Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qısnama, zorakılıq, erkən nikah, aliment... - "Qadın hüquqlarını tam qoruyan qanun yoxdur"
Qısnama, zorakılıq, erkən nikah, aliment... - "Qadın hüquqlarını tam qoruyan qanun yoxdur"

Çox zaman qadın hüquqlarından danışır, bu hüquqları qorumağa çağırışlar edirik. Qadınların hüquqları pozulmamalıdır, qadınlar da öz hüquqlarından sərbəst şəkildə yararlanmalıdır. Bəs qadınların hansı hüquqları varmı?

Bizimyol.info xəbər portalının suallarını hüquqşünas Leyla Əlizadə cavablandırıb.

- Biz qadın hüquqları deyərkən ilk olaraq, fiziki sağlamlıq hüququnu nəzərdə tuturuq. Əlavə olaraq, cəmiyyətdə bir vətəndaş olaraq, kişilərlə bərabər eyni hüquqlara və eyni işlərə, vəzifələrə və s. nail olmağına da hərhansı bir məhdudiyyət yaranmamasını nəzərdə tutmalıyıq. Bundan əlavə olaraq, biz qadının xüsusi bioloji göstəriciləri əsasında reproduktiv sağlamlığı qərarlarını nəzərdə tutmalıyıq.

Bu məsələləri əsas götürərək, deyə bilərik ki, Azərbaycanda qadınların hüquqlarını tam əhatə edən hərhansı bir qanun yoxdur.

Azərbaycan Respublikasında hal-hazırda “məişət zorakılğının qarşını alınması haqqında” qanun var. Bu qanunu tətbiq edərkən çalışıblar ki, həmin dövr üçün lazım olan bütün problemlər əhatə edilsin. Bu qanun müasir reallığı, defakto baş verən pozuntuları əhatə edə bilmir. Çünki qanunda sadəcə fiziki zorakılıq nəzərdə tutulur, fiziki zorakılığı törədən şəxslər barəsində hansısa işlər görülür.

Lakin qadın hüquqları və bu sahə ilə bağlı hansısa bir qanun pozuntularını nəzərdə tuturuqsa, bir çox hallarda biz məişət zorakılığından, fiziki, iqtisadi zorakılıqdan və çox böyük siyahısı olan digər zorakılıq növlərindən danışırıq ki, bunlar qadın hüquqları ilə birbaşa bağlıdır.

Qadın hüquqlarını tənzimləyən hərhansı bir qanun olmadığı üçün heç bir şəkildə qanun çərçivəsində bu problem baş verərkən biz bunu tənzimləyə bilmirik. Bu səbəbdən də, qanunvericilikdə çox böyük boşluqlar yaranır.

- Nə kimi boşluqlardan söhbət gedir?

- Cəmiyyətimizdə hal-hazırda çox problemli olan və mənim düşüncəmə görə, təcili şəkildə aradan qaldırılmasına ehtiyac duyulan bir boşluq var ki, bu cəmiyyətdə və qanunvericiliyimizdə məişət zorakılığının dekriminalizasiya edilməsidir.

- Dekriminalizasiya edilməsi nə deməkdir?

- Dekriminalizasiya edilməsi o deməkdir ki, baş verən məişət zorakılığı halları üçün Cinayət Məcəlləsində hansısa bir xüsusi maddə ayrılmayıb. Yəni bizdə hansısa bir xanım və yaxud da bəy, ümumiyyətlə məişət zorakılığına məruz qalan hansısa bir şəxs - uşaq da ola bilər, polisə gedib müraciət edirsə, “məndə fiziki xəsarətlər var, və ya başqa xüsusiyyətlər var” deyirsə, məişət zorakılığına dair xüsusi maddə olmadığına görə sadəcə ya xırda xuliqanlıq və ya hansısa müəyyən dərəcəli xəsarətlərin yetirilməsi və s. maddələri istifadə olunur. Bu əməllərin cinayət məsuliyyətinə cəlb edilməsi üçün xanımın və yaxud da məişət zorakılığına məruz qalan şəxsin aldığı xəsarətlər elə gərgin şəkildə olmalıdır ki, insan uzun müddət ərzində normal sağlam həyatını sürə bilməsin. Bu, çox acınacaqlı məsələdir. Digər hallarda zorakılığa məruz qalmış şəxsin bədənində böyük xəsarətlər varsa, şəxs özü yeriyə bilirsə, hansısa bir orqanı sıradan çıxmayıbsa, bir çox hallarda polis sadəcə bunu İnzibati Xətalar Məcəlləsinə əsasən qiymətləndirir. Bu da düzgün deyil. Təəssüf ki, bizdə bu problemlər var.

Daxili İşlər Nazirliyi nə qədər də, öz əməkdaşları ilə xüsusi işlər aparsa da, Cinayət Məcəlləsində xüsusi maddə olmadığı üçün belə vəziyyətləri ancaq inzibati xətalar haqqında qanunvericiliyə uyğun olaraq bunun üçün tənzimliyə bilirlər. Bir çox hallarda Azərbaycanda polis bu məsələlərdə qadın hüquqlarının pozuntusunu olduğu halda, qadın hüquqlarının pozulmasına ciddi yanaşmırlar. Bu da çox böyük bir boşluqdur. Bundan əlavə də qadın hüquqlarının, ilk olaraq pozulduğu zaman bizim müraciət etdiyimiz dövlət qurumları polis şöbəsidir. Amma bəzən polis şöbələrinin əməkdaşlarının bir çoxu qanunda çox böyük boşluqlar olduğuna görə, qadının aldığı xəsarətlərin yalnız fiziki olduğu halda məsələyə baxırlar. Qadınlar gərgin psixoloji zorakılıq, iqtisadi zorakılıq və s. başqa bir zorakılıq halı müraciət edəcəkləri təqdirdə işə baxılmır sadəcə “bu, sizin ailə məsələnizdir” deyib xanımları zorakılığı edən adamın evinə geri göndərirlər və yaxud da tam qanunsuz olaraq, onları görüşdürürlər. Ümumiyyətlə, Azərbaycanda acınacaqlı bir hal var ki, sanki polis şöbəsinin təhqiqatçısı və ya sahə rəisi fikirləşir ki, “o, mediatordur” və mediasiya prosedurunu aparmağa çalışır. Bu, çox ciddi və böyük bir problemdir. Bu problemin də ən gərgin halı odur ki, zorakılığı tətbiq edən şəxs düşünür ki, “polis də kişidir və onu yaxşı anlayacaq”. Və zorakılığa davam edir. Cəmiyyətmizdə buna görə də bu pozuntular davam edir.

- İqtisadi zorakılıq nədir?

- Biz bu məsələyə yanaşarkən iqtisadi zorakılığı da nəzərdə tutmalıyıq. Uzun müddətdir müşahidə edirik ki, bizə müraciət edən xanımların 90 faizi zorakılığı tətbiq edən adamlardan boşanıb, daha uzaq şəkildə yaşaya bilmirlər. Onlar iqtisadi zorakılıq yaşayıblar. Onlara işləməyə və təhsil almağa icazə verilməyib. Bu səbəbdən də onlar uzun müddət işsiz qalırlar, boşanandan sonra da hansısa bir işə girə bilmirlər. Çünki cəmiyyətimizdə müəyyən yaşdan sonra qadınlar ümümiyyətlə işə götürülmür. Kişilərə daha mülayim şəkildə yanaşılır. Amma təcrübəsiz qadınlar üçün bu, çox gərgin bir hala çevrilir.

Nəzərə almalıyıq ki, zorakılıq görən xanımların çoxunun uşağı var. İllərdir ki, “Aliment fondu”-nun yaranması ilə bağlı müzakirə aparırdıq. Deyirdik ki, “Aliment fondu” yaranmalıdır ki, alimenti ödəmək öhdəliyindən qaçan şəxslərin aliment ödəməsi məcburiyyəti qoyulsun. Bunların heç biri edilmir. Bu isə, hətta ayrılmış xanımların belə iqtisadi zorakılıq yaşamasına səbəb olur. Kişilər uzun illər ərzində xanıma fiziki, psixoloji və ya iqtisadi zorakılıq edibsə, boşanandan sonra belə bu aliment məsələlərində davam edir. Yəni uşaqların saxlanılması, qidalanması, sağlam cəmiyyətdə böyüməsi, sağlam həyat şəraitində yaşaması üçün müəyyən pul ödənilməlidir.

Kişilər bir çox hallarda bununla manipulyasiya edirlər. Bu manipulyasiyanın bir nəticəsi olaraq, xanımlar təkrar zorakılıq edən şəxsin yanına uşaqlarının maddi ehtiyacları olduğu üçün qayıtmağa məcbur olurlar. Bir çox hallarda bundan sonra daha gərgin zorakılıq görülür və bir çox hallarda ölüm faktları da olur.

- Bu kimi halların qarşısı necə alınmalıdır?

- Qanunvericilikdə müəyyən dəyişikliklər olmalıdır, məişət zorakılığı kriminallaşmalıdır. Qanunda sadəcə olaraq fiziki zorakılıq yox, digər növlərin açıqlaması olmalıdır. Onların hər biri tətbiq edən insanların məsuliyyətə cəlb edilməsi faktorları dəqiqləşdirilməlidir və bunlar faktiki icra olunmalıdır. Bizdə bir çox qanunlar var ki, faktiki icra olunmur. Bundan əlavə, dediyim kimi “Aliment fondu”nun yaranması çox vacibdir. Bizim cəmiyyətimizdə yalnız məişət zorakılığı deyil, digər zorakılıqlar da var. Seksual qısnama, psixoloji şiddət və s. Bunların da qarşısı alınmalıdır.

Erkən nikahlar da ən ağır problemlərimizdən biridir və qarşısının alınması da çox çətindir. Azərbaycanda bununla bağlı müəyyən komissiyalar var ki, problemli ailələrlə - erkən nikaha məruz qalan şəxslərlə və onların ailəsi ilə müəyyən işlər aparmalıdır. Təəssüf ki, bu istiqamətdə hansısa hərəkət yoxdur. Qadın hüquqları ilə bağlı bir çox problemlər yaşanmağa davam edir...

İradə Cəlil, Bizimyol.info

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi

Məqalə Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.18. gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması.

Son xəbərlər
Bütün xəbərlər »