Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prokuror çıxışında Vaqif Xaçatryana niyə ömürlük cəza yox, 15 il təklif etməsini əsaslandırıb
Prokuror çıxışında Vaqif Xaçatryana niyə ömürlük cəza yox, 15 il təklif etməsini əsaslandırıb

1991-ci il dekabrın 23-də Xocalı rayonunun Meşəli kəndinə silahlı hücum edərək, dinc sakinləri qətlə yetirən dəstənin üzvlərindən biri kimi, azərbaycanlılara qarşı soyqırım ittihamıyla Bakıda məhkəmə qarşısına çıxarılan Vaqif Xaçatryanın işi üzrə məhkəmə prosesi yekunlaşır.

Bizimyol.info xəbər verir ki, noyabrın 7-də keçirilən məhkəmə iclasında prokuror çıxış edərək, Vaqif Xaçatryana 15 il azadlıqdan məhrumetmə cəzası verilməsini istəyib. Prokuror təklif edib ki, o, 15 ilin ilk 5 ilini həbsxana rejimində, qalan 10 ilini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin.

Prokuror çıxışında bildirib ki, Vaqif Xaçatryana qarşı irəli sürülmüş ittihamlar məhkəmə istintaqı zamanı dindirilən çoxsaylı zərərçəkmiş və şahidlərin ifadələri, eləcə də başqa sənəd-sübutlarla təsdiqini tapıb. Bu cinayət işi üzrə 59 zərərçəkmiş var. Zərərçəkmişlərin bir çoxu məhkəmədə ifadə verərkən Xaçatryana ən ağır cəza verilməsini istəmişdilər. Azərbaycanın Cinayət Məcəlləsində Vaqif Xaçatryanın ittiham olunduğu maddələrdə 14 ildən 20 ilə qədər, eləcə də ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Prokuror çıxışında Vaqif Xaçatryana niyə ömürlük cəza yox, 15 il təklif etməsini də əsaslandırıb. Dövlət ittihamçısı bildirib ki, Azərbaycan qanunvericiliyinə görə, 65 yaşdan yuxarı şəxslərə ömürlük azadlıqdan məhrumetmə cəzası verilə bilməz. 1955-ci il təvəllüdlü Vaqif Xaçaturyanın isə 68 yaşı var. Üstəlik, Azərbaycanın ratifikasiya etdiyi beynəlxalq konvensiyalara əsasən, təqsirləndirilən şəxs cinayət törədilərkən qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun cəzalandırılmalıdır. Meşəli hadisələri 1991-ci ildə baş verdiyinə görə o dövrün qanunvericiliyi tətbiq edilməlidir.

Azərbaycanda 2014-cü ilə qədər qüvvədə olan cinayət qanunvericiliyinə əsasən, hazırda Vaqif Xaçaturyanın ittiham olunduğu maddələrdə sanksiya həddi 10 ildən 15 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə olub. Dövlət ittihamını müdafiə edən prokuror Müqəddəs Sultanov çıxışında onu da vurğulayıb ki, Azərbaycan bu məsələdə də Ermənistandan fərqli davrandı. Vaqif Xaçaturyan həbs olunduğu ilk gündən indiyədək istintaq prosesində, təcridxanada ona qarşı heç bir təzyiq və təhdid olmayıb: “Vaqif Xaçatryana qarşı hər hansı təzyiq olmayıb. Əksinə, Penitensiar Xidmətin əməkdaşları ona alicənab davranıb. Halbuki, vaxtilə Ermənistanda mühakimə olunan azərbaycanlılara qarşı hansı işgəncələrin olduğunu hər kəs bilir. Biz isə fərqli davrandıq. Vaqif Xaçatryana qarşı belə davranış Azərbaycan xalqının alicənablığından irəli gəlir”.

Vaqif Xaçatryan iyulun 29-da Ermənistana getmək istəyərkən Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb. O, 10 il əvvəl - 2013-cü ilin noyabrından Azərbaycan Cinayət Məcəlləsinin 103 (soyqırım) və 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələrilə beynəlxalq axtarışa verilmişdi. Meşəli hadisələri zamanı 25 azərbaycanlı qətlə yetirilib, 14 nəfər xəsarət alıb. 358 nəfər azərbaycanlı yaşadığı yerdən didərgin salınıb.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »