Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sinaqoq, muzey, Albert Aqarunovun evi, Tağlı körpü… - Qırmızı qəsəbədən videoreportaj
Sinaqoq, muzey, Albert Aqarunovun evi, Tağlı körpü… - Qırmızı qəsəbədən videoreportaj

Azərbaycanda dağ yəhudilərinin yaşadığı Qırmızı qəsəbə hər zaman diqqətimi çəkirdi. Bu yay nəhayət ki, Qırmızı qəsəbədə oldum, tarixi abidələrini gəzdim. Dağ yəhudilərinin yaşantıları, həyat tərzi, Azərbaycanda məskunlaşmaları, dini təriqətləri, bayramları, mətbəxləri və s. ilə tanış oldum. Mətbəxlərinin dadına baxmaq istəsəm də, təəssüf ki, bu yeməklərin hazırlandığı bir restoran qarşımıza çıxmadı. Gəzə-gəzə gəlib Tağlı körpüyə çıxdıq. Öncə qeyd edək ki, Tağlı körpü avtomobillər üçün qapalıdır. Piyada olaraq, üzərində gəzib, foto çəkdirə bilərsən. Maraqlı tarixi var, Tağlı körpünün…

Tarixi mənbələr görə, 1894-cü ildə Qudyalçayın üzərində tikilib. Elə digər adı da Qudyalçay körpüsüdür. Körpü böyük tarixi əhəmiyyətə malikdir. XIX əsrdə Qubada 7 körpü olsa da, bu günə qədər ancaq Tağlı körpü gəlib çatıb. Körpü əvvəlcə dirəklər üzərində taxtadan qurulub. Bu hardasa 1851-ci ilə təsadüf edir. Amma taxtadan olduğu üçün uzunömürlü olmayıb. Sonradan Tağlı körpünün tikilməsinə qərar verilib. Körpünün dayaqları kərpiclə hörülüb. Dayaqlar arasında enli tağlar var. Körpü bir neçə dəfə restavrasiya edilib. Hazırda isə tarixi abidə kimi qorunub saxlanılır. Qırmızı qəsəbəyə yolunuz düşərsə, mütləq bu tarixi abidəni də görməyə gedin.

Qırmızı Qəsəbədə gəzərkən insan özünü qəribə bir aləmdə hiss edir. Sanki tarixi vərəqləyirsən. Sinaqoq, muzey, körpü, Albert Aqarunovun evi… Addım-addım gəzib keçən tarixi iliklərinə qədər hiss edə bilirsən.

Əslində, Qırmızı qəsəbəni daha çox gəzə bilərdik. Amma bəzən baş verən kiçik poblemlər insanın daxili aləminə təsir edir və heç nə görmək istəmirsən… Düşünürəm ki, bir daha Azərbaycana gəlsəm, yenidən Qırmızı qəsəbəyə baş çəkib, dağ yəhudilərinin mətbəxindən dadmağa çalışacam. Ümid edirəm ki, o zamana qədər yəhudi yeməklərinin hazırlandığı bir restoran istifadəyə verilər…

Sizə bir tövsiyyə; Qubaya təkcə istirahət üçün getməyin, tarixi abidələri də gəzin. İstirahət unudulur, amma gördüyünüz tarixi abidələr və mənzərələr yaddan çıxmır. Mənim yaddaşımda Quba Soyqırım Memorial Kompleksi, Dağ Yəhudilərinin muzeyi, Tağlı körpü və sinaqoq xüsusi yer etdi…

Bilmədiklərimi də öyrəndim… Bu Quba səfərimiz çox fərqli, maraqlı idi…

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »