Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qarabağdan qaçış və ya ikinci “dövlət”in fiaskosu
Qarabağdan qaçış və ya ikinci “dövlət”in fiaskosu

Ermənistan ordusunun tör-töküntülərinin Laçın sərhəd-buraxılış məntəqəsindən keçidini izləmək çox maraqlıdır. Adlarını “tələbə” qoyublar. Ancaq tələbdən başqa nəyə desən oxşarlıqları var. Sıra düzülüşündən, əsgər yerişindən, zabit duruşundan özlərini dərhal ələ verirlər. Bəziləri hətta hərbi formanı dəyişmək üçün normal mülki geyim də tapa bilməyiblər; idman kostyumundadırlar. Bəlkə də Azərbaycan sərhədçilərinin onları “qaz yerişi” yeridəcəyini də düşünüb belə geyinib gəliblər.

Hər halda əli silah tutan erməniəsilli şəxslərin Qarabağdan çıxması Azərbaycanın öz hədəflərinə daha inamla yaxınlaşdığını göstərir. Azərbaycan sərhəddini keçib Ermənistana qaçan hər bir erməni döyüşçünün gedişi Xankəndinə bayraq sancacağımız günün yaxında olduğuna daha bir işarədir.

Bu qaçış həm də bir çox rəmzi məna çalarları daşıyır; Azərbaycanın əsgərinin qabağından qaçan da var, Azərbaycanlı müstəntiqlərin haqlı sərt suallarından yayınmaq istəyənlər də. Onların hamısı, ya da çoxu Azərbaycan bayrağını endirib tapdalayaraq, əlində silahla, bax, həmin bu Laçın yolundan keçib qalib əda ilə Qarabağa gəlmişdilər. İndi silahsız, rəzil günə düşüblər və Azərbaycan bayrağının altında keçib həmin Laçın yolundan – gəldikləri yolla çıxıb gedirlər. Bu, Azərbaycan dövlətinin və millətinin böyük mənəvi qələbəsi deyilmi?!

Təbii ki, Qarabağı tərk edən hər bir erməniəsilli hərbi və ya mülki şəxs Azərbaycan ərazisində ikinci “erməni dövləti” yaratmaq xülyasının boşa çıxmasının daha bir əlaməti, sübutudur. Azərbaycan dövləti həmişə deyirdi ki, öz ərazisində “ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcək”. Bəli, imkan vermir və verməyəcək.

Bu bəyanatlarda vurğulanan təkcə Qarabağda qondarma “respublika” qurulmasının qarşısının alınacağı deyildi. Həm də Azərbaycan rəsmiləri, xüsusilə, dövlət başçısı bu ifadəni işlədərkən Ermənistanın özünün də Azərbaycan torpaqlarında qurulmuş olması faktını qabardırdılar. 20-ci əsr boyu indiki Ermənistandan qovulmuş azərbaycanlıların probleminin də Qərbi Azərbaycan İcması platformasında gündəmə daşınması, ölkə prezidenti səviyyəsində bu quruma, bu icmaya siyasi və mənəvi dəstək verilməsi göründüyündən də böyük, önəmli hadisələrdir. Azərbaycan dövləti Qarabağdakı ermənilərə hələ çox illər qabaq bu təklifi vermişdi: “Ya qanunlarıma tabe olun, qalın yaşayın, ya da çıxın, gedin”. Azərbaycan erməniəsilli şəxslərə seçim haqqı tanıdı. Ancaq Ermənistanın qanunlarına uyğun şəkildə Qərbi Azərbaycanda yaşayan türklərə, müsəlman kürdlərə seçim haqqı vermədən: “Çıxın, gedin” demişdi. Hətta bir çox yaşayış məntəqələrini – kəndləri, evləri, əmlakı yandımışdılar ki, insanlar məcbur qalıb çıxsınlar. Kütləvi qətliam, soyqırım halları da vardı. Azərbaycan isə daşınmaz əmlakını satmaq istəyənə, daşınar əmlakını aparmaq istəyənə imka verir, vaxt verir. Dözüm göstərir. Fərqi görürsünüzmü?!

Amma ən əsas fərq başqadır: Ermənistan öz vətəndaşı olan azərbaycanlıları zorla öz evindən, yurdundan qovmuşdu. Azərbaycan isə onun vətəndaşlığından imtina edənlərə, Azərbaycan vətəndaşı olmaq istəməyənlərə çıxış qapısını göstərir. Azərbaycan vətəndaşı olmaq, yaxud olaraq qalmaq istəyənlərə isə qucaq açır. Üstəlik Qərbi azərbaycanlılar Ermənistandan deportasiya olunana qədər öz tarixi torpaqlarında yaşayırdılar, Qarabağ ermənilərinin əcdadları isə həmin əraziyə İrandan gəlmələrdir. Buna da baxmadan Azərbaycan onun suverenliyi altında yaşamaq istəyən erməniəsilli şəxslərə öz vətəndaşı kimi baxır və təminatlar təqdim edir.

Dünya bu fərqləri görə bilirmi?! Təəssüf ki, bəzi xarici media orqanları məqsədli, təmənnalı və qərəzli şəkildə vəziyyəti dünyaya başqa cür göstərir. Belə bir rəy yaratmağa çalışır ki, guya Azərbaycan Qarabağdakı erməniəsilli əhalini öz ərazisindən qovur.

Bunun heç də belə olmadığını özləri də çox yaxşı bildikləri halda gerçəkliyi təhrif edirlər. Fransaya gəlmiş bir əcnəbi əgər o ölkənin qanuni prosedurlarına uyğun şəkildə Fransa vətəndaşlığını qəbul etməyibsə, o şəxs Fransada istədiyi qədər və ya əbədi olaraq qala, yaşaya bilərmi?! Eləcə də, istənilən başqa ölkədə. Hətta həmin ölkənin vətəndaşlarının bir qrupu Fransanın qanunlarına tabe olmaqdan imtina edirsə, bununla da qalmayıb dövlətə qarşı silah qaldırırsa, Fransa prezidenti və hökuməti onların başını sığallayır?! Xeyr! Hətta pensiyasını tələb edən nümunəvi vətəndaşlarının belə başına dəyənəklə vurur. Bununla belə hələ “tələb edir” ki, Azərbaycan öz qanunlarını tapdalayan, ərazisində qondarma rejim quran, qanunsuz silahlı dəstə yaradıb, Azərbaycan xalqına, ordusuna ölüm saçan güruhu öpüb-sığallayıb bağrına bassın.

Xeyr! Elə şey olmayacaq. Yoxdur belə bir dünya!

Azərbaycan bu yöndə öz siyasətini həm beynəlxalq və milli qanunlara, həm də insani - humanist prinsiplərə uyğun qurub və aparır. Heç bir kənar təsir və təhdid də onu dayandırmır. Bunun çox sadə səbəbi var: Azərbaycan güclü olduğu üçün “haqlı” deyil. Haqlı olduğu üçün güclüdür. Bütün basqılar və böhtanlar qarşısında da ona görə ayaqda qala bilir.

Bu qədər sadə və aydın!

Bahəddin Həzi, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »