Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İnsanlar daha az evlənməyə, daha çox boşanmağa başlayıb - "Niyə birlikdə yaşadıqlarını bilmirlər"
İnsanlar daha az evlənməyə, daha  çox boşanmağa başlayıb - "Niyə birlikdə yaşadıqlarını bilmirlər"

İlin ilk 7 ayı ərzində ölkədə boşanmaların sayı açıqlanıb. Heyrət doğuran mənzərə göz qabağındadır. İndiyə qədər insanlar heç bir statistikaya söykənməyərək, müşahidələr əsasında boşanmaların sayının çox artdığını deyirdilər. İndi statistika da dil açıb danışır. İlin əvvəlindən avqusta qədər ölkədə 12 min 610 boşanma qeydə alınıb. Günə 60 boşanma hadisəsi düşür.

Bizimyol.info xəbər verir ki, eyni zamanda nikahların sayı da azalıb. İlin yanvar-iyul aralığında 29 min 191 nikah rəsmiləşib. Əhalinin hər 1000 nəfərinə düşən göstərici 4,9 olub. Ötən ilin müvafiq dövründə göstəricinin 6,1 olduğu məlumdur. Ölkədə insanlar daha az evlənməyə, həm də çox boşanmağa başlayıb.

Boşanmaların sayının əvvəlki illərlə müqayisədə xeyli artdığı görünür. Məsələn, 2014-ci ilə qədər heç bütün il ərzində 12 min boşanma qeydə alınmırdı. İndi isə 7 ay ərzində bu cür mənzərə ilə qarşılaşmışıq. Belə görünür ki, ilin sonuna qədər göstərici 20 mini aşacaq. Müstəqillik dövründə heç vaxt belə halla rastlaşmamışıq.

Boşanma sayının artması sosial mediada çox müzakirə olunub. Bir çox səbəblər yazılıb. Özünü tanımadan evliliyə atılmaq, məcburi evlilik, sevgisizlik səbəb kimi göstərilib. Gigiyena amilini qabardanlar da olub. Məsələn, partnyorlardan birinin dişini heç vaxt yumaması. Erkən evlilik də pislənilib. İstifadəçilərdən birinin “kasıblıqdan evlənib, kasıblıqdan boşanmaq” ifadəsi təbəssüm yaradır.

Boşanmaların sayının artmasını normal qarşılayan, hətta bunun yaxşı hal olduğunu bildirənlər də var. “Olduqca təbii prosesdir. İnsanların şüurları inkişaf edir və daha öncədən fərqində olmadıqları şeylərin fərqinə varmağa başlayırlar”, - rəylərdən birində belə yazılıb.

Bizimyol.info xəbər portalına danışan psixoloq Zeynəb Eyyubova əsas səbəbin gənclərin evlənəndə bir-birini tanımamasını, ortaq hədəflərin yoxluğunu, prosesə məsuliyyətsiz yanaşma olduğunu göstərmişdi.

Vəkil Rəşad Əliyev də tərəflərin üzərinə öhdəliklər götürməyə hazır olmamasının vacib rol oynadığını düşünür. Azərbaycanda məhkəmə qərarlarından görünür ki, tərəflər daha çox “xarakterimiz uyğun gəlmədi” ifadəsindən istifadə edirlər. Xəyanət də boşanma səbəblərindən biri kimi göstərilir. Sosial amillər də çox önə çıxarılır. Azərbaycanda məhkəmə qərarlarını oxuyanda qənaətə gəlirsən ki, insanlar bir sıra hallarda nikahın məsuliyyətini anlamır. Niyə birlikdə yaşadıqlarını bilmirlər.

Boşanma mədəniyyəti də yoxdur. Boşananda bir-birinə qarşı ağlasığmaz tələblər irəli sürürlər. Onsuz da, ölkədə sosial şərtlər qənaətbəxş deyil. Ailə institutu həm də maliyyə müstəvisində sabitlik olmamasından çox sarsılır.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »