Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qeyri-neft sektoru "axtarışdadır"... Azərbaycanda "neft erası" bitir, gələn il gəlir azalır
Qeyri-neft sektoru "axtarışdadır"... Azərbaycanda "neft erası" bitir, gələn il gəlir azalır

Azərbaycanda neft erasının bitməsi heç də təzə xəbər deyil. Hasilat hər il azalır. Əvvəlki illərlə müqayisə edəndə kəskin fərq göz qarşısındadır. 2023-cü ilin ilk yarısında cəmi 15,2 milyon ton neft hasil olunub. Bu, ili təxminən 30 milyon ton məhsulla başa vurmaq deməkdir. Təsəvvür edin, Azərbaycan 2013-cü ildə 43,5 milyon tona yaxın neft hasilatı ilə seçilirmiş.

Bizimyol.info xəbər verir ki, gələn il vəziyyətin daha pis olacağı gözlənilir. Maliyyə naziri Samir Şərifov da bunu gizlətmək istəməyib. Onun sözlərinə görə, 2024-cü ildə neft sektorundan vergi daxilolmaları iki dəfə azalacaq. Təxminən 2 milyard manatdan söhbət gedir.

“Azəri-Çıraq-Günəşli” yatağında azalmanın statistikasına baxanda məyus olmamaq mümkün deyil. Hasilatın böyük hissəsi bu yatağın payına düşür. Amma “Azəri-Çıraq-Günəşli” göz qabağında quruyur. Neft ölkədə zamanla qeybə çəkilir.

Hökumət hərdən indiyə qədər neftdən əldə olunmuş gəliri səsləndirir. Azərbaycan Dövlət Neft Fondunun “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarından çıxarılan neftin, qazın satışından əldə etdiyi gəlir 178 milyard dolları ötüb. Hər halda ümumi məbləğ 200 milyard dolları keçər.

Bu illər ərzində neft gəlirləri sayəsində infrastrukturun yaxşılaşdırılmasına böyük pullar xərcləndi. Böyük idman yarışlarına ev sahibliyi etdik, buna milyonlar sərf olundu. Hərbi uğurlar qazanıldı. İşğaldakı torpaqların geri qaytarılması nəyə desəniz dəyər. Azərbaycanın isə daha çoxuna ehtiyacı vardı. Hər şeydən əvvəl ölkə iqtisadiyyatı dar gündə ayaq üzərində dayanmağa zəmanət verən konsepsiya görmədi. Büdcə daha çox neft gəlirlərindən asılıdır.

Qeyri-neft sektoru inkişaf etmədi. İstehsal sahələri yaradılmadı. Pullar daha çox qeyri-istehsal istiqamətlərinə yönəldildi. Buna görə də işsizlik böyük problem olaraq qaldı. Bölgələrin sosial-iqtisadi inkişafı yalnız kağız üzərində gözə dəydi. Ölkə əhalisinin yarısı Bakı və Abşeron yarımadasında toplaşmalı oldu.

O qədər yazılmalı sözlər var. Neft gəlirləri Azərbaycan üçün tarixi fürsət idi. Gerçək iqtisadi gücü olan dövlət formalaşmalıydı. Amma ölkə korrupsiya içində boğulur. Təhsil və səhiyyənin səviyyəsi yalnız məyusluğa əsas verir.

Heç olmasa, qarşıdakı illərdə müdrik davranmaq lazımdır. Bundan sonra neft və qaz gəlirləri arzulardakı ölkənin qurulmasına xidmət etməlidir.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »