Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Sirab" suları ilə bağlı iddialara rəsmi cavab - "Sularımızın təkrar doldurulub satılması mümkün deyil"
"Sirab" suları ilə bağlı iddialara rəsmi cavab - "Sularımızın təkrar doldurulub satılması mümkün deyil"

Azərbaycanın məşhur su brendlərindən olan "Sirab" barədə cəmiyyətdə səslənən müxtəlif fikirlərlə əlaqədar ekspertlərin rəyinə baş vurduq, daha sonra isə "Sirab" ASC-nin Bakı ofisinə dəvət olunduq. Araşdırmalarımız nəticəsində əldə olunan məlumatları oxucularımızla bölüşmək qərarına gəldik.

"Azad İstehlakçılar" Birliyinin sədri, qida eksperti Eyyub Hüseynov Sirab sularının keyfiyyətini və istifadəçilərin bu su haqdakı fikirlərini bizə çatdıraraq, bildirdi ki, ona bu haqda kifayət qədər müraciətlər daxil olub: "Sirab sularının saxta olması ilə əlaqədar illər boyu daim mənə telefon zəngləri gəlir. Hətta bu suların hansısa köhnə şərab zavodunda doldurulduğu haqda məlumatlar daxil olur. Əsas məsələ; istehlakçılar bizdən sübut istəyirlər ki, mütləq bir miqdar analizi aparılmalıdır. Ölkəni bu qədər əhatə edən su nə qədər avtomobildə gələ bilər? Miqdarı həddindən çoxdur və bunu bilmək üçün əgər normal statistika varsa, ölkənin qapısından nə qədər girir və nə qədər satılır - öncəliklə bunu bilmək lazımdır. Ondan sonra bu barədə bir fikir söyləmək olar. Əhalinin ən böyük şübhəsi Naxçıvanda yox, məhz Bakı şəhərində həddindən artıq "Sirab" sularının olmasındadır. Bu da insanları şübhəyə salır. Düşünürəm ki, rəqəmlərin köməyi ilə bu məsələyə aydınlıq gətirmək olar. Bu haqda iqtisadçılara da müraciət ünvanlamışdıq ki, bir araşdırma aparılsın, amma təəssüf ki, onlar da heçnə etmədilər. Düşünürəm ki, "Sirab" sularının statistik məlumatları əsasında - nə qədər istehsal olunub və nə qədər satılıb - bunu araşdırmaq olar. lakin bu suların ictimai rəydə saxta olması ilə bağlı fikirlər geniş yer tutur. Bizə gələn telefon zənglərində bu, özünü göstərir. Ancaq əlimizdə bununla bağlı dəqiq fakt yoxdur" - deyə, ekspert bildirib.

İctimai rəylə və ekspert fikri ilə tanış olduqdan sonra məsələyə həm də bir vətəndaş gözü ilə baxmaq, həm də şübhə yaradan suallarımıza cavab tapmaq üçün "Sirab" ASC-nin Masazırda yerləşən Bakı ofisinə üz tutduq. Burada həm ofisin özü, həm də Naxçıvandan Bakıya "Sirab" daşıyan yük maşınlarının yüklərini boşaltmaları üçün böyük anbar yerləşir. "Sirab" ASC-nin rəsmi nümayəndəsi Sərkərdə Sərxanoğlu Bizimyol.info xəbər portalının suallarını cavablandıraraq, yaranmış mənfi fikirlərə geniş aydınlıq gətirdi: "Öncəliklə qeyd etmək istərdim ki, Sirab suları ölkəmizin suya olan tələbatının 30%-ni təmin edir. Bu sular təkcə vətəndaşlara yox, həmçinin dövlət qurumlarına, xüsusilə də ölkəmizdə yerləşən xarici səfirliklərə göndərilir. Yəni ölkəmizdə yerləşən müxtəlif dövlət qurumları, səfirliklər, futbol klubları və digər müəssisələr su ehtiyaclarını qarşılamaq üçün "Sirab"ı seçirlər, ondan davamlı istifadə edirlər. Yəqin ki, bu işdə sağlamlığın və təhlükəsizliyin nə qədər önəmli olduğunu qeyd etməyə ehtiyac yoxdur. İkinci bir məsələ isə "Sirab"ın su kranlarından doldurulması ilə bağlı iddialardır ki, bunların da heç bir əsası yoxdur. "Sirab" sularının keyfiyyəti və tərkibi haqda kim məlumat almaq istəsə, bizim Bakı ofisimizə gəlib, anbardakı sularla tanış olar. Eyni zamanda Naxçıvandan Bakıya "Sirab" sularını gətirən və günlərlə yüklərinin boşaldılmasını səbrlə gözləyən sürücülərdən də soruşa bilər.

Biz işimizi şəffaf görürük. Su şüşələrimiz heç vaxt ikinci dəfə istifadə olunmur və bu, mümkün də deyil. "Sirab"ın həm plastik, həm də şüşə materiallı qabları birdəfəlik istifadə üçündür. Həmin su qabları xüsusi pasterizə edilmiş üsullarla düzəldilir, üzərindəki etiketlər xüsusi qaydalarla hazırlanır. Nəticə etibarilə bu suların haradasa "ikinci əl" tərəfindən doldurulub satılması da mümkün deyil.

Qeyd edim ki, mağazalardakı məhsulların iki qat qiymətə satılması "Sirab" ASC-nin fəaliyyəti ilə bağlı deyil. Burada qiyməti qaldırıb, məhsulu baha satanlar mağazaların, kiçik köşklərin özləridir və onlar özəl sahibkarlıq müəssisələri olduğu üçün biz bu nöqtələrdə "süni" qiymət artımına müdaxilə edə bilmirik" - deyə, "Sirab" ASC-nin rəsmisi firma haqda yaranmış təəssüratlara aydınlıq gətirib və qeyd edib ki, "Sirab"ın şəffaflığı barədə daha dolğun informasiya almaq istəyən vətəndaşlarımızı Bakı ofisinə dəvət edə, media nümayəndələrini isə media-tur təşkil edərək, Naxçıvana - Sirabın istehsal olunduğu zavoda göndərə bilərlər.

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »