Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gecələr yata bilməyənlərə, problemin 20 dəqiqəlik həll yolu...
Gecələr yata bilməyənlərə, problemin 20 dəqiqəlik həll yolu...

Növbəti dəfə pis bir gecə yuxusundan sonra yatmaq əvəzinə sürətli məşq etməyi düşünün. Çünki yeni araşdırmalar göstərir ki, bu, narahat bir gecənin səbəb olduğu idrak funksiyasındakı azalmanı effektiv şəkildə kompensasiya edə bilər.

Bizimyol.info xəbər verir ki, Portsmut Universitetinin tədqiqatçıları tərəfindən aparılan bir araşdırma, yata bilmədiyimiz zaman etdiyimiz məşqlərin bədənimizə necə fayda gətirdiyi ilə bağlı bəzi yeni və maraqlı məlumatları ortaya qoyub.

Tədqiqat zamanı hər biri 12 sağlam yetkin iştirakçıdan ibarət iki fərqli qrup araşdırılıb.

  • Birinci qrupda üç gecə qismən yuxu məhrumiyyətindən (PSD) sonra,
  • İkinci qrupun koqnitiv performansı aşağı bədən oksigenindən (hipoksiya) və bir gecə tam yuxu məhrumiyyətindən (TSD) sonra sınaqdan keçirilmişdir.

Bir neçə maraqlı tapıntı ortaya çıxıb; Bunlardan ən vacibi odur ki, idman velosipedində 20 dəqiqəlik məşq hər cür şəraitdə (PSD, TSD və hipoksiya daxil olmaqla) beyin funksiyalarını yaxşılaşdırır. Bu, yeni valideynlərdən tutmuş alpinistlərə qədər geniş insanlar üçün faydalı məlumatdır.

Portsmut Universitetindən olan məşq fizioloqu Joe Kostello: “Mövcud tədqiqatlardan bilirik ki, oksigen səviyyəsi aşağı düşəndə ​​məşq koqnitiv performansı yaxşılaşdırır. Ancaq bu tədqiqat həm də tam və qismən yuxu məhrumiyyətindən sonra idmanın koqnitiv performansı yaxşılaşdırdığını göstərən ilk tədqiqatdır", - deyib.

Bəli, məşq və zehni gücləndirmək arasındakı əlaqə artıq məlumdur, lakin bu araşdırma tədqiqatçılara bəzi əlavə sübutlar təqdim edir. Məşq və beyin gücünün bir-birinə bağlı olmasının səbəblərindən birinin beyinə əlavə oksigen təmin etməsi olduğu düşünülür. Yeni araşdırmada, hətta aşağı oksigenli mühitlərdə də idrak inkişafı qeyd edilib. Bu, hormonlar və ya bəlkə də artan həyəcan və motivasiya kimi digər amillərin də iştirak edə biləcəyini göstərir.

Mövzu ilə bağlı daha çox araşdırmaya ehtiyac var, lakin indi yuxu, məşq və düşünmə qabiliyyəti ilə bağlı bəzi faydalı yeni məlumatlarımız var. Çünki eyni vaxtda bir neçə stress faktoru sınaqdan keçirilib.

Fizioloq Tomas Uilyams: “Yuxu məhrumiyyəti tez-tez digər stress amilləri ilə birlikdə baş verir. Məsələn, yüksək hündürlükdə səyahət edən insanların yuxu rejiminin pozulması ehtimalı daha artıqdır”, - deyib.

Tədqiqatlar göstərir ki, təxminən 43 faizimiz tövsiyə olunan 7-9 saat yuxu almır. Bu, depressiyadan ürək xəstəliklərinə qədər hər cür riski özü ilə gətirir; Həm fiziki, həm də ruhi sağlamlığımıza təsir edir.

Bu yaxınlarda ABŞ-da "News & World Report"un keçirdiyi sorğuya əsasən, respondentlərin təxminən 20 faizi yuxudan oyananda özlərini nadir hallarda yaxşı istirahət etmiş hiss etdiklərini söyləyirlər.

Mütəxəssislər hər gecə nizamlı və adekvat yatmağı tövsiyə edir, lakin bu həmişə mümkün deyil. Tədqiqat gecələr yata bilməyən və gündüzlər yatmağa vaxt tapa bilməyənlər üçün ümidvericidir. Cəmi 20 dəqiqəlik məşqlə özümüzü tez bir zamanda “sıfırlaya” və bu mənfi təsirləri geri qaytara bilərik.

Kostello: "Tapıntılar məşq və bu stressorlar arasındakı əlaqə haqqında bildiklərimizi əhəmiyyətli dərəcədə artırır. Bu, həm də hərəkətin bədən və beyin üçün dərman olduğu mesajını gücləndirməyə kömək edir", - deyə qeyd edir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »