Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nəcməddin Sadıxovun bacısı oğlu Tərtər işgəncələrinə görə dindirildi
Nəcməddin Sadıxovun bacısı oğlu Tərtər işgəncələrinə görə dindirildi

2017-ci ildə Tərtərdə 500-ə yaxın hərbçiyə işgəncə verməkdə, nəticədə onlardan bir neçəsini öldürməkdə ittiham olunan şəxslərin mühakiməsi davam edir. Tərtər işgəncələrinə görə həbs olunan şəxslərin işi bir neçə qrupa bölünərək, məhkəmədə ayrı-ayrılıqda baxılır. Onların işinə Bakı Hərbi Məhkəməsinin hakimləri baxır. Lakin məhkəmə iclasları Sumqayıt Məhkəmə Kompleksində keçirilir.

Tərtərdəki keçmiş hərbi hissə komandiri, polkovnik Vüsal Ələsgərov, hərbi hissənin qərargah rəisi Rəşid Niftəliyev, o dövrdə kəşfiyyatçı-MAXE olmuş Ramil Qarayev və Rüstəm Ələsgərovun daxil olduğu 4 nəfərdən ibarət qrupun məhkəməsində hazırda şahidlərin dindirilməsi mərhələsidir. Bizimyol.info xəbər verir ki, bu qrupun işi üzrə budəfəki məhkəmə iclasında Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik Baş İdarəsinin keçmiş rəisi, general-mayor Ramil Əsgərov ifadə verib. O, 27 ildən artıq Azərbaycan Ordusunun Baş Qərargah rəisi, eyni zamanda, Müdafiə nazirinin birinci müavini olmuş Nəcməddin Sadıxovun bacısı oğludur. Özü də bunu məhkəmədə dindirilərkən təsdiqləyib. Etiraf edib ki, Nəcməddin Sadıxovun bacısı oğlu olduğuna görə ondan çəkinirdilər.

Tərtərdə işgəncələr 2017-ci il mayın 1-də başlayıb. Yüzlərlə əsgər və zabitləri köhnə qərargah binasına gətirdib, orada onları ermənilərə casusluqda ittiham etməyə, işgəncə verməyə başlayıblar. Ramil Əsgərov ifadə sində bildirib ki, onu mayın 7-də rəhbərlik Tərtərə orada gedən istintaqa kömək məqsədilə göndərmişdi. Orada hərbçilərə qarşı qanunsuzluqların şahidi olduğunu təsdiqləyən general bildirib ki, əlləri, gözləri bağlı vəziyyətdə saxlanılan adamlar görüb.  O zaman işgəncəyə məruz qalan, hazırda məhkəmədə zərərçəkmiş qismində iştirak edən şəxslər Ramil Əsgərovdan soruşub ki, şahidi olduğu qanunsuzluqların qarşısını niyə almırdı? Niyə bu barədə özündən daha yuxarı vəzifəli şəxslərə məruzə etmirdi? O, cavabında bildirib ki, korpus komandiri, general Hikmət Həsənov özü də orada idi, mütəmadi telefonla Müdafiə naziri və başqa səlahiyyətli şəxslərlə danışırdı. Onun sözlərinə görə, bütün səlahiyyət sahibləri baş verənlər haqda məlumatlı idi. 2020-ci ilin iyununda general-mayor retbəsinə layiq görülən Ramil Əsgərov elə həmin ilin oktyabrında vəzifəsindən azad edilib. O, məhkəmədə dindirmə zamanı deyib ki, 2020-ci il oktyabrın 23-də öz ərizəsilə işdən çıxıb. Həmin tarix isə ölkədə Vətən müharibəsinin getdiyi dövrə təsadüf edir.

Ali Məhkəmənin kollegiya sədrinin oğlu Tərtər işgəncələrində ittiham olunur

Ali Məhkəmənin Hərbi Kollegiyasının sədri Əziz Seyidovun oğlu Cəfər Seyidov da məhkəmədə ifadə verib. Tərtərdə işgəncəyə məruz qalmış şəxslər bildirirlər ki, həmin hadisələr zamanı Cəfər Seyidovun rəhbərliyilə “Sualtı Hücum” Dəniz Xüsusi Təyinatlıları gəlib və onlar da işgəncələrdə fəal iştirak ediblər. Lakin Cəfər Seyidov işgəncələrdə iştirak etmədiklərini, Tərtərə sadəcə, dindirmələrin həyata keçirildiyi binanın mühafizəsini həyata keçirməkdən ötrü getdiklərini deyib. O, əlavə edib ki, həmin hadisələr nəticəsində yaralananları hospitallara daşımaqda da iştirak ediblər. Zərərçəkmişlər isə bildirblər ki, Cəfər Seyidov yalan danışır, onun özü də, rəhbərlik etdiyi xüsusi təyinatlılar da günlərlə hərbçilərə ağlasığmaz işgəncələr veriblər. Tərtər işgəncələri ilə bağlı 4 nəfərlik daha bir qrupun məhkəməsində zərərçəkmişlərin dindirilməsi mərhələsidir. Beş nəfərlik daha bir qrupun məhkəməsi isə yaxın günlərdə başlayacaq.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »