Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Silahlar ya könüllü şəkildə verilir, ya da polis tərəfindən müəyyən edilir - Fərdi silahlanmaya qanun nə deyir?
Silahlar ya könüllü şəkildə verilir, ya da polis tərəfindən müəyyən edilir - Fərdi silahlanmaya qanun nə deyir?

Bir neçə gün əvvəl Şəmkirdə vətəndaşlar qanunsuz saxlanılan ov silahlarını polisə könüllü təhvil verib. Belə ki, rayonda keçirilən müvafiq tədbirlər nəticəsində həftə ərzində 17 nəfər rayon sakini müvafiq sənədləri olmayan, müxtəlif marka və kalibr ov silahlarını polisə könülllü təhvil veriblər. Eyni zamanda Şəmkir polisinin keçirdikləri əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində cari ilin müvafiq dövrü ərzində ümumilikdə aşkarlanan silahların sayı 105-ə çatıb. Qeyd edək ki, aşkarlanan silahlardan 7-si yivli silahlar sinifinə aiddir. Mətbuatda bu kimi xəbərlər tez-tez qarşımıza çıxır. Kimsə atasından qalma silahı, kimsə tapdığını, kimsə qanunsuz əldə etdiyini ya könüllü şəkildə təhvil verir, ya da polis əməkdaşlarının sayıqlığı nəticəsində müəyyən edilib götürülür.

Qardaş Türkiyədə demək olar ki, bir çox insanın qanuni silahı var və silah əldə etmək o qədər də çətin deyil. Həmçinin, Amerika Birləşmiş Ştatları da bu istiqamətdə ən tanınanıdır. Maraqlısı budur ki, hətta internet vasitəsi ilə də silah almaq mümkündür.

Bəs Azərbaycanda hər bir vətəndaşın qanuni silah saxlamaq hüququ varmı?

Hüquqşünas Ramil Süleymanov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycan Respublikasında xidməti və mülkü silah haqqında qanun var. Azərbaycan Respublikasının “xidməti və mülkü silah haqqında” qanuna əsasən, silah dedikdə canlı qüvvənin və digər obyektlərin o cümlədən texnikanın və tikililərin məhv edilməsi üçün nəzərdə tutulmuş və bu obyektlərin məhv olunması üçün istifadə oluna bilən qurğu və vasitələr nəzərdə tutulur. Burada təkcə konstruktiv ölçülərinə və mexaniki və avtomatik təyinatına görə, istifadə olunan silahlardan başqa eyni zamanda soyuq silahlar da var ki, bunlar da birbaşa qanunvericiliklə gəzdirilməsi qadağan olunan əşyalar kateqoriyasına aiddir. Ümumiyyətlə, soyuq silah konstruksiyasına, ölçülərinə və materialına görə, birbaşa istehsalat və məişət təsərrüfat məqsədləri üçün nəzərdə tutulmayan insanın əzələsinin hesabına xəsarət yetirmək təyinatı olan əşyalardır.

Hüquqşünas Ramil Süleymanov Ramil Süleymanov

“Məsələn biz nümunə olaraq, "beş barmağı" və "nunçakları” göstərə bilərik. Bəzən xüsusi təyinatı olmayan məsələn məişətdə istifadə olunan bıçaqlar hər yerdə satılır və bütün insanlar alıb bunlardan təyinatı üzrə istifadə edə bilərlər. Ancaq həmin bıçaqlardan yalnız və yalnız digər şəxslərin sağlamlığına və həyatına zərər yetirildikdə, yəni bu bıçaqlar cinayət təyinatlı olduqda bununla bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq, cinayət işi başlanılır. Cinayətin birbaşa predmeti olaraq, həmin o soyuq silah qismində təsbit olunmuş məişət bıçağı təsdiq olunur”-deyə hüquqşünas bildirib. Onun sözlərinə görə, Azərbaycan Respublikasının “xidməti və mülkü silah haqqında” qanununa görə, milli geyimlər üzərində gəzdirilən aksesuarlar o, cümlədən bıçaq və xəncərlər soyuq silahlar kateqoriyasına aid deyil. Bu aksesuarların üzərində gəzdirilməsi hər hansı bir məsuliyyətə səbəb olmur.

“Bəzən vətəndaşlarımız ovçuluq niyyəti ilə müxtəlif ov silahlarının alınması ilə bağlı müraciətlər edirlər. Bununla əlaqədar olaraq, həmin silahlar müvafiq qaydada “Ovçular Cəmiyyəti” üzvlüyündən alınan arayışla birgə Daxili İşlər Nazirliyinə müvafiq ərizə ilə müraciət edilməklə təsdiqlənə bilir. Bu silahlarla bağlı sertifikat və ya lisenziya Daxili İşlər Nazirliyinin müvafiq rayon şəhər idarələrinə və şöbələrinə müraciət edildikdən sonra 1 ay müddətində vətəndaşlara təqdim olunur”-deyə Ramil Süleymnaov əlavə edib. O, bildirib ki, soyuq silah gəzdirmə və soyuq silahın əldə edilməsi ilə bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228-ci maddəsinə uyğun olaraq, Konstitusiya məhkəməsinin də qərarı var.

“Həmin maddənin tövsifi və eyni zamanda maddə ilə bağlı nəzərdə tutulmuş qərarda qeyd olunur ki, soyuq silahlar hansı kateqoriyalara aiddir. Bu soyuq silahın gəzdirilməsinə görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228-ci maddəsinə görə sanksiya nəzərdə tutulub”-deyə Ramil Süleymanov bildirib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »