preparatlara, həm də onların satışı ilə məşğul olan şəxslərə qarşı ayıq olmağa çağırıb.

"İllərin həkimi olaraq, həm televiziya kanallarına, saytlara verdiyimiz müsahibələrimizdə dəfələrlə qeyd edirik: arıqladıcı və ya kökəldici dərmanlar və bunların tərkibindəki instruksiyada qeyd olunmayan çox təhlükəli maddələr var. Xüsusilə, insan orqanizmini özündən asılı edən narkotik maddələr var. İnsan orqanizminə təsir edən çox təhlükəli maddələr var, bunu dəfələrlə bildirmişəm. Öncəliklə bu problemin kökünün nədən qaynaqlandığını izah etmək istərdim. Çox təəssüflər olsun ki, sosial şəbəkələrdə dietoloji qarabazar yaradılıb. Həkimlik diplomu, sertifikatı olmayan, elementar tibbi biliyə yiyələnməyən insanlar sosial şəbəkələrdə "həkimlik" edirlər. Bəzən marafonlar təşkil olunur və müxtəlif insanlar bu marafonlarda iştirak edirlər. Proqramın ilk həftəsində onları dərmanlarla tanış edirlər. Virtual aləmdə bu şəxslər özlərinə xüsusi imic yaradıblar. Bunu böyük bir kontrabanda, çirkli mafia da adlandırmaq olar. Bəzilərində psixoloji çatışmazlıqlar olur. Burada dələduzluq faktları da baş verir. Məsələn; dietoloq, həkim, kosmetoloq filankəs və s. kimi başlıqlarla özlərinə səhifələr açırlar. Səhiyyə Nazirliyindən heç bir rəsmi icazə sənədi olmayan insanlar xəstə qəbul edirlər. Başqa bir misal, Gənclik metrostansiyası yaxınlığında ofislər açıb, insanları ora cəlb edirlər, arıqladıcı kokteyl satışı ilə məşğul olurlar. Əsasən də bioloji aktiv maddələr adı altında mənşəyi məlum olmayan çox zəhərli maddələr olan preparatlar satışa çıxarılır. Bu preparatların bir çoxunun sənədi isə yoxdur, internet üzərindən satışa çıxarılır. Nə Səhiyyə Nazirliyinin İnnovasiya İdarəsinin, nə də Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sertifikatı ilə təmin olunublar. Bu məhsullar xüsusilə sosial şəbəkələr üzərindən və marafonlar vasitəsilə tibbi bilikləri yetərli olmayan şəxslərə satılır. Biz illərin həkimi olaraq, insanlara xüsusi həssaslıqla yanaşır, onlarla psixoloji söhbətlər edir, gərəkdiyi zaman qan testi alırıq, işimizə peşəkar yanaşırıq. Buna baxmayaraq, insanların heç bir məlumatı olmadan bu cür yalançı şəxslərə etibar etmələri, sadəcə təəssüf doğurur. Biz insanlara individual yanaşırıq. Onlara diaqnoz qoyarkən, yaşadıqları ölkə, işlədikləri mühit, ailə vəziyyəti və bu kimi digər amilləri mütləq nəzərə alırıq. Marafonlarda isə hər kəsə eyni proqramı tətbiq edilir. Məsələn, bizə müraciət edənlər arasında insanlar var ki, onlar bu yalançı dieotoloqlar tərəfindən bir neçə gün ac saxlanıldıqdan sonra onlara həmin preparatlar satılıb. O xanımda mədə-bağırsaq problemi əmələ gəlib, qanaxmalar olub və xəstəxanaya yerləşdirilmişdi. Xülasə, belə yalançı həkimlərin fəaliyyəti araşdırılmalı və sosial şəbəkələrdə fəaliyyətlərinə qadağa qoyulmalıdır.

Həmçinin, arıqladıcı dərmanların tərkibində də qruplu maddələr var. Narkotik tərkibli müəyyən maddələr var ki, insanları özündən asılı hala salır, beyni hipnozlaşdırır. Halbuki, instruksiyasına bioloji, aktiv və təbii bitkimənşəli maddələr yazılmasına baxmayaraq, əsasən orda asılılıq halı yaradan maddələr olur. İkinci bir məsələ, bədənin su təchizatına çox ciddi zərər verən maddələr olur ki, ümumiyyətlə suyu bədəndən kənarlaşdırır. Bədəndə suyun azalması, o insanı arıq göstərsə də, bədəndə sonradan dəri qırışmaları, çatlar əmələ gəlir. Üçüncü bir məsələ, qaraciyərə, mədəaltı vəzə təsir edən çoxqruplu maddələr vardır ki, bu, insanda çox ciddi problemlər əmələ gətirir.

Qeyd olunan kökəldici dərmanın tərkibində təəssüflər olsun ki, hormonal tipli maddə aşkarlanıb. Bu, artıq heç kəsə sirr deyil. Bunu illərdir qeyd edirəm. Dərmanın instruksiyasında bildirilib ki, bitki mənşəli maddələrdir və laborator araşdırmalarda kənar tipli maddə aşkarlanıb. Bu bitki mənşəli maddələrlə hormonal maddələrin reaksiyasından çox təhlükəli yeni maddələr əmələ gəlir. Belə bir maddə qarışığından hazırlanan preparatı qəbul etmək, orqanizmə çox ciddi fəsad yarada bilir. Qaraciyərə dağıdıcı zərbə vurur, mədəaltı vəzi sıradan çıxara bilir. Epilepsiya xəstələri belə preparatları qəbul edərsə, ölümlə bitə bilər. Arterial təzyiqi yuxarı və aşağı olan, miqren ağrılarından əziyyət çəkən insanlar üçün bu dərmanların qəbulu həyati təhlükə daşıyır. Eyni zamanda ciddi allergiya problemi olan insanlarda da müxtəlif fəsadlar yarada bilər.

Apteklərdə belə dərmanların satışına gəldikdə isə bəzi aktiv qrup kontrabandlar sertifikat əldə edib, bu məhsulları rahat sata bilirlər. Bəzi preparatlar internet vasitəsilə satışa çıxarılır. Mən deyərdim ki, qorxulu və qadağan olunmuş dərmanların çoxu bu yollarla satışa çıxarılır, əsasən də marafon vasitəsilə. İnsanlara 5-10 manatlıq ucuz marafonlar təşkil edirlər, uzun zaman çəki yığıb, daha sonra da çəkisindən tez azad olmaq istəyən, dünya görüşü az olan insanlar bura cəlb olunurlar".

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, ölkəmizdə qida əlavələrinə nəzarət son bir ildə gücləndirilib. Vətəndaşlarımız bu sahədə daha çox akademik tibbə üstünlük versinlər.

Eyyub Hüseynov Eyyub Hüseynov

"İllər boyu qida əlavələri məsələsi heç kəs tərəfindən nəzarətdə olmayıb. Azad İstehlakçılar Birliyinə bu barədə çoxsaylı şikayətlər gəlib. Bir sıra qida əlavəsi satan bəzi tanınmış şirkətlər əhali arasında "piramida" quraraq, məhsullarını satırlar. Bu məhsullar şübhəsiz ki, istifadəçilərin sağlamlıqlarında öz mənfi izlərini qoyub. Bir ilə yaxındır ki, bu ilin yanvar ayından Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi bu işləri nəzarətə götürüb. Qida əlavələri adı altında satılan bu məhsullar arasında yerli istehsala məxsus olanları da mövcuddur. Onu da qeyd edək ki, həm yerli, həm də xarici məhsullar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin reyestrinə daxil olmalıdır. AQTA onların bütün fəaliyyətini təqib etməlidir və icazəsi olmalıdır. Ancaq illər boyu bu məsələ ölkədə nəzarətsiz qalıb.

Nabrandan olan yaşlı bir xanım hormonal preparatlar qarışdırılmış qida əlavəsi ilə insanları müalicə etmək istəyib, ancaq biz onu ifşa edə bildik, vaxtilə hüquq-mühafizə orqanları da bu işə qoşulmuşdu. Bu işlərdə əlbəttə ki, medianın da müstəsna köməyi oldu. Hazırda Azərbaycanda bu məhsulları satmağa davam edən şirkətlər var.

Üzümü oxuculara tutub demək istəyirəm ki, akademik tibbə inanın. Xalq təbabətində nə varsa, akademik tibb hamısını özündə ehtiva edir. Təbii ki, xalq təbabəti akademik tibbdən əvvəlki dövrdəndir. Lakin akademik tibb daha sonra bu sahəni öyrənərək, onu müalicə səviyyəsinədək çatdıra bilib. Arı, eşşək südü, qurbağa ilə müalicələr aparan insanlar indi cavab versinlər, görək, akademik tibbdə nə çatışmır ki, oradan nəyisə götürüb mənimsəmirlər?! Bu sahəyə vəsaitlər ayrılıb, xüsusi peşəkar alimlər bu sahə ilə məşğul olurlar. Ona görə də insanlara çağırışım odur ki, yalnız akademik tibb sahəsinə inansınlar. Akademik tibb yer üzündə qızılcanın, vəbanın və s. çoxsaylı xəstəliklərin kökünü kəsib. Bəs "xalq təbabəti" nə edib? Demək olar ki, heç nə. Ancaq insanları aldatmaqla məşğul olub. Bu, dünyanın bütün ölkələrində var.

İnsan sağlamlığı çox fərdi bir məsələdir. Onlar məcbur olurlar ki, bəzən bu cür qida əlavələrinə üz tutsunlar.

Təəssüflər olsun ki, dövlətin biznes qurumları üçün yaratdığı toxunulmazlıq şəraitindən bir çoxları sui-istifadə edir. Şübhəsiz ki, istehlakçı siyasəti ölkəmizdə bərbad gündədir. Ona görə də hökumət üzünü istehlakçılara çevirməli, mükəmməl istehlakçı siyasəti olmalıdır ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin ifşa etdiyi qida əlavələri adı altında zərərli məhsullar Azərbaycana daxil olmasın.

Yeri gəlmişkən, onu da qeyd edim ki, bəzən bu qida əlavələri çay paketləri şəklində də insanlara satılır. Bu məhsullardan istifadə edib, müxtəlif xəstəliklərə düçar olan yetəri qədər insanlar var. Vətəndaşlarımızı belə vasitələrdən uzaq durmağa çağırırıq"- deyə, Eyyub Hüseynov qeyd edib.

Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, ölkəmizə qanunsuz yollarla gətirilən “Samyun Wan” preparatı bioloji aktiv qida məhsulu deyil və AQTA bu cür halların qarşısının alınması istiqamətində müvafiq tədbirlər həyata keçirir: "Bioloji aktiv qida məhsullarının satışı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən verilmiş müvafiq müşayiətedici sənədlərlə həyata keçirilir. Ona görə də, vətəndaşlardan xahiş olunur ki, satıcıdan bu məhsulları alarkən qida təhlükəsizliyi sertifikatını tələb etsinlər. Eyni zamanda hər hansı uyğunsuzluq müşahidə olunduqda bununla bağlı AQTA-nın “1003-Çağrı Mərkəzi”nə məlumat versinlər".

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »