Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rəcəb Tayyib Ərdoğan: "Bu müharibə deyil, qətliamdır"
Rəcəb Tayyib Ərdoğan: "Bu müharibə deyil, qətliamdır"

Bu gün Türkiyə Prezidenti və Ədalət və İnkişaf  partiyasının sədri Rəcəb Tayyib Ərdoğan partiyanın TBMM Qrup Toplantısında çıxış edib. Ərdoğan deyib ki, İsrail dövlət yox, təşkilat kimi davranarsa, ona qarşı da təşkilat kimi davranılacaq.

Bizimyol.info xəbər verir ki, prezident Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə mülki şəxslərə qarşı heç bir hərəkətə və ya mülki yaşayış məntəqələrini hədəf alan hər hansı hücuma haqq qazandırmır.

"Biz hesab edirik ki, müharibənin əxlaqı var və tərəflər ona əməl etməlidir. Təəssüf ki, bu prinsip İsrail və Qəzzada gedən münaqişələrdə ciddi şəkildə pozulur. Biz açıq şəkildə İsrail ərazisində dinc əhalinin öldürülməsinə qarşıyıq. Eynilə, Qəzzada günahsız insanların davamlı bombardmanlara məruz qalaraq, fəq qoymadan dinc sakinlərin qətlə yetirilməsini heç vaxt qəbul etmirik. Bir şəhərin suyunu, işığını, giriş-çıxışını kəsərək, infrastrukturunu çökdürməklə, bütün məscidlərin, kilsələrin, ibadət yerlərinin və məktəblərin dağıdılması, insanların ən zəruri insani ehtiyacların əldə edilməsinin qarşısının alınması, mülki əhalinin yaşadığı binaların bombalarla dağıdılması, bir sözlə, hər cür biabırçı üsulların tətbiqi ilə həyata keçirilən qarşıdurmaya, müharibə deyil, qətliam deyilir", - deyə Ərdoğan bildirib. O, qeyd edib ki,  Qəzzaya qeyri-mütənasib və əsassız hücumları İsraili dünya ictimai rəyi qarşısında gözlənilməz və arzuolunmaz vəziyyətə sala bilər. Prezident: "Mülki yaşayış məntəqələrini bombalamaq, mülki insanları qəsdən öldürmək, bölgəyə humanitar yardım aparan maşınların qarşısını dayandırmaq və bunların hamısını bacarıq kimi təqdim etməyə çalışmaq dövlətin deyil, təşkilatın refleksi ola bilər. İsrail unutmamalıdır ki, əgər dövlət deyil, bir təşkilat kimi davranarsa, nəticədə ona təşkilat kimi davranılmağa başlayacaq. Sözləri, anlayışları, faktları dəyişdirərək, insanların fitri əsas hüquq və azadlıqlarına ehtiyatsızcasına zərbə vurmaqla, vədlərini pozmaqla həyata keçirilən siyasətdən yaxşı nəticə gözləmək olmaz. Regionda münaqişələrin və insan faciələrinin davam etməsinə nə region, nə də dünya dözə bilməz", -  deyə prezident qeyd edib.

"Biz ABŞ, Avropa və digər regional dövlətləri tərəflər arasında ədalətli mövqe tutmağa çağırırıq. Tərəfləri moderatorluğa dəvət edirik. Bazar ertəsindən bəri bu istiqamətdə çoxlu telefon zəngləri etmişəm. Türkiyə olaraq üzərimizə düşən hər şeyi etməyə hazırıq. Biz daha qan tökülməməsini istəyirik. Bir daha qeyd etmək istərdim ki, bölgəyə daimi sülh ancaq 1967-ci il sərhədlərində, paytaxtı Şərqi Qüds olan, BMT qətnamələri əsasında müstəqil Fələstin Dövlətinin yaradılması və bütün dünya tərəfindən tanınması ilə gələ bilər", - deyə Türkiyə Prezidenti bildirib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »