Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Afaq Vasifqızına oxucu məktubu
Afaq Vasifqızına oxucu məktubu

Çox illər əvvəl Flarmoniyada yenə bir möhtəşəm axşam havası vardı. Qələm adamlarına "Media açarı" adlı ödül paylanacaqdı. Mərkəzləşdirilmiş soyutma sisteminin belə ,"sındıra" bilmədiyi iyul bürküsünə bükülmüş xoş həyəcanlı intizar çökmüşdü salona. Birdən səhnə arxasından - kulisin dərinliklərindən tanış addım səsləri eşidildi. Asta tembrdə səslənən lirik fon musiqisi bu addım səslərini publikaya çox zərif bir melodik "sousda" servis elədi. Sanki bu səslər də fon melodiyasının bir parçasıydı; sərrast, ləngərli qadın addımlarının sehrli ritmi o notlara, o tonallığa, yüngül keçidlərlə bir-birini əvəzləyən o səs rənglərinə inamlı, hətta iddialı təntənə qatırdı...

Addım səsləri yaxınlaşdı, yaxınlaşdı və mikrofonun qarşısında kəsildi; axşamın aparıcısı artıq salona toplaşanları salamlayırdı. Mən isə sanki hələ də tanış addımların ritmini dinləyirdim. Və birdən o ritm verbal nitqin - sözlərin, kəlmələrin avazına "uduzub" səssizliyə çəkildi. Yüngül dekolteli uzun ziyafət geyimindəki aparıcı hündür dikdabanların üstündə qürurlu dayanmışdı və açılış nitqini yarılamışdı. Üzündəki təbəssümün ilıq səmimiyyəti salonun divarlarından və tavanından "boylanan" projektorların sayrışan gur və iddialı işıq zolaqlarının üzərində ehmalca gəzişirdi. Əlində mətn yazılmış kağızlar xəfif həyəcandan astaca titrəşirdi. Ancaq o, çıxışını kağızdan oxumurdu, sadəcə, arabir gözucu baxırdı. Hiss olunurdu ki, danışdıqları vərəqdən deyil, ürəkdən gəlir.

- Zaman gələcək, biz xəbərin rəngini də gözümüzlə görəcəyik, dadını da damağımızda hiss edəcəyik,-dedi.

"Əhsən, bax, bu ki, bizik! Bu, bizim nəsildir. Bizim Afaqdır" deyə beynimdən fikir keçdi. Sanki şimşək kimi çaxıb söndü. Ancaq işığının izləri arxa yaddaşa çöküb qaldı.

Zaman gəldi, keçdi, getdi.

Yox, biz xəbərin rəngini görmədik, dadını dadmadıq. Amma... zamanla hər şeyin rəngi-çaları da, dadı-duzu da getdi elə bil.

Jurnalistikaya çox zaman peşə kimi baxılır. Ancaq o bir peşə deyil, sənətdir. Hətta sənət də deyil, taledir. Bu taleni biz özümüz seçmişik. Ya da tale bizi özü üçün seçib. Nə bilim! Heç bəlkə Afaq da bu sualın cavabını bilmir. Bircə onu bilirik ki (hər ikimiz bilirik) o zamanın jurnalistikası məişət, hətta ticarət praqmatizminə qapılıb getmiş, gündəlik qazanc qovğasına uduzmuş bir psevdosənət deyildi. Biz yaşadığımızı yazmırdıq, yazdıqlarımızı yaşayırdıq. Yaradıcılıq həm də bizim həyatımızdır. Ona görə bir dəfə yazmışdım: "Medianın "qızıl dövrü" getdi, qır-qızıl dövrü gəldi".

Amma hər nə qədər o "qızıl dövrü" itirmiş olsaq da, qazancımız qızıl kimi qiymətli qələmlər. Yox, "Qızıl qələm" almamış (talantının dəyər ekvivalentini öz pulu ilə almaq istəməmiş), ancaq qələmi qızıldan da artıq ayar qazanmış adamlar! Afaq o qızıl adamlardan - adını fikir jurnalistikamızın "qızıl fondu"na yazdırmış əvəzsiz, təkrarsız talantdır. Onun publisistikasının fəlsəfi yükü, ruhsal enerjisi məni həmişə heyran edib. Hardan haraya!

Afaq "Azadlıq" qəzetinə gələndə əvvəlcə oxucu məktubları ilə məşğul olmuşdu. Sonra qəzetin mədəniyyət şöbəsini yaratdı. Hətta deyərdim ki, mədəniyyətin fərqli mətbu versiyasını yaratdı. Bu xanımın iç dünyasından özü qədər zərif bir mədəniyyət çıxdı. Başqa cür də ola bilməzdi; özü mədəniyyətin içindən çıxmışdı. Yazıçı ailəsində doğulmuşdu, böyümüşdü. İntonasiya yaddaşı bəstəkar əmisinin bir-birindən zərif mahnılarının lirikasına köklənmişdi. İndiyə qədər də kökdən düşməmiş!

Dedim axı: Afaq bizim "Azadlıq" adlı yaradıcı ailəmizə qoşulanda oxucu məktubları ilə məşğul idi. Mən də indi Afaqın oxucusu kimi ona bir məktub yazıram.

Yazıram: "Afaq, bu dünyaya xoş gəlmisən! Gəlişin münasibətilə bu dünyanı təbrik edirəm! Jurnalistikamıza, publisistikamıza gəlmisən, xoş gəlmisən!

Jurnalistikamızı, publisistikamızı, eləcə də, teleməkanımızı, kinomuzu təbrik edirəm. Bir-birindən anlamlı və baxımlı sənədli filmlərə müəlliflik etmisən. O yazıların da, bu filmlərin də sənin qaynar və səmimi talantının, passionar yaradıcı profilinin sənədli sübutudur. Sən bizim sevdiyimiz, ailəmizin, sevdiklərimizin də, dostlarımızın da, qələm yoldaşlarımızın (tale ortaqlarımızın) da, oxucuların, dinləyicilərin, izləyicilərin də tanıyıb sevdiyi mükəmməl bir insan, möhtəşəm bir xanımsan. O gün Filarmoniyada ayaq səslərin uzun müddət yaddaşımdan silinmədi. Hətta heç silinmədi! Həyatımızda, sənətimizdə o sərrast və ləngərli ayaq səslərin həmişə eşidilsin! Bir zərif, lirik fon musiqisi kimi.

Bu məktubu bəlkə altmış, yetmiş, səksən illik yubileylərində yazmalıydım. Ancaq qorxdum ki, o zamana zamanım çatmaz; ürək sözlərimi ürəyimə yük edib gedərəm. Ona görə tələsdim. Ya da çox gecikdim. Bəlkə də (bəlkəsiz) bu cümlələri yazmağa yubandım; ya vaxtım çatmamışdı, ya talantım... Gec də olsa, yazdım. Nə yaxşı ki, bu dünyada varsan! Və nə yaxşı ki mənim dostumsan. Bizim dostumuzsan (mən bu oxucu məktubunu həm də yəqin ki, sənin bütün dostlarının adından yazıram). Ömrün mübarəkdir! Sağlıqla və şadlıqla yaşa!"

Məktubu oxuyub ürəyində dedin: "Dostum, bu qədər də uzatmasaydın..."

Qısası: həmişə bizimlə ol!

Bahəddin Həzi, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »