Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda təmiz hava axtaranlar...
Bakıda təmiz hava axtaranlar...

Hər kəs Bakının tıxaclarından, səs-küyündən, basabasından şikayət edir. Hamı: "Bakı yaşamalı yer deyil" deyə ah-vay edir, amma bu narazılardan heç kim də Bakıdan heç yerə çıxıb getmir.

Adama deyərlər: "Bakı yaşamalı yer deyilsə, niyə köçüb əyalətdə yaşamırsan?!" Vallah da! Amma, yox! Əksinə hamı elə bir ucdan Bakıya gəlir. Bilirsiniz, niyə?! Çünki elə bircə yaşamalı yer qalıb, o da, deyəsən, təkcə Bakı şəhəridir.

Ölkədə ümumi daxili məhsulun 90 faizindən çoxu Bakının payına düşür. Ən böyük sənaye müəssisələrindən tutmuş ali məktəblərə qədər Bakıda yerləşir. Ölkənin pulu Bakıda cəmləşib. Rayonda otura-otura bu pulu qazanmaq mümkün deyil axı. Gərək Bakıya gələsən. Rayonlara büdcədən, ehtiyat fondundan ayrılan pulların da əsas hissəsi yenə "otkat" kimi Bakıya qayıdır. Əyalətə qoyulan sərmayələrin də gətirdiyi qazanc əksərən Bakıya qayıdır.

Biz əslində adı "Azərbaycan Respublikası" olan dövlətin var-dövlətini Bakıya cəmləmişik. Bakının neftindən gələn gəlirin də əldə qalan hissəsi əsasən Bakıya xərclənir. Bakıda xərclənir.

Qazanc yerlərini Bakıda açırıqsa, qazanmaq istəyən, əlbəttə, Bakıya gələcək. Gədəbəyin, Daşkəsənin qızılını hasil edib, satıb qazancını Bakıya axıdırıqsa, Daşkəsənli, Gədəbəyli o qazancın dalınca Bakıya gələsidir də. Nə edəcək ki?! Rayonlarda ən yaxşı torpaqları, ən verimli əraziləri ya oliqarx biznesmenlər, ya da aqroparklar zəbt eləyib. Əyalət adamı üçün dolanışıq yeri qalmayıb deyə paytaxta cumur, burda da Bəhram Bağırzadə adlı "dəyənəyi" başına vururuq ki, get, kəndində otur, təmiz havadan ud, yaşa...

Təmiz hava demişkən, təkcə Bakıda, Sumqayıtda deyil, bir azdan rayonlarda da təmiz hava tapmaq müşkül olacaq. Azərbaycanın "ağ ciyərləri" qəddarlıqla dağıdılır. Meşə örtüyü onsuz da azdır; ərazinin 11,8 faizi. Müqayisə üçün deyək ki, qonşu Gürcüstanda bu rəqəm 30 faizin üstündədir. Ərazinin 3-də biri. Bizdə isə az qala 9-da biri. Fərq nə boydadır!

Hələ onu demirəm ki, bu 11,8 faiz də faktik rəqəm deyil; meşələr sürətlə qırılır. Ona görə Bakı kimi yarımsəhradakı 40 dərəcədən Şəkinin dağlarına qaçanlar gedib orda... 39 dərəcəyə tuş gələndə məyus olur. Dağlar da istidən alışıb yanır.

İndi Bakıda hava axtaranlar belə getsə, onu heç əyalətdə də tapa bilməyəcək.

Seyid Əhmədli, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »