Bir müddət əvvəl dünya səhəri “HƏMAS”-ın İsrailə müharibə elan etməsi ilə açdı. Həmin gündən hər iki tərəf qızğın müharibəyə başladı. Nə qədər acınacaqlı olsa da, müharibəyə “dur” deyən yoxdur. Sözün əsl mənasında, hər gün qan su yerinə axır. Azərbaycan-İsrail münasibətləri uzun illərə əsaslnan bir münasibətdir. 2020-ci il 44 günlük Vətən müharibəsindən sonra isə bu münasibətlər daha da dərinləşdi. İsraildə minlərlə azərbaycanlı yaşayır. Bu dövrdə İsraildə yaşayan azərbaycanlıların ölkəyə qayıdışı qeydə alınıbmı? Və yaxud İsraildən Azərbaycana yəhudilər üz tutacaqmı?
"Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması" İctimai Birliyinin sədri Azər Allahverənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, İsraildə yalnız, Azərbaycandan köçmüş yəhudilər deyil, eyni zamanda Azərbaycandan köçmüş azərbaycanlılar da yaşayır. Hazırda İsraildən Azərbaycana böyük bir axın müşahidə edilmir.
“İsraildə məskunlaşan şəxslər arasında kifayət qədər etnik azərbaycanlılar da var. Yəni İsraildən Azərbaycana yalnız yəhudilər deyil, eyni zamanda repatriasiya proqramları çərçivəsində İsrailə köçmüş azərbaycanlılar da qayıda bilər. Hazırda İsrail və Azərbaycan arasında adi miqrasiya mübadiləsi özünü biruzə verir. Yəni kəskin artım və ya hiss olunacaq dərəcədə axın görünmür”-deyən ekspert bildirib ki, hərbi əməliyyatlar daha geniş miqyas alarsa, sonrakı mərhələdə bu axına səbəb ola bilər.
Azər Allahverənov bildirib ki, bu gün təşkilata fərdi qaydada müraciətlər edilir.
“Azərbaycana gəlib, burada müvəqqəti yaşama icazəsinin alınması, digər məsələlər barədə ayrı-ayrı şəxslərdən müraciətlər daxil olur. Biz də dəyərləndiririk. Bizim miqrasiya qanunvericiliyi digər ölkə vətəndaşlarına hansı imkanlar yarada bilərsə, biz o konteksdə bu məsələ ilə bağlı izahlarımızı veririk. Baş verənlərlə bağlı Azərbaycana gələn şəxslərlə və ya məlumatlarla hələ qarşılaşmamışıq”-deyə Allahverənov bildirib. Onun sözlərinə görə, miqrasiya bir prosesdir və hələ ki, stabil olaraq qalır. Azərbaycandan köçən yəhudi seqmentinə gəldikdə isə, Allahverənov qeyd eidb ki, həmin əhali seqmenti ilə işləyən təşkilatların məlumatına görə, bu günə qədər 50 min yəhudi Azərbaycandan İsrailə köçüb. Sonrakı mərhələlərdə 90-cı illərdə Azərbaycandan köçən yəhudilərin bir qismi, təqribən 20-25 faizi Azərbaycana geri qayıdıb.
“Azərbaycandan İsrailə köçən azərbaycanlılar var ki, onların da müəyyən statistikası var. 1991-ci ilə bu günə qədər qiymətləndirmə aparsaq bu statitikanı əldə etmək mümkün olar. Amma onların neçə faizi geri qayıda bilər? Bununla bağlı hansısa proqnoz vermək çətindir. Bizə müraciət edən, söhbət apardığımız insanların fikrinə gəldikdə, müəyyən etmək mümkündür ki, onların hələ ki, qayıtmaq niyyəti yoxdur. Sadəcə olaraq, maraqlarından irəli gələrək, müəyyən məsələləri dəqiqləşdirmək istəyirlər . Hətta onların yaxın çevrələrində olan insanların belə Azərbaycana qayıtması ilə bağlı qəti qərarları yoxdur”-deyə Azər Allahverənov əlavə edib.
Ekspert qeyd edib ki, hərbi vəziyyətlə İsraildən Azərbaycana gələn müəyyən insanlar var ki, onlar Azərbaycan vətəndaşlarıdır. Kütləvi axın olmasa da, zaman-zaman müəyyən çarter reyslər vasitəsilə üçüncü ölkələr, Türkiyə və digər ölkələr üzərindən Azərbaycana qayıdırlar.
“Qayıdanlar Azərbaycan Respublikasının vətəndaşlarıdır. Hərbi əməliyyatların baş verməsi bu şəxslərin ölkəyə qayıtmasını şərtləndirmişdi. Hadisələrin gedişatından çox şey aslıdır. Ümid edək ki, baş verən bu faciəvi proseslər, daha geniş miqyas almayacaq və insanların köçünə səbəb olmayacaq. Təbii ki, bunu zaman göstərəcək”-deyə Azər Allahverənov qeyd edib.
Ekspert vurğulayıb ki, zamanında İsrailə yalnız azərbaycanlılar deyil, digər millətlərin nümayəndələri də - ruslar da köçüb. Yəni 90-cı illərdə təkcə yəhudilər köçməyib.
İradə Cəlil, Bizimyol.info