Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Sənaye Təhlükəsizliyi Zirvəsi” uğurla başa çatdı!
“Sənaye Təhlükəsizliyi Zirvəsi” uğurla başa çatdı!

Uzun müddətdir hazırlıqları davam edən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Sənaye Təhlükəsizliyi Zirvəsi” 30 noyabr 2023-cü il tarixində “Gülüstan” sarayında baş tutub. Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası (ASTA) və Fövqəladə Hallar Nazirliyinin Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunun birgə təşkil etdiyi, BP Azərbaycan şirkətinin baş sponsorluğu, Socar Downstream Management MMC-nin və Bureau Veritas şirkətlərinin platinum sponsorluğu ilə keçirilən tədbir ümumilikdə 3 paneldən ibarət olmaqla 450 nəfərdən çox şəxsin iştirakı ilə bir gün boyunca davam edib.

Tədbirin açılışında çıxış edən Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Rauf Hacıyev bildirib ki, “Azərbaycan üçün yaşıl iqtisadiyyata keçid mühüm yer tutur. Ölkə başçısının “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”lə bağlı sərəncamında da beşinci prioritet, məhz təmiz ətraf mühitin yaradılması ilə bağlıdır.” Bu səbəblə Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyasının və bu tipli tədbirlərin işini yüksək qiymətləndirən nazir müavini həmçinin qeyd edib ki, ölkədə tullantıların təkrar emalı, sağlam ətraf mühit, yaşıllıqların artımı, su və dayanıqlı enerji mənbələrindən səmərəli istifadə təmin ediləcək.

“Tullantıların təkrar emalı ilə konkret tapşırıqlar müəyyənləşdirilib. İqtisadiyyatda dekarbonizasiyaya yönələn islahatlar aparılır. Meşə və yaşıllıq ərazilər, geniş aqro bağlar salınır. İşğaldan azad olunan ərazilər də daxil olmaqla cari ilin sonunadək ölkədə 3 milyon ağacın əkilməsi nəzərdə tutulub”, - deyə Rauf Hacıyev qeyd edib.

Açılışda söz alan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin rəisi Vüsal Ağayev, Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyasına fəaliyyətində uğurlar arzulayıb və sənaye təhlükəsizliyi məsələlərini gündəmdə saxladıqları üçün təşəkkürünü bildirib. Agentlik rəisi qeyd edib ki, bu sahənin sahibkarlar tərəfindən də daim gündəmdə saxlanılması üçün çalışırlar. “Sahibkarlar anlamalıdır ki, sənaye təhlükəsizliyi sahəsinə qoyulan vaxt və investisiyalar heç vaxt itməyəcək”, - deyə qeyd edən Vüsal Ağayev bu sahədəki ixtisaslı kadr çatışmazlığı məsələlərinə də toxunub. Onun bildirdiyinə görə kadr potensialının artırılması üçün artıq tədris müəssisələri ilə əməkdaşlıqlara başlanılıb və bir sıra təcrübə proqramları həyata keçirilir.

Tədbirin əvvəlində iştirakçıları salamlayan Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyasının sədri Orxan Xəlilzadə təşkilatın bir müddət öncə Ədliyyə nazirliyi tərəfindən qeydiyyata alınaraq fəaliyyətə başladığını bildirib. www.asta.org.az saytı və sosial media hesabları üzərindən fəaliyyətlərini ictimaiyyətə açıq şəkildə davam etdirəcəklərini bildirən sədr qeyd edib ki, assosiasiya sənaye müəssisələrini, sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizə üzrə peşəkarların dəstəyi ilə müxtəlif seminarlar, praktiki məşğələlər və qanunvericilik sənədləri üçün təkliflərin müzakirələrini təşkil etməyi planlaşdırır. Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası vasitəsilə beynəlxalq əməkdaşlıqların da nəzərdə tutulduğunu bildirən Orxan Xəlilzadə, Böyük Britaniyanın NEBOSH təşkilatının tədbirdə gümüş sponsor kimi iştirakını da nümunə kimi qeyd edib.

IST Services, Safe Life, Global Energy Azerbaıjan Limited, “Gate Baku” QSC, PMD Projects, Agcurate kimi şirkətlərin sponsorluğu, AVFALL Solutions, Caspian Energy Club, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Marriott Baku Boulevard oteli bir çox şirkətlərin tərəfdaşlığı ilə keçirilən tədbirin qızıl sponsoru IST Services tərəfindən hər bir iştirakçının adına Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Yaşıl Gələcək” platforması vasitəsilə bir ədəd ağac əkilib və sertifikatları təqdim edilib.

Gün boyunca 20 spiker və moderatorun iştirakı ilə 3 fərqli panel halında davam edən tədbirdə karbon emissiyaların azaldılması, ətraf mühitin mühafizəsi, kadr potensialı, enerji keçidində beynəlxalq təcrübələr və yerli tətbiq imkanları kimi aktual məsələlər müzakirə edilib.

Tədbirdə sənaye təhlükəsizliyi sahəsində dəstəklərinə görə bir sıra şirkətlərə Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyasının fəxri üzvlüyü və Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunun təşəkkür plaketləri təqdim edilib.

Qeyd edək ki, Bizimyol.info xəbər portalı ölkəmizdə ilk dəfə keçirilən “Sənaye Təhlükəsizliyi Zirvəsi” tədbirinin rəsmi media tərəfdaşıdır.

Son xəbərlər
Bütün xəbərlər »