Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Hədə-qorxu ilə işdən azad olundum" - Dövlət Turizm Agentliyi cərimələndi
"Hədə-qorxu ilə işdən azad olundum" - Dövlət Turizm Agentliyi cərimələndi
FHN-nin mayor rütbəli əməkdaşı Qobustan rayonunda yerləşən "Diri baba" türbəsinə öz "kadrlarını" hansısa yollarla təyin etdirib, türbədə Abidə mühafizəçisi vəzifəsində işləyən köhnə işçiyə isə əsassız böhtanlarla və təzyiqlərlə istefa ərizəsi yazdırılıb. Turizm Agentliyinin nəzdində olan "Diri Baba" türbəsinin işçilərini qohumluq, tanışlıq münasibətlərinə görə bu sahəyə tamamilə yad olan biri - FHN əməkdaşı "hansısa yollarla" işə düzəldib. İndi isə Qobustan rayonundakı "Diri Baba" türbəsində Turizm Agentliyinin yox, mayor rütbəli Cavid Məmmədovun "kadrları"nın sözü keçir. Onlar istənilən şəxsi çox rahatlıqla işindən qovur, istədiklərini isə işə götürə bilirlər.

Problemlə əlaqədar Bizimyol.info-ya müraciət ünvanlayan vətəndaş bildirib ki, məsələ ilə əlaqədar Əmək Müfəttişliyinə müraciət edib və hüququnun bərpası üçün ən yuxarı instansiyalara qədər müraciət edəcək. Zərərçəkmişin müraciət mətnini oxucularla bölüşürük:

"Mən, Babaşov Nasib Namik oğlu, 14.06.2021-ci ildən 07.06.2022-ci ilədək Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Şabran Regional İdarəsinin Qobustan rayonu üzrə Abidə Mühafizəçisi vəzifəsini icra edirdim. İşlədiyim müddətdə ölkə əhmiyyətli "Diri Baba" türbəsi də tabeliyimdə olub . 23.09 2021-ci ildə Dövlət Turizm Agentliyi tərəfindən "Diri Baba" türbəsində təmir işləri başladıldı. Həmin bərpa işlərində mən yaxından iştirak və köməklik göstərmişəm.

Bu əməksevərliyimi dəyərləndirərək Dövlət Turizm Agentliyinin rəhbərliyi tərəfindən mənə onlarla birlikdə işləmək təklif olundu. Mən də iş təklifini qəbul etdim. 09.06.2022-ci ildə Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin Abidələrin mühafizəsi və İdarə edilməsi sektorunun Abidə mühafizəçisi təyin edildim. İşlədiyim müddətdə daim öz işimə məsuliyyətlə yanaşmışam, işimin öhdəsindən layiqincə gəlmişəm. Həmin "Diri baba" türbəsində sektor müdiri vəzifəsini Qobustan şəhər Fövqalədə Hallar Nazirliyinin əməkdaşı, mayor rütbəli Cavid Məmmədovun tanışı tərəfindən işə götürülən Yusif Məmmədov, bələdçi vəzifəsini isə Cavid Məmmədovun bacısı Şəhla Məmmədova icra edir. Yusif Məmmədov tərəfindən işə götürülən və eyni zamanda yaxın dostu olan Mirzəliyev Mirzənin qanunsuzluq hallarına yol verdiyinin şahidi oldum və bunu Yusif Məmmədova bildirdim. Bu hal Mirzəliyev Mirzənin işdən çıxarılmasına səbəb oldu. Yusif Məmmədov həmin uzaqlaşdırılan şəxsin qisasını məndən almaq üçün digər özünə qohum olan işçilərə məndən heç bir doğruluq əks etdirməyən şikayət ərizəsi yazdıraraq rəhbərliyə təqdim edib.

23.05.2023 tarixində Qoruqları İdarəetmə Mərkəzinin rəhbəri Murad Ağabəyli tərəfindən Turizm Agentliyinin baş idarəsinə çağırıldım. Qoruqları İdarəetmə Mərkəzinin rəhbəri Murad Ağabəyli işdən imtina ərizəmi yazmağımı, əks halda əmək kitabçasını qaralayacağını bildirdi. Nəticədə 23.05.2023 tarixində hədə-qorxu ilə yazdığım ərizəmlə işdən azad olundum. Hazırda işsizəm və ailəmi, 2 övladımı dolandırmaqda çətinlik çəkirəm".

Qeyd edək ki, Nasib Babaşovun redaksiyamıza verdiyi məlumata görə, Əmək Müfəttişliyindən ona rəsmi məktubla bildirilib ki, Turizm Agentliyi 192.4-cü maddə ilə inzibati qaydada cərimələnib.  Maraqlıdır ki, işçi öz müraciətində böhtanla işindən uzaqlaşdırıldığını qeyd etsə də, Əmək Müfəttişliyi Dövlət Turizm Agentliyini maaşla əlaqədar cərimələyib. 

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »