Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qadın prokurorluğun binasında müstəntiqin otağından özünü atıb öldürdü: “Onu hədələyirdilər...”
Qadın prokurorluğun binasında müstəntiqin otağından özünü atıb öldürdü: “Onu hədələyirdilər...”

Mingəçevir şəhər Prokurorluğunda intihar hadisəsi baş verib. 1991-ci il təvəllüdlü Turalə Natiq qızı Aslanova özünü prokurorluğun ikinci mərtəbəsindən atıb.

Bizimyol.info xəbər verir ki, hadisə iyulun 19-da Mingəçevir şəhər Prokurorluğunda müstəntiqin kabinetində dindirmə zamanı baş verib.

Prokurorluqda bir neçə nəfərin ümumilikdə 413 min manat pulu ələ keçirməsi faktı üzrə Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) maddəsilə cinayət işinin istintaqı gedir. Turalə Aslanova da həmin cinayət işi üzrə dindirilmək üçün Mingəçevir şəhər Prokurorluğuna gəlibmiş.

Hadisə baş verən vaxt otaqda müstəntiq və Emin Kiçikbəyov adlı vəkil olub.

Turalə Aslanova xəstəxanaya çatdırılsa da, orada vəfat edib.

Turalə Aslanovanın ailə üzvləri baş verənlərə görə Mingəçevir şəhər prokurorunu, onun köçəkçisini, müstəntiqi ittiham edir. Onlar iddia edir ki, Turalə Aslanovanı prokurorluqdakı səlahiyyət sahibləri intihara vadar edib.

Onun atası Natiq Aslanov Bizimyol.info-ya bildirib ki, Mingəçevir şəhər Prokurorluğu aylardır bu cinayət işini obyektiv araşdırmırdı:

“Əksinə, onun özünü hədələyirdilər. Qızım bununla bağlı Baş Prokurora məktub da yazmışdı. Təəssüf ki, tədbir görülmədi. Qızım deyirdi ki, pulları filankəs mənimsəyib. Tədbir görülmürdü. Kəmaləni niyə qoruyurdular, cavab versinlər.

Qızıma açıq şəkildə deyirdilər ki, bizə tapşırıq verilib. Mesaj da var. Bu qədər özbaşınalıq olar? Bəs biz insan deyilik?”

Baş Prokurorluq da hadisə ilə bağlı məlumat yayıb. Məlumatda bildirilir ki, Turalə Aslanova öz vəkilinin iştirakı ilə dindirməyə dəvət olunub:

“İstintaq hərəkətinin gedişində Turalə Aslanova prokurorluğun inzibati binasının 2-ci mərtəbəsində yerləşən dindirmə otağının pəncərəsindən özünü yerə atıb və nəticədə ağır bədən xəsarəti alıb. Dərhal Mingəçevir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin həyatını xilas etmək mümkün olmayıb. Hazırda baş vermiş hadisə ilə bağlı Baş Prokurorluq tərəfindən araşdırma aparılır”.

Turalə Aslanova əvvəllər daxili işlər orqanlarında – şəxsiyyət vəsiqəsi və qeydiyyat bölməsində işləyib.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »