Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tərtər işgəncələri: “Tualeti istifadə etməyə, çarpayıda yatmağa icazə vermirdilər, söyüş qoymuşdular...”
Tərtər işgəncələri: “Tualeti istifadə etməyə, çarpayıda yatmağa icazə vermirdilər, söyüş qoymuşdular...”

2017-ci ildə Tərtərdə hərbçilərə qarşı işgəncələrlə bağlı məhkəmə araşdırmaları davam edir. Hərbçilərə işgəncə verməkdə ittiham olunanların işi bir neçə qrupa bölünərək məhkəməyə göndərilib. Birinci 4 nəfərlik qrupun məhkəməsində artıq şahidlərin dindirilməsi mərhələsidir. Söhbət hərbi hissə komandiri olmuş polkovnik Vüsal Ələsgərov, hərbi hissənin qərargah rəisi, polkovnik-leytenant Rəşid Niftəliyev, müddətdən artıq xidmət etmiş kəşfiyyatçılar Ramil Qarayev və Rüstəm Ələsgərovdan gedir. Tərtər hadisələrini Bakı Hərbi Məhkəməsinin hakimləri araşdırsa da, məhkəmə prosesləri Sumqayıt Məhkəmə Kompleksində keçirilir.

Bizimyol.info xəbər verir ki, Tərtər hadisələrində işgəncəyə məruz qalmış Babək Baxşəliyev sonradan vəfat etdiyinə görə onun hüquqi varisi qismində qardaşı Bəhruz Baxşəliyev tanınıb. Lakin o, məhkəməyə gəlmir. Hakim Zeynal Ağayev onun Məhkəmə-Hüquq Şurasına, Ali Məhkəmənin sədrinə yazdığı məktubu elan edib. O yazıb ki, qardaşına işgəncə verilməsində günahkar saydığı vəzifəli şəxslər hələ də azadlıqdadır. Məsələn, korpus komandiri olmuş general Hikmət Həsənov, briqada komandiri olmuş polkovnik Teymur Məmmədovun və başqaları. Bu şəxslər cəzalandırılmadığı müddətdə məhkəməyə gəlməyin mənasız olduğunu düşünür və məhkəmədən də ədalətli nəticə gözləmir.

Budəfəki məhkəmə iclasında Hərbi Polis İdarəsinin Biləcəri şöbəsinin rəisi olmuş Bəhruz Musayev şahid qismində dindirilib. O, Tərtərdə işgəncələrə məruz qalan hərbçilərin sonradan Biləcəri hauptvaxtına gətirilməsi, uzun müddət orada saxlanmasıyla əlaqədar ifadə verib.

Məhkəmədə zərərçəkmişlər bildirmişdilər ki, onlar Biləcəridə hauptvaxtda olarkən də işgəncələrə məruz qalıblar. Orada döyülüblər, ac-susuz saxlanılıblar, hətta tualetə getməyə belə, imkan verilməyib.

Bəhruz Musayev isə ifadəsində deyib ki, ona Tərtərdən hərbçilərin gətirilməsi haqda məlumatı Hərbi Polis İdarəsinin rəisi 2017-ci ilin aprelində verib. Deyib ki, prokurorluq və Müdafiə Nazirliyinin rəhbər heyətinin göstərişidir, hauptvaxta hərbçilər gətiriləcək, yerlər hazırlanmalıdır:

“Şəxsi heyəti yığıb dedim ki, gətirilənlərdən heç kimi söyüb-döyməyin. Gündə 3 dəfə yemək verilirdi. Orada bir neçə hərbçinin əlində, üzündə xəsatərlər vardı. Tibb işçilərinə tapşırmışdım ki, onların sarğısını vaxtında dəyişsinlər...”

Onun diqqətinə çatdırılıb ki, zərərçəkmişlər məhkəmədə dindirilərkən hauptvaxtda hətta su belə verilmədiyini, bəziləri “pampers”lə gəzməyə məcbur edildiyini, əlləri, gözləri bağlı vəziyyətdə saxlandığını, beton döşəmədə yatdıqlarını demişdilər.

Bundan başqa, qanuna görə, hərbçiyə 10 gündən artıq həbs verilə bilməzdi. Amma bu hərbçilər orada daha uzun müddət saxlanılıb.

Bəhruz Musayev iddia edib ki, onlar daxili qaydaları pozduğuna görə özü qərar verərək, həbs müddətlərini artırıb.

“Əlləri, gözləri bağlı adamlar hansı qayda pozuntusuna yol verə bilərdilər?” – hakim Zeynal Ağayev ondan soruşub.

“Döşəməni cızmaq, qapını möhkəm döymək, axşam saat 10-dan sonra işığı yandırmaq kimi hərəkətlər də bir neçə sutka həbs müddətini artırmaq üçün əsas ola bilər. Mən oranın rəisi deyiləm, konkret deyə bilmərəm ki, kim neyləmişdi. Amma mənə sənədlər gətirilib, mən də qərar vermişəm”, - o, cavabında bildirib.

Əlavə edib ki, hauptvaxtda işgəncə alətləri olmayıb, kimsənin döyülməsinə göstəriş də verməyib. Onun sözlərinə görə, hərbçilərin əlləri və gözləri də açıq olub.

Məhkəmədə iştirak edən zərərçəkmişlər Bəhruz Musayevin yalan danışdığını, orada işgəncələrə məruz qaldıqlarını bildiriblər:

“Mən 10 gün yaralı vəziyyətdə orada olmuşam. Çarpayılar divara bağlı olurdu. Axşam yatmaq vaxtında açılmalıydı. Amma açmırdılar. Biz betonun üstündə yatırdıq. Əllərim, gözlərim bağlı olurdu. Qanım aşağı düşmüşdü deyə, soyuqdan dayana bilmirdim. Tualetdən istifadə eləməyə qoymurdular. İstifadə eləyənə söyüş qoyurdular. İndi gəlib burada yalan danışır ki, guya yaxşı şəraitdə saxlayıblar bizi. Sanki kurortda olmuşuq...”

Zərərçəkmiş Fərzəli Cahangirov da 20 gün orada ağır vəziyyətdə saxlandığını bildirib:

“O 20 gündə cəmi 1 dəfə yuyunmağa aparıblar. Onda da əynimizdə paltar ola-ola, başımıza soyuq suyu töküb, geri qaytarıblar...”

Zərərçəkmişlər əlavə edib ki, orada işgəncə halları da olub. Onlar baş verənlərə görə Bəhruz Musayevin də cinayət məsuliyyətinə cəlb olunmasını istəyib.

“Orada nə asma yeri, nə də tok olub. Bir nəfər işgəncə aləti göstərsə, özümü burada asaram. Atamın ruhu üçün mən kiminsə döyülməsinə göstəriş verməmişəm. Hər gün prokurorluğun nümayəndələri səhərdən gəlirdi, gecəyə qədər dindirmə aparırdı. Dindirmə bəzən gecə 3-ə qədər davam edirdi...”, - bunu isə Bəhruz Musayev bildirib.

Onun istintaqa ifadəsi elan olunub. O, ifadəsində bildirib ki, həmin vaxt Müdafiə nazirinin müavini, hazırda isə Baş Qərargah rəisi olan Kərim Vəliyevin göstərişi əsasında hauptvaxtda saxlanılan hərbçilər haqqında həbs qərarı verib.

Məhkəmədə çıxış edən təqsirləndirilən polkovnik Vüsal Ələsgərov bildirib ki, işgəncəyə məruz qalmış hərbçilərin qanunsuz azadlıqdan məhrum edilməsilə bağlı ona ittiham verilib. Onun sözlərinə görə, bu ittihamı daşımalı olan şəxslər azadlıqdadır: “Əslində o maddə ilə Hərbi Prokurorluğun, Baş Prokurorluğun rəsmilərini cəlb etmək lazım idi. Mən kim idim ki, bu adamları qanunsuz saxlayım? Siyahılar gəlirdi ki, filan hərbçiləri göndərin, mən də göndərirdim. Mən verilən əmrləri icra etmişəm...”

Tərtər işgəncələriylə bağlı məhkəmə araşdırmaları davam edir.

Bu qrupda cinayət məsuliyyətinə cəlb olunan 4 nəfər 2021-ci ilin dekabrında Tərtər hadisələrilə bağlı istintaq təzələnəndən sonra həbs edilib. Yeni araşdırmalardan sonra zərərçəkmişlərin sayı 452 nəfərə çatıb. Həmin hadisələr zamanı dövlətə xəyanət ittihamıyla həbs olunub, 20 ilə qədər azadlıqdan məhrumetmə cəzası almış şəxslərdən 19 nəfərin hökmü ləğv edilib. Onlar 5 il 6 ay həbsdə qalandan sonra bəraət alaraq, azadlığa çıxıblar. Bu şəxslərin bir çoxu təqsirsiz olduqları halda, dövlətə xəyanət ittihamıyla həbsdə olduqlarına görə kompensasiya tələbiylə məhkəməyə müraciət ediblər.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »