Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Slavyan Universitetinin şöbə müdiri məhkəmə zalında həbs olundu: 100-dən çox tələbənin ödədiyi pul mənimsənilib
Slavyan Universitetinin şöbə müdiri məhkəmə zalında həbs olundu: 100-dən çox tələbənin ödədiyi pul mənimsənilib

Bakı Slavyan Universitetində (BSU) tələbələrin ödədiyi təhsil haqqının mənimsənilməsi, orada işə düzəlmək istəyənlərdən alınan pulların ələ keçirilməsiylə bağlı 2 il yarımdır davam edən məhkəmə prosesi yekunlaşıb. Bu cinayət işi üzrə təqsirləndirilən BSU-nun Əlavə və qiyabi təhsil şöbəsinin sabiq müdiri, dosent Dürdanə Əliyevaya noyabrın 20-də hökm oxunub.

Bizimyol.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyilə çıxarılan hökmə əsasən, Dürdanə Əliyevaya 6 il həbs cəzası verilib. Keçmiş şöbə müdiri istintaq və məhkəmə dövründə həbsdə deyildi. O, noyabrın 20-də məhkəmədə hökm oxunanda həbs edilib. Hakim Əli Məmmədov hökm oxunanda jurnalistlərin məhkəmə zalından çıxarılmasına göstəriş verib. Qanuna görə, nəinki açıq məhkəmə prosesləri, hətta qapalı məhkəmə proseslərinin də hazırlıq iclası və hökmün elanı açıq keçirilməlidir, istənilən şəxs bu prosesdə iştirak edə bilər.

Cinayət işinin materiallarında iddia olunur ki, keçmiş şöbə müdiri 2018-2021-ci illərdə BSU-da ikinci ali təhsil alan tələbələrin təhsilhaqqı kimi ona verdiyi pulları mənimsəyib. Bir sıra şəxslərdən isə universitetdə işə düzəlmək adıyla pul alıb aldatmaqda ittiham olunur. Pul alındığı iddia olunan 100-dən çox şəxsin bir qismi məhkəmədə zərərçəkmiş qismində tanınıb. Həmçinin universitet də bu cinayət işində zərərçəkmişdir. Zərərçəkənlər məhkəmədə Dürdanə Əliyevaya qarşı mülki iddia qaldıraraq, dəymiş ziyanın ödənilməsini tələb ediblər. Onlar bildirirlər ki, verdikləri ödənişləri universitet yenidən onlardan tələb edir, imtahanlara buraxılmaqda çətinlikləri yaranıb. Bu səbəbdən həmin pulu tələb edirlər. Universitet də 226 min manatlıq mülki iddia qaldırıb. Məhkəmə yalnız BSU-nun mülki iddiasını təmin edib. Lakin Dürdanə Əliyeva ittihamları qəbul etmir. O, məhkəmədə bildirib ki, özünü təqsirli bilmir. Onun sözlərinə görə, bu işləri təkbaşına görməsi mümkün deyildi. Dürdanə Əliyevanın sözlərinə görə, baş verənlərdən həmin vaxt rektor olan Nurlana Əliyevanın, baş mühasibin xəbəri olub. O, vurğulayıb ki, istər keçmiş rektor, istərsə də mühasib, hətta proseslərin birbaşa iştirakçısı olub.

Keçmiş rektor Nurlana Əliyeva dəfələrlə məhkəməyə çağırılandan sonra bu ilin aprelində məcburi gətirilmə qərarından sonra prosesdə dindirilib. O, bildirib ki, mənimsəmə prosesində iştirakı haqda deyilənlər böhtandır. Onun sözlərinə görə, pandemiya dövründə vəziyyət pis idi, tələbələr universitetə gəlib-gedə bilmirdi. Belə bir dövrdə şöbə müdiri onun inamından sui-istifadə eləyib. Nurlana Əliyevanın sözlərinə görə, tələbələr ödənişləri nağd şəkildə şöbə müdirinə verib, o da mənimsəyib. Bu barədə tələbələrin şikayətini eşidəndə Dürdanə Əliyevanı çağırıb: “Dedim ki, ayıbdır, müəllimə yaraşmaz belə hərəkətlər. Söz verdi ki, evini satmaq hesabına da olsa, ödəyəcək. Ona 10 gün vaxt verdim. Söz versə də, eləmədi. O, mənim fəaliyyətimə kölgə salmağa çalışdı. Mən o qədər abır-həyamı itirməmişəm ki, 70 yaşımda dövlətin puluna əl atım. Mən evimdən universitetə mürəbbə, şəkərbura, paxlava gətirirdim ki, universitetin pulu getməsin...”

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »