Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Quran yandıran miqranta İsveçin "qapısı" bağlandı - Deportasiya, 5 illik qadağa...
Quran yandıran miqranta İsveçin "qapısı" bağlandı - Deportasiya, 5 illik qadağa...

"Son aylarda İsveçdə Qurani-Kərimi yandıraraq təxribatlar törədən iraqlı Salvan Momikanın yaşayış vizasının müddəti bitdikdən sonra deportasiya edilməsinə qərar verilib".

Bizimyol.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu İsveçin İmmiqrasiya İdarəsinin mətbuat katibi Jesper Tenqrot "TV4" kanalına verdiyi açıqlamada söyləyib.

O qeyd edib ki, Momikanın 16 aprel 2024-cü ilə qədər işləmək və yaşamaq icazəsi var. Mətbuat katibi bildirib ki, bu tarixdən sonra ona yaşayış və iş icazəsi verilməyəcək, həmçinin Momika deportasiya ediləcək.

Tenqrot Momikanın hüquq-mühafizə orqanlarına yalan ifadə verdiyinə görə bu qərara gəldiklərini bildirib: "Biz onun yaşamaq və iş icazəsi üçün viza ərizəsində həmin şəxsin yalan ifadələr verdiyini aşkar etdik və bu səbəbdən onu deportasiya etmək qərarına gəldik. Həmin şəxsin deportasiya edildikdən sonra 5 il müddətinə İsveçə girişi qadağan ediləcək",- deyə bildirib.

Eyni zamanda iraqlının deportasiya qərarından şikayət edəcəyi və işi İmmiqrasiya Məhkəməsinə aparacağı gözlənilir.

Paytaxt Stokholmda Salvan Momika Qurban bayramının ilk gününə təsadüf edən 28 iyunda Stokholm məscidinin qarşısında polisin mühafizəsi altında Qurani-Kərimi yandırıb. O, iyulun 20-də Stokholmdakı İraq səfirliyi qarşısında, iyulun 31-də və 14-də isə İsveç parlamentinin qarşısında polisin mühafizəsi altında Qurani-Kərimi və İraq bayrağını tapdalayıb. Momika avqustun 24-də Stokholm məscidinin qarşısında Quranı yenidən yandırıb.

Sentyabrın 3-də Malmö şəhərində Momikanın polisin himayəsi altında Quranı yandırması və ona mane olmağa çalışan 15 nəfərin saxlanması ilə bağlı etiraz aksiyaları keçirilib. Momika sonuncu dəfə oktyabrın 21-də Stokholmun mərkəzində Quran və Fələstin bayrağını yandıraraq İsrailə dəstək aksiyası keçirib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »