Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Paşinyan hakimiyyəti başa düşür ki, onun olmayanı gerçək sahibinə təhvil verməyin zamanı çatıb"
"Paşinyan hakimiyyəti başa düşür ki, onun olmayanı gerçək sahibinə təhvil verməyin zamanı çatıb"

Ötən gün Ermənistan və Azərbaycan arasında delimitasiya komissiyaları arasında protokol imzalanıb. Protokol birbaşa olaraq qanuni əsası olan SSRİ Silahlı Qüvvələri Baş Qərargahının 1976-cı il topoqrafik xəritəsinə uyğun olaraq, Bağanıs - Bağanıs Ayrım, Voskepar - Aşağı Əskipara, Kirants - Heyrimli və Berkaber - Qızıl Hacılı yaşayış məntəqələri arasında sərhəd xəttinin hissələrini təsvir edir.

Xatırladaq ki, müvafiq işçi qrupları əvvəlcədən razılaşdırılmış koordinatları dəqiqləşdirmək üçün göstərilən ərazilərdə sərhəd sütunları quraşdırıblar. Bu koordinatlar qeyd olunan 1976-cı il xəritələrindən götürülmüşdü. Kartoqraflar yenə eyni xəritələrə əsaslanaraq, bu sütunlar arasındakı sərhəd keçid xətlərini razılaşdırdılar. Artıq bu ərazilərdə sərhəd xəttinin bərpası başa çatdırılıb, razılaşdırılıb, imzalanıb və bu ərazilərdə sərhəd delimitasiya edilmiş sayılır.

Niyə delimitasiya prosesi üçün SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının 1976-cı il xəritələri seçilib?

Qeyd edək ki, SSRİ-nin dağıldığı dövrdə de-yure hüquqi əsası olan xəritədir.n Yəni əslində Azərbaycanla Ermənistan arasında yeni, sərhəd yaradılmadı. SSRİ dövründə olan sərhədlər bərpa edildi. Bu xəritələr SSRİ dağılana qədər istifadə edilirdi.

Hazırda bu proseslərin fonunda Ermənistanda etiraz aksiyaları davam edir. Görünən odur ki, bu aksiyalar Azərbaycanla Ermənistan arasında delimitasiya prosesinə təsir etməyəcək, hətta Paşinyanın hakimiyyətdən uzaqlaşdırılmasına da nail olmaq mümkün olmayacaq. Çünki artıq Paşinyan hakimiyyəti də başa düşür ki, onun olmayanı gerçək sahibinə təhvil verməyin zamanı çatıb. Proseslər bu minvalda davam edərsə, yaxın zamanlarda sülh müqaviləsinin imzalanacağı istisna edilmir. Çünki Qafqazda təhlükəsizliyə və sülhə gedən yol Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasından keçir.

Ermənistanın baş naziri Nikol Paşinyan, Ermənistan və Azərbaycan sərhədinin demarkasiyası üzrə komissiyalar arasında Protokolun imzalanmasını böyük uğur hesab edir.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »