Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dayanacaqdakı "işəyaramaz" monitor avtobus əvəzinə büdcədən neçə milyonun yeyildiyini "göstərir"...
Dayanacaqdakı "işəyaramaz" monitor avtobus əvəzinə büdcədən neçə milyonun yeyildiyini "göstərir"...

2007-ci ildə imzalanan “Nəqliyyatın intellektual idarəedilməsi haqqında” fərmandan sonra Bakıda sistemin tətbiqi ilə bağlı işlər başladı. İki il keçmədi ki, bununla bağlı xüsusi mərkəz yaradıldı. Mərkəzin fəaliyyətə başlamasını daha iki il gözləmək lazım gəldi. Sonra qurum Nəqliyyat Nazirliyinin tabeliyində "səhnədə" göründü. Nəqliyyatın İntellektual İdarəedilməsi Mərkəzinin əsas funksiyası yollarda təhlükəsizliyi və nəqliyyatın normal hərəkətini təmin etmək idi...

Bizimyol.info xəbər verir ki, 2008-ci ildə Bakıda nəqliyyatın intellektual idarəetməsi sisteminin tətbiqi ilə bağlı Cənubi Koreyanın “SK C&C” şirkəti ilə razılıq əldə olunmuş, yeni sistemin layihəsi hazırlanmış və icrasına başlanmışdı. İntellektual idarəetmə mərkəzinin zalında 600 rəqəmsal görüntünü əks etdirən, dünyada ən böyük – 120 kvadratmetr sahəsi olan monitor quraşdırılmışdı. Monitor vasitəsilə 150 yol kəsişməsində nəqliyyatın hərəkət vəziyyəti, eləcə də 2 min avtobusun idarə edilməsi ilə bağlı məlumatı 192 kamera vasitəsilə əldə etmək mümkün idi. Bütün prosesin həyata keçirilməsinə hələ ilkin mərhələdə 77 milyon manat vəsait ayrılmışdı. Sonradan ən azı bunun yarısı qədər də xərcləndi.

İndi əminliklə demək olar ki, nəqliyyatın intellektual idarəedilməsi layihəsi iflasa uğradı. Dayanacaqlarda marşrutlar barədə məlumat verməli olan monitorlar quraşdırılmışdı. Həmin monitorları indi də dayanacaqlarda görmək mümkündür. Amma həmin cihazlar illərdir işləmir. Onsuz da monitorlar quraşdırılandan sonra yalnız bir neçə ay sərnişinlərin işinə yaramışdı. “İşinə yaramışdı” ifadəsi də yersiz səslənə bilər. Çünki, adətən, marşrut avtobusları dayanacağa monitorda göstərilən vaxtda çatmırdı. Monitorlar Bakı Nəqliyyat Agentliyinə 2015-ci ildə təhvil verildi. Demək olar, həmin vaxt cihazlar artıq işlək vəziyyətdə deyildi. İndi monitorlar göz dağına çevrilib. Çıxarıb aparan da yoxdur. Monitorlar həm də milyonların necə havaya sovrulmasından sükutla danışır.

Nəqliyyat sistemi kustar, primitiv üsullarla idarə edildi. Elə indi də vəziyyət çox dəyişməyib. Sanki atılan addımların heç biri sərnişinlərin rahatlığına hesablanmayıb. Getdikcə şəhər nəqliyyatı daha bərbad görünür.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »