Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Can Laçın...
Can Laçın...

“Yaşadığı evi yandırıb çıxan adam – öz evini yandıran adam, gör, başqasının evinə nə edər?! Adam, niyə yandırırsan?! Bəlkə sabah barışıq olacaq və sən onda bu evə qonaq gələrdin. Əminəm ki, öz xatirələrinə qonaq gələn adamı biz (bütün yaşanmışlıqlara rəğmən) süfrəmizin başında oturdardıq. Ancaq yaşadığı evi yandırıb gedir. Düşününcə dəhşətə gəlirsən: öz keçmişini yandıran adam, gör, sənin gələcəyinə nə edər?!”

***

“Ağaca mina bağlayan, körpələri gecə vaxtı raketlə hədəf alan, dinc insanların şəhərini, həyatını dağıdan bir zehniyyətlə qonşu olmaq nəymiş - düzünü Tarix söyləsin”.

***

“Məscid, kilsə, sineqoq - bunlar ibadətgahdır. Arxitekturası, interyeri, eksteryeri, içindəki ibadət şəkli fərqli ola bilər, amma hamı tək olan Allaha tapınır orda. Məcsidi dağıtmaq, yaxud murdarlamaq xristian üçün də, müsəlman üçün də, yəhudi üçün də tək olan Allaha qarşı çıxmaqdır. Otuz il torpağımızı işğalda saxlayan, həyatımızın üç-on ilini talamış adam tək bizim düşmənimiz deyildi ki! O, bir olan Allaha qarşı düşmənçilik edib...”

...Bunları köhnə qeydlərimin içindən tapmışam. Dərc etdiyim yazılarda da yoxdur. Otuz illik işğal və ordumuzun qazandığı qələbələr haqqında yazı yazacaqmışam. Yarımçıq qalmış, bir az da əlaqəsiz fikirlərdir. Amma “yaşadığı evi yandıran adam” haqqında qeydimi oxuyanda Laçın gəldi durdu gözümün qabağında. Ondan bir az qabaq informasiya portallarındakı lentlərdə bir xəbər oxumuşdum: daha 13 ailə Laçına yola salındı. Əvvəlki rəqəmi də axtarıb tapıram, baxıram: artıq 55 ailə var Laçında. Yüzlərlə Laçınlı öz doğma yurdunun torpağında gəzir, havasını udur, suyunu içir.

Bəlkə də bu fakt, illah da, bu 55 rəqəmi bizə kiçik görünür. Lap bundan əvvəl Zəngilana köçürülənləri də, ilin axırına qədər Füzuliyə, Ağdama, ilkin mərhələdə Cəbrayıla köçürüləcək olanları da hesablasaq, cəmini çıxarsaq, yenə də rəqəm olaraq bizə az gələ bilər. Hə, əgər bu olaya statistikadan baxsaq, adam sayının az olmasını düşünə bilərik bəlkə. Deyərik: “Laçının Laçın olması üçün o rayona ən az 55 min adam lazımdır, 55 ailə nə ki?!

Amma yox! Məsələyə sırf başlanğıc statistikadan baxmaq doğru olmaz. Ya da təkcə ordan baxmayaq. Əvvəlcə o tərəfdən baxaq ki, bu torpaqlara aşağı-yuxarı otuz il qıraqdan baxmışıq – uzaqdan. Hətta bir az da uzaqdan başlasaq, ən azı iki yüzillikdir ki, torpaq itirə-itirə gəlirik. Başqaları gəlib ya bizi sıxışdırıb öz ərazisini genişləndirib, ya biz qarışıq yurd-yuvamızı öz ərazisinə qatıb, ya da bizim torpaqlarımızda yox yerdən özünə dövlət qurub. Hələ bununla da yetərlənməyib, ikincisini qurmağa çalışıb. Amma, bax: Laçın! Bu şəhər, Azərbaycanın siyasi xəritəsində, sadəcə, sıradan bir yaşayış məntəqəsi deyil ki! Laçın həm də işğalçılıq zehniyyətinin, separatçılıq azarının qarşısında bir sipərdir. Bu üzdən Laçın sərhəd-keçid məntəqəsinin önəmi göründüyündən böyükdür. Hərçənd iqtidara müxaliflik olsun deyə bu dəyəri kiçiltməyə çalışanlar da var. O, ayrı bir söhbətin mövzusu olsa da, sadəcə, bir cümlə ilə kifayətlənəcəm ki, mətləbdən çox uzaqlaşmayım:  sərhəd dövlətindir, hakimiyyətin, ya da müxalifətin deyil.

Mətləbə qayıdaq. Yadlar-yağılar Zəngilana, Kəlbəcərə, Laçına fiziki coğrafiyanın, ya da hərbi strategiyanın pəncərəsindən baxa bilər. Amma o bölgələr Zəngəzura, Göyçəyə - indi özümüzə həmsərhəd olan tarixi torpaqlarımıza çıxışdır. Ya da giriş deyək. Artıq necə adlandırırsınızsa.  İndi bizim siyasi-mənəvi riyaziyyatımızda “Şərqi Zəngızur” yazılır, Qərbi Zəngəzur yadda. Göyçə, İrəvan yadda. Amma 3-5 il il qabaq biz: “Gəncəni qoruyaq, Qarabağ yadda” deyirdik. Açıq danışaq: 3-5 il qabaq və daha keçmiş illərdə biz hələ Tərtəri, Bərdəni demirəm, Yevlaxı, Gəncəni qorumaq hayındaydıq. Hətta Tovuzu, Qazaxı da demirəm, Şəmkiri, Mingəçeviri düşünürdük, elə deyilmi?! Elə ən azı ölkənin xəritəsini qarşımıza qoyub analiz edək: haradan haraya gəlmişik. Daha doğrusu, haradan haraya qalxmışıq (sözün həm fiziki, həm də mənəvi anlamlarında).

Amerikada universitetdə işləyən bir azərbaycanlı professor deyib: “Qarabağ azad olunana qədər mən hətta erməni tələbələrin də qarşısında başıaşağı idim, indi isə erməni professorlar da mənimlə göz-gözə gəlməkdən yayınır”. Qarabağdakı tarixi (sözün hər mənasında tarixi) qələbələrimiz təkcə dağın-daşın, torpağın azad olunması deyildi ki! Biz Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli, Şuşa, Hadrut, Laçın, Ağdam, Kəlbəcər ilə birlikdə milli qürurumuzu özümüzə qaytarmışıq. Xankəndi və başqa ərazilər də qaytarılacaq və bu hissi öz dadında, tam anlamında doya-doya yaşayacağıq. Buna hər kəs əmin olsun.

Hə, bu gündən baxanda, kimsə yenə Xankəndində, Xocalıda... Azərbaycan bayrağının dalğalanacağını təsəvvür etməkdə bəlkə də çətinlik çəkir. Ancaq otuz il qabaq eyni hissi Şuşa üçün keçirmirdikmi?! Hətta beş rayonun qaytarılacağını fantastik hesab edənlər vardı. Şuşanı artıq itirilmiş, Laçını, Kəlbəcəri unudulmuş sayanlar vardı. Bu gün isə Laçın xülya deyil, xəyal da deyil, gerçəkdir. Təbii ki, bu gerçəyə görə Ordumuza və bu Ordunun birinci əsgərinə -Ali Baş Komandana minnətdarıq. Eyni zamanda bu gerçəyin qalıcı olması üçün, əlbəttə, Laçın da, işğaldan azad olunmuş başqa torpaqlarımız da məskunlaşmalıdır və məskunlaşacaq da. Mən hələ 10 il qabaqkı bir yazımda yazmışdım ki, biz Qarabağın ruhuyuq; biz o bədənə qayıdanda, Qarabağ canlanacaq, diriləcək. Dövlət, millət Qarabağı yavaş-yavaş dirildir, reanimasiya edir, cana gətirir. Doğrudur, bu işin yavaş getdiyini də düşünn insanlar az deyil. Allahdan gizlin deyil, bəndədən nə gizlin: köçkünlərin çoxu öz kəndində, öz evində yaşamaq arzusundadır. Hətta: “İmkan versinlər, öz evimi özüm tikim” deyənlər də çoxdur. Ancaq reallıqda bunun tam mümkün olmadığını da bilirik. Onu da bilirik ki, dövlət Qarabağın yenidən və ən yeni biçimdə qurulması üçün çox böyük planlar cızıb və nəhəng proyektlər artıq reallaşmaqdadır. Əlbəttə, bir az zaman alacaq. Ancaq, əminəm ki, gözlədiyimizdən də gözəl bir Qarabağ irəli zamanlarda bizi gözləyir. Bir yandan ərazilər minalardan təmizlənir, o biri yandan kəndlər salınır, şəhərlər inşa olunur. Bölgəyə yerli və xarici sərmayələr gətirilir. İnfrastruktur ən çağdaş tələblərə uyğun biçimdə yenidən qurulur; yollar salınır, körpülər tikilir, enerji kommunikasiyalar çəkilir. Bunları alqışlamaq da azdır, dəstəkləmək lazımdır.

Hər kəs bu işlərin mümkün qədər tez olub-bitməsini istəyir, bu, anlaşılandır. Ancaq, görünür, hələ zamana ehtiyac var. Mən Qarabağlı olsam da, məcburi köçkün deyiləm; 40 ildir Bakıdayam. Ancaq mən də köçkün yaxınlarım, el-oba qədər həyəcanlıyam və intizarla gözləyirik. Və mən də köçüb o torpaqlarda yaşamaq istəyirəm. Ailəmlə birlikdı o anın həsrətini çəkirəm. Bu üzdən bundan qabaq və bu gün Laçına gedən o ailələrə həsəd aparıram. Ziqmund Freyd deyirdi ki, hər insan ən azı ildə bir dəfə öz doğulub böyüdüyü yerə getməli, o torpaqda gəzməli, onun havasını udub, suyunu içməlidir. Köçkün Qarabağlılar isə 30 il arzusunda olublar ki, öz yurdlarına qayıtsınlar, onun torpağında gəzsinlər, havasını udub suyunu içsinlər. Ancaq ən azı ildə bir dəfə yox. Ən azı... hər gün! Zəngilandan sonra hazırda laçınlılar üçün bu arzular gerçəkləşməyə başlayıb.

Beləliklə, bir gün köçüb Qarabağda yaşamaq arzusu ilə...

Bahəddin Həzi Bahəddin Həzi

Bahəddin Həzi, Bizimyol.info

Müəllifdən: Dünyanın dörd künc bucağından gəlib Kəlbəcərdə, Laçında yerləşmiş ermənilər oradan çıxanda özlərinin illərlə yaşadıqları evləri yandırdılar, öz ev heyvanlarını güllələdilər. Meşələrə, bağ-bağçaya od vurdular. Bununla da bütün Qarabağdakı vəhşiliklərə, vandalizmə öz imzalarını atmış, öz cinayətlərini boyunlarına almış oldular. Məğlub edilmiş, başı aşağı durumda ordan çıxmağa məcbur oldular. Ağlaya-ağlaya getdilər. İndi ora qayıdan laçınlılar da ağlayır. Ancaq bu göz yaşı o göz yaşından deyil; öz evinə qayıdanlar sevincindən və qürurundan ağlayır. Laçından qovulan çarəsiz ermənilərin məğlub hıçqırıqları keçmişdə qaldı. Bizim qarşımızda isə Laçınlı bir gələcək var. Bu torpaqları tam anlamda diriltmək gərək. Tam məskunlaşdırmaq gərək. Burda ayağımızı torpağa möhkəm basmaq, kürəyimizi dağlara möhkəm dayamaq gərək. Bəli, düşmən bu gün məğlubdur. Amma... düşmən – düşməndir. Gələcəyi qurarkən keçmişi də unutmamaq lazım. Əvvəlində yazdığım fikri isə heç unutmaq olmaz: öz xatirələrini diri-diri yandıran adam, gör, sənin xəyallarına nələr edər!

Son xəbərlər
Bütün xəbərlər »