Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərəb ölkələrindən gələn turistlərin sayı azalıb, müharibədən qaçan rus "turist"lər Azərbaycanı seçib
Ərəb ölkələrindən gələn turistlərin sayı azalıb, müharibədən qaçan rus "turist"lər Azərbaycanı seçib

İlin ilk 8 ayı ərzində Azərbaycana 183 ölkədən turist gəlib. Ümumilikdə ölkəyə 1 343 mindən çox əcnəbi və vətəndaşlığı olmayan şəxs təşrif buyurub. Keçən ilin analoji dövrü ilə müqayisədə 33,8 faiz artım olub.

Bizimyol.info xəbər verir ki, ərəb dövlətlərindən gələnlərin sayında azalma müşahidə edilir. Keçən ilin sentyabrına qədər körfəz ölkələrindən 10,2 faiz daha çox şəxs gəlmişdi. Həmin istiqamətdən cəmi 228,4 min nəfər Azərbaycan sərhədlərini keçib. Türkiyənin və Gürcüstanın sərhəd xidmətlərinin məlumatları göstərir ki, ərəb ölkələrinin vətəndaşları indi daha çox bu dövlətlərə getməyə üstünlük verir. Görünür, turizm şərtlərinin müqayisədə xeyli qənaətbəxş olması nəzərə alınır.

Azərbaycanda qiymətlər dayanmadan artır. Əvəzində Türkiyədə yerli valyutanın dəyərdən düşməsi turistlər üçün yaxşı imkanlar yaradıb. Gürcüstanda isə turizmin səviyyəsi dayanmadan artırılır. Yanvar-avqust aylarında MDB ölkələrindən gələnlərin sayı 1,6 dəfə çoxalıb. Avropa İttifaqına üzv dövlətlərindən buranı seçənlərin sayı xüsusilə artıb (37,8 faiz). Çin vətəndaşlarının Azərbaycanı seçməsi rəqəmlərdə xüsusi özünü göstərib. Təsəvvür edin, 8,2 dəfə artımdan söhbət gedir. Türkmənistandan 3,2, Hindistandan 2,4, Özbəkistandan 1,8 dəfə daha çox şəxs gəlib.

Azərbaycana gələnlərin nəzərəçarpan hissəsini Rusiya vətəndaşları təşkil edib. Bu ölkədən keçən illə müqayisədə 31,7 faiz daha çox turist gəlib. Hələ bilmirik ki, həmin şəxsləri turist adlandırmaq olar, ya yox. Çünki böyük hissəsi kişilərdir. Ukrayna müharibəsindən qaçanlar həm də Azərbaycanı uyğun yer hesab edib.

Ölkəmizə gələn turistlərin 71,9 faizi hava nəqliyyatına üstünlük verib. Xaricə səyahət edən Azərbaycan vətəndaşlarının isə 68,6 faiz bu variantı seçib. Başqa dövlətə yola düşən Azərbaycan vətəndaşlarının ümumi sayı 23 faiz artaraq 1 milyon 209 min nəfər olub. Rusiyaya gedən azərbaycanlıların sayı 1,5 dəfə, Gürcüstana 33,6 faiz, 13,7 faiz artıb, İrana gedənlərin sayı 20 faiz azalıb. Ölkə vətəndaşlarının 44,3 faizi Türkiyəyə, 21,3 faizi Rusiyaya, 9,1 faizi Gürcüstana, 7,4 faizi İrana, 17,9 faizi digər ölkələrə səfər edib. Gedənlərin 65,1 faizi kişilər, 34,9 faizi qadınlar olub.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »