Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sıxlıq, lift, gedişhaqqı... Metropoliten rəsmisindən xüsusi açıqlama
Sıxlıq, lift, gedişhaqqı... Metropoliten rəsmisindən xüsusi açıqlama
Paytaxtın "olmazsa olmaz"larından sayılan "Bakı Metropoliteni" son zamanlar maraqlı və eyni zamanda narahatlıq doğuran sualların "ünvan"ına çevrilib. Metropolitenin müəyyən stansiyalarında yaranan sıxlıqların əsas səbəbi nədir? Fiziki məhdudiyyətli vətəndaşların metrolardan sərbəst istifadəsi üçün niyə bəzi stansiyalarda lift, xüsusi daşıyıcı kimi heç bir texniki avadanlıq yoxdur? Metropoliten rəhbərliyi bu halla əlaqədar hansı önləyici tədbirlər görüb? Son vaxtlar metroda gedişhaqqının 68 qəpik olacağı həqiqətdir, ya şayiə?

İctimaiyyəti yaxından maraqlandıran saullarla əlaqədar Bakı Metropoliteninin Mətbuat Xidmətinin əməkdaşı Bəxtiyar Məmmədov Bizimyol.info xəbər portalına geniş müsahibə verərək, qaranlıq məqamlara aydınlıq gətirib:

Bəxtiyar Məmmədov Bəxtiyar Məmmədov

- Müəyyən stansiyalar var ki, orada sərnişin sıxlığı heç vaxt azalmır, hətta hər keçən il daha da artır, buna səbəb nədir?

- Pandemiyadan sonra sərnişin sıxlığı əsaslı şəkildə artıb. 2019-cu ildəki rəqəmlərdən 7-8% az olmasına baxmayaraq, ümumi götürdükdə hətta 2022-ci ilə nisbətdə bu il sərnişin sayı olduqca artıb. Bunun əsas səbəbi də təbii ki, səhər saatlarında insanlar şəhər mərkəzinə doğru axışır və "28 May" metrostansiyası da tədris ocaqlarının, belə desək sosial-mədəni iaşə obyektlərinin, müəssisələrin olduğu bir ərazidir. Burada sərnişin kütləsi çoxdur. Sosial şəbəkələrdə xüsusilə bu stansiyadan çəkilib yayılan videogörüntülər əsasən günorta saatları çəkilmiş olur. Həmin sıxlığın səbəbi, birinci dərs növbəsinin başa çatmasıdır. Nəinki 28 May, eyni zamanda Elmlər Akademiyası, Nərimanov və Gənclik - bu dörd stansiya günorta saatlarında təqribən bir saat ərzində xüsusi sıxlığa məruz qalır. Daha sonra isə növbəti sıxlıq "28 May"da və dediyim stansiyalar da daxil olmaqla, axşam saatlarına doğru artır. Xülasə, yaranan güclü sıxlıq səhər və günorta saatlarında adını qeyd etdiyimiz bu dörd stansiyada baş verir. Bir daha bildirim ki, bu dörd stansiyanın yerləşdiyi ərazi tədris müəsisələrinin, iaşə və sosial-mədəni obyektlərin olduğu, insanların daha çox çalışdığı yerlərdir.

- 28 may metrostansiyasının aşağı girişində 3 qapı olmasına rəğmən, yalnız bir qapıdan istifadəyə icazə verilir. Nə üçün digər iki qapının da fəaliyyətinə icazə verilmir?

- Siz 28 may metrostansiyasının platformasında tez-tez sıxlıq müşahidə olunan mənzərələri görürsünüz. Bu mənzərə hələ cəmi bir və ya iki qapının açıq olduğu vəziyyət zamanı yaranır. Siz təsəvvür edin ki, qapıların üçü də açıq olsa, necə bir sıxlıq yaşanar. Bu zaman platformada ifrat yüklənmə baş verər və sərnişinlərin təhlükəsizliyinə zidd vəziyyət yaranar. Texniki imkanlarımız daxilində qatarlarla bağlı bu gün üçün olan ən son interval həddi tətbiq olunur. Platformanın bəlli ölçüsü var, hansı ki, ora beş vaqondan artıq qatar qəbul edə bilmir. Burada qatarların sayının nə qədər olmasından asılı olmayaraq, intervalı aşağı sala bilmirik. Belə olduqda biz tənzimləməni platforma səviyyəsində edirik. Çünki platformanın ifrat yüklənməsi - Allah göstərməsin -  faciələrə gətirib çıxara bilər. Məhz bu səbəbdən artıq nəzarət mexanizmləri, eskalator meydançası yuxarı çəkilidir və yuxarı keçidlərdə təmin olunur. Səhər saatlarında Koroğlu metrostansiyası və ona əks tərəfdən Memar Əcəmi və 20 Yanvar, son dövrlər İnşaatçılar da olmaqla tətbiq olunur, axşam saatlarında da adını çəkdiyim digər stansiyalarda. Gördüyünüz kimi, bir neçə stansiyanın adından kənara çıxmırıq. Əsasən, daha çox yüklənmiş dörd stansiya mövcuddur. Ümumən, bütün sərnişin kütləsi təxminən beş, altı və yeddi stansiya arasında paylaşılır.

- Metropolitenin müəyyən stansiyaları var ki, orada fiziki məhdudiyyətli şəxslərin fəaliyyəti çətinləşir, onlar platformaya, qatarlara minib düşməkdə çətinlik çəkirlər. Hətta bu şəxslərin rahat hərəkəti üçün bəzi stansiyalarda onlar üçün salınmış xüsusi platformalar nəzərə çarpmır. Bu şəxslərin metropolitendən rahat istifadəsi üçün hansı yeniliklər tətbiq olunacaq? Onlar indi metrodan necə istifadə edə bilirlər?

- 2019-cu ildən bəri biz dünya praktikasında olan bir layihəni işə salmışıq. Bu layihə "Əlçatan metro" adlanır. Yəni əlil arabasından istifadə edənlər, ümumiyyətlə hər hansı bir səbəbdən metropoliten stansiyalarına enə bilməyən sərnişinlərimiz bu layihədən istifadə edə bilirlər. Belə ki, həmin sərnişinlər bir saatdan 24 saatadək həmin sifarişi verirlər və cəmi 20 dəqiqə ərzində də verilən sifarişi ləğv etmə hüququna sahibdirlər. Yəni bir saat ərzində sizə harasa getmək lazımdırsa, bir saat öncədən aidiyyəti nömrəyə zəng edirsiniz və bizim işçi personalımız sizi qarşılayır. Həmin əməkdaşlarımız xüsusi təlim keçmiş işçilərdir. Mövcud texniki qurğular vasitəsilə əlil arabasını stansiya platformasına endirirlər. Metropolitenin istisnasız istənilən platformasında və köhnə-yeni bütün qatarlarında fiziki məhdudiyyətli şəxslər üçün yerlər ayrılıb. Siz müəyyən olunan yerlərdə bizim işçilərin müşayiəti ilə mənzil başına çatırsınız. Siz stansiyanı tərk edənədək bizim əməkdaşlar sizi müşayiət edirlər. Hər bir sərnişin kimi öz gedişhaqqınızı ödəyirsiniz, qalan hallarda bu xidmətdən pulsuz istifadə edirsiniz. Qeyd edək ki, ola bilsin, hər hansı bir səbəbdən əlil arabanız yoxdursa, bizdə bu vasitələrdən var və metropoliten hüdudlarında həmin vasitələrdən istifadəyə imkan yaradılıb. Eskalatordan istifadə etmək üçün xüsusi arabalar var ki, biz onları yaxın günlərdə sifariş vermişdik. Onları almışıq və hal-hazırda sınaq mərhələsindədirlər. Əgər o sınaqlar uğurla başa çatsa, bu vasitələr texniki qurğularda işə salınacaq. Məlumat üçün deyim ki, bənövşəyi xətlərimizdə qeyd olunan şəxslərin fəaliyyətinin asanlaşdırılması üçün xüsusi liftlər var. Onlar birmənalı olaraq həmin liftlərdən rahat istifadə edə bilirlər. Digər yeni stansiyalarda da bun qayda mövcuddur. Ancaq əfsuslar olsun ki, köhnə stansiyalarda həmin funksiyaların fəaliyyəti mümkün deyil, orada bu liftləri quraşdırmaq olmur. Bu da texniki səbəbdir.

- Son olaraq, ictimaiyyətdə belə bir fikir səsləndirilir ki, Bakı Metropoliteni gedişhaqqını artıraraq 68 qəpik edəcək. Bu fikir həqiqəti əks etdirirmi?

- Metropolitenin sədr müavininin müsahibəsində ona sual verilmişdi ki, bir sərnişinin daşınması neçəyə başa gəlir? Bununla bağlı hələ 2023-cü il tamamlanmayıb deyə 2022-ci ildə sərnişindaşımanı formalaşdıran rəqəm səsləndirilib. Həmin 68 qəpik məsələsi verilən suala cavabdır. Yəni burada qiymət artımı ilə bağlı hər hansı bir niyyət yoxdur. Bu, müntəzəm verilən suallardan biridir. Həmin ifadədən sonrakı cümlə də bu oldu ki, müstəqil auditin rəyi daxil olduqdan sonra "Həmin 68 qəpik necə formalaşıb?", "Nə üçün məhz 68 qəpikdir?" -  bu suallara cavab veriləcək. Tariflə bağlı da həmin müsahibədə xüsusi məqam var ki, əvvəllər Tarif Şurası bu məsələnin tənzimləməsini həyata keçirirdi. Ancaq sentyabrın 2-də cənab prezidentin fərmanı ilə bu məsələyə dəyişiklik edildi və həmin səlahiyyət Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə verildi. Qarşıdakı müddət ərzində də bu məsələlərlə bağlı müəyyən vəzifə-tapşırıqlar qoyulub. Hansı ki, həmin tapşırıqlar yaxın 6 ay ərzində həll olunmalıdır. Bu, sadəcə olaraq metropolitenin şəffaf fəaliyyətinin açıqlandığını göstərən bir müsahibə idi. Əgər o müsahibədə rəqəm səsləndirilməsəydi, o zaman da şayiə yayıla bilərdi ki, metropoliten şəffaf çalışmır. Suala da cavab veriləndə söz-söhbət yaranır ki, qiymətlərə yenidən baxılacaq. Bu səlahiyyət Metropolitendə deyil, əvvəl tarif Şurasında idi, hal-hazırda isə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindədir. Həmin müsahibə ilə tanış olsanız, orada qiymət dəyişikliyindən söhbət getmədiyini görəcəksiniz.

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »