Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bağlanan bankdakı pulun taleyi... - Ev alqı-satqısında “Muğan Bank”a köçürülən vəsait "hava"da qalıb
Bağlanan bankdakı pulun taleyi... - Ev alqı-satqısında “Muğan Bank”a köçürülən vəsait "hava"da qalıb

“Muğan Bank”ın bağlanması xeyli müştəriyə baha başa gəldi. Əmanətçilərin depozitləri nə vaxt geri alacağı bilinmir. Hökumətə "yaxın" iqtisadçılar narahatlığa əsas olmadığını dilə gətirir. Onlar inanır ki, ilin sonuna qədər məsələ həllini tapacaq. Əmanətçilər rahatlıq tapmır. “Muğan Bank” ofislərinin qarşısında hələ də toplaşanlar var. Təkcə əmanətçilər yox, banka başqa bağlılığı olanlar da əziyyət çəkir. Məsələn, burada maaş kartı qeydə alınmış şəxslərin bir aylıq gəliri it-bat olub.

Bizimyol.info xəbər verir ki, ev alqı-satqısında “Muğan Bank”a köçürülən vəsait havada qalıb. Bakı sakini pulunun özünə qaytarılmasına nail ola bilmir. İbrahim Ələkbərli sosial mediada hüquqşünaslardan kömək istəyib. O, pulunun taleyinə görə çox narahatdır.

“Ev alqı-satqısı üçün notariusa getmişdik. Orada pulu “Muğan Bank”a köçürtdürdülər. Bizə deyildi ki, bankda faizsiz hesab açdırılmasını istəyin. O cür də etdik. İndi bank bağlanıb. Pulun batma ehtimalı var?” deyən İbrahim Ələkbərlinin bildirdiyinə görə, bankın ofislərinə dəfələrlə yaxınlaşıb. Axırıncı dəfə ona noyabrın 25-dən sonra pulun verilə biləcəyini deyiblər. Yazılanlardan belə başa düşülür ki, İbrahim Ələkbərli ev alqı-satqısı üçün köçürülən məbləği bankdan götürməyə tələsməyib. Bir neçə gün sonra məlum olub ki, “Muğan Bank” fəaliyyətini dayandırır. İbrahim Ələkbərli bankın ofislərinə xeyli ayaq döyəndən sonra hüquqşünaslardan kömək istəmək qərarına gəlib. Vəkil Seymur Hüseynov yazıb ki, əmanətlərin sığortalanması haqqında qanunun 26.1-ci maddəsinə görə, notariusun depozit hesabına mədaxil edilmiş fiziki şəxslərə məxsus vəsaitlər tam məbləğ sığortalanır. O, narahatlığa əsas olmadığını bildirib. Vəkil bankın müştərisinə Əmanətlərin Sığortalanması Fondu ilə əlaqə saxlamağı tövsiyə edib.

Qanunvericiliyə görə, Əmanətlərin Sığortalanması Fondu 100 min manata qədər, illik 12 faizi keçməyən depozit vəsaitlərini geri qaytarmalıdır. “Muğan Bank” bağlanandan sonra məlum oldu ki, 76 milyon manatdan çox vəsaitin taleyi qaranlıq qalır. Böyük ehtimalla depozitləri sığortalanmayan müştərilər pullarını itirəcək. İbrahim Ələkbərlinini narahatlığı da buna görədir. Vəsaitin sığortalanıb-sığortalanmaması ilə bağlı konkret açıqlama ala bilmir. Vətəndaş çox böyük maddi zərbə alacağından qorxur.

Son illər bankların yarısı sıradan çıxıb. Heç yaxşı tendensiya deyil. Hər dəfə belə xəbərlər çıxanda vətəındaşların bank sektoruna etibarı bir az da sarsılır.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »