Bu gün azərbaycançılıq milli ideologiya kimi müstəsna rol oynayır, Azərbaycan cəmiyyətinin bütün mənəvi resurslarını uğurlu, rəqabətə davamlı, sıçrayışlı inkişaf üçün səfərbər edir. Bu ideologiyanın mövcudluğu iqtisadiyyatda, geosiyasətdə, elmdə, incəsənətdə və milli inkişafın digər sahələrində real modernləşmə sıçrayışlarının əsas şərtidir. Artıq sübut olunub ki, ictimai şüurda, dövlət və ictimai həyatın bütün sahələrində “tarixi itkilər”in, deqradasiya proseslərinin əsas səbəbi ruhlandırıcı ideologiyanın olmamasıdır. İdeologiyanın sosial hadisə kimi spesifikliyi də çox vacibdir. İstənilən cəmiyyətdə, istənilən siyasi rejimdə mövcuddur.
Eyni zamanda ideologiyanın özünəməxsus maddi ifadə formaları, konkret mənbələri, istiqamətləri, müəyyən biliklər toplusu, konkret informasiya sistemi kimi təsir obyektləri var. Əxlaq mədəniyyətinin fenomeni kimi ideologiyanın empirik nümayəndələri dəqiq müəyyən olunmayana qədər cəmiyyətdə bu və ya digər ideologiyanın yayılması üzrə fəaliyyətlər kor-koranə, belə demək mümkünsə, aşağı səmərəliliklə həyata keçirilir. Çünki bu halda, bir qayda olaraq, adekvat vasitələr və formalar mövcuddur, lakin kifayət qədər üsullar tapılmır. Bu səbəbdən ideologiya öz təbiətinə görə subyektiv bilik olmaqla elm tarixində siyasətlə məşğul olan müəlliflərin tədqiqat obyektinə çevrilmişdir. Bununla belə, elmi ədəbiyyatda ideologiyanın mənəvi mədəniyyət hadisəsi kimi mahiyyətinə dair obyektiv araşdırmalar hələ də azdır.
Burada digər mühüm məqam ondan ibarətdir ki, bütün sosial biliklər potensial olaraq ideoloji xarakter daşıyır, lakin o, müəyyən sosial hadisələri müəyyən qrupların ehtiyacları baxımından qiymətləndirirsə və bunun əsasında siyasi biliklərin inkişaf etdirilməsi üçün istifadə olunan konstruktiv ideyalar formalaşırsa, o zaman o, ideoloji xarakter daşıyır. Bu, son nəticədə cəmiyyətin və dövlətin inkişafında mühüm rol oynayır, milli həmrəyliyi formalaşdırır.
Yenə də azərbaycançılıq ideyası bunun real sübutlarından biridir. Xüsusilə, qlobal dəyərlərin böyük əhəmiyyət kəsb etdiyi bir vaxtda azərbaycanlıların müxtəlif dövlətlərin vətəndaşı olması onların milli birliyinə böyük maneə yaratmır. İlk növbədə ona görə ki, azərbaycanlıların öz siyasi iradəsini, adət-ənənələrini, dilini, dinini, azərbaycançılıq ideologiyasını ifadə edən müstəqil dövləti var.
Milli Məclisin deputatı Ceyhun Məmmədov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu gün qarşımızda duran ən önəmli məsələlərdən biri "Azərbaycançılıq" ideyasının formalaşdırılması, bu istiqamətdə addımların atılmasıdır.

“Biz bu məsələdə xüsusi olaraq ulu öndər Heydər Əliyevin fəaliyyətini vurğulamalıyıq. Yəni onun dövründən başlayaraq, bu istiqamətdə çox böyük və ciddi addımların atılmasına başlanıldı. Bu gün də, bu siyasət uğurla davam etdirilir. İndi yeni bir reallıq yaranıb, artıq Azərbaycan xalqı qalib xalqdır. Əvvəlki dövrdə biz daha çox qələbəmizin təmin olunmasına çalışırdıq. Çünkü torpaqlarımız düşmən tərəfindən işğal olunmuşdu. Tarixi torpaqlarımız illərlə düşmən tərəfin və onun müttəfiqlərinin siyasi "qəfəs"ində saxlanılırdı. İndi isə yeni reallıq yaranıb. Bu reallıq, fəal işlərin davam etdirilməsi və qarşıya qoyulan məqsədlərin nail olunmasıdır”-deyə deputat vurğulayıb.
Ceyhun Məmmədov əlavə edib ki, "bu gün müharibə bitsə də, Ermənistanın təxribatı yenə də davam edir və ölkəmizə qarşı addımlar müxtəlif istiqamətlərdə "mənfi" addımlar atır. Bu da bizi ciddi şəkildə düşündürməlidir və düşündürür".
Deputat qeyd edib ki, biz buna görə də səylərimizi davam etdirməli və müəyyən addımlar atmalıyıq.
Ceyhun Məmmədov hesab edir ki, burda əsas məsələ ənənələrin və dəyərlərin qorunmasıdır: "Milli dəyərlərə xüsusi həssaslıqla yanaşılmalıdır. Bu isə, olduqca önəmli bir məsələdir. Bu gün Azərbaycan bu istiqamətdə iş aparır".
Qeyd edək ki, ideologiya ictimai prosesləri əks etdirən və təsvir edən hal kimi obyektiv həqiqəti əks etdirməlidir. Çünki ideologiya əslində öz mahiyyətinə görə subyektiv bilikdir. İstənilən ideologiya daim modernləşməli, yenilənməlidir. Bu, azərbaycançılıq ideologiyasının üstünlüyünü şərtləndirən məqamlardan biridir. Bu ideologiya informasiya sistemi kimi də strukturlaşdırıla bilər.
İradə Cəlil, Bizimyol.info

Məqalə Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.
İstiqamət: 6.3.9. azərbaycançılıq ideyasının təbliği.