Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Qərb Qafqazda yeni intriqalar yaratmağa çalışır, Azərbaycanın olmadığı masada sənəd imzalanır"
"Qərb Qafqazda yeni intriqalar yaratmağa çalışır, Azərbaycanın olmadığı masada sənəd imzalanır"

Azərbaycan Ermənistanla sülh müqaviləsi imzalanması üçün 5 bənddən ibarət şərtlər irəli sürmüşdü. Bu şərtlər içərisində əsas məqamlar Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından əl çəkməsi, sərhədlərin delimitasiyası- demarkasiyasının aparılması, yəni müəyyənləşdirilməsi idi.

Bu barədə Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu Bizimyol.info xəbər portalına sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı fikirlərini paylaşarkən danışıb. O, qeyd edib ki, həqiqətən də Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün mütləq şəkildə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü rəsmi sənəd üzərində tanıması çox vacibdir. Lakin Ermənistan bu günə qədər bunu etməyib, sadəcə olaraq imitasiyalarla məşğul olub.

Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu

“Azərbaycan prezidenti dəfələrlə Ermənistandan tələb etdi ki, Ermənistan şifahi yox, sənəd üzərində Azərbaycanın ərazi bütövlüyünü tanısın. Düzdür, Qranadada imzalanan dörd tərəfli bəyanatda Azərbaycanın ərazisi göstərilir. Amma orada Azərbaycan iştirak etməmişdi. Azərbaycanın iştirakı olmadan Azərbaycanın da o bəyanata daxil edilməsi legitim sayıla bilməz. Ermənistan yenə imitasiya və intriqalarla məşğuldur”- deyən deputat hesab edir ki, Qərb də regionda geosiyasi intriqalar yaratmağa çalışır. Bu da ayrıca görünən məsələdir. Və Azərbaycan haqlı olaraq, sərhədlərin dəqiq delimitasiyasının və demarkasiyasının aparılmasını tələb edir.

Deputatın sözlərinə görə, 1991-ci ildə Alma-Ata deklarasiyası imzalanıb. Həmin o deklarasiyaya əsasən ittifaq vaxtındakı sərhədlər müstəqil dövlətlərin sərhədini təyin edirdi. Həmin dövrdə də Azərbaycanın sərhədləri aydın göstərilmişdi. Azərbaycan müstəqil olduqdan sonra BMT-yə 86,6min km² ərazisi ilə üzv qəbul olundu.

“Yəni bu da o deməkdir ki, beynəlxalq müstəvidə də Azərbaycanın ərazi bütövlüyü öz təsdiqini tapmışdı. Bu günki reallıqlar çərçivəsində sərhədlərin dəqiq delimitasiyasının və demarkasiyasının aparılması ilkin şərtdir. Ermənistan Azərbaycana qarşı əsassız ərazi iddiaları ilə çıxış edərək, ölkəmizin ərazisinin 20 faizinə qədərini 30 ildən artıq bir zamanda işğal altında saxlamış bir ölkədir. Bu baxımdan keçmiş münaqişənin xarakteri tələb edir ki, Ermənistan Azərbaycanın rəsmi şəkildə ərazi bütövlüyünü tanımalıdır. Sərhədlərin dəqiq delimitasiyasının demarkasiyasının aparılması olduqca zəruridir. Bunlar olmasa, Azərbaycanla Ermənistan münasibətlərinin normallaşdırılması haqqında danışmaq üçün əsas olmaz”-deyə Elşad Mirbəşiroğlu vurğulayıb. O, qeyd edib ki, 2021-ci ildə yanvar ayının 11-də Moskvada imzalanmış sənədə əsasən də kommunikasiyaların açılması, iqtisadi lahiyələrin həyata keçirilməsi, ayrıca olaraq sərhədlərin delimitasiyasının və demarkasiyasının aparılması vacib məqam kimi ifadəsini tapıb. Həmin vaxt müvafiq olaraq, Azərbaycan-Rusiya-Ermənistan baş nazirlərinin müavinləri səviyyəsində işçi qrupu da yaradılmışdı ki, onlar da kommunikasiyanın açılması, iqtisadi lahiyələrin həyata keçirilməsi məsələləri ilə yanaşı sərhədlərin müəyyənləşdirilməsini də diqqət mərkəzində saxlamalı idilər. Yenə də Ermənistanın destruktiv fəaliyyəti bu istiqamətdə hər hansı bir nəticəyə gəlməyə imkan vermədi.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »