Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"İranda 40 milyon Azərbaycan türkü öz ana dilində təhsil ala bilmir"
"İranda 40 milyon Azərbaycan türkü öz ana dilində təhsil ala bilmir"

Azərbaycanda yaşayan müxtəlif etnik qrupların və dini azlıqların ümumiyyətlə öz kimliklərini, dini, mədəni mənsubiyyətlərini qoruyub saxlamaları, ona sahib çıxmaları çox önəmlidir. Onlar üçün Azərbaycanda bu şərait yaradılır. Qədim və orta əsr Azərbaycan tarixinə nəzər salanda biz görürük ki, Azərbaycan hər zaman başqa xalqların və etnik qrupların yaşayış məskəni olmuş və öz zəngin mədəniyyətlərinə sahib olmuşlar. Onlar hər zaman qorunub və heç bir halda, heç bir etnik və yaxud dini mənsubiyyətinə görə heç bir xalq Azərbaycanda hər hansı ayrı-seçkiliyə məruz qalmamışdı. Tarix bunu göstərib. Səfəvi dövlətindən sonrakı proseslərə baxanda biz görürük ki, çox sayda qeyri-azərbaycanlı mədəniyyətlərə və fərqli dini mənsubiyyəti olan olan toplumlara şərait yaradılıb, onlara yaşayış məskənləri verilib, başqa millətlərlə qarşıdurmaları yaranmasın deyə onları qoruyublar. Xüsusilə, Şah Abbas dövrünə nəzər salanda biz görürük ki, o zaman erməni və təəssübkeş xiristianlar çalışırdılar ki, hər zaman problemlər yaratsınlar.

Bu barədə Bizimyol.info xəbər portalına Savalan Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi, GAMAC İdarə Heyətinin üzvü Sadiq İsabəyli danışıb.

Sadiq İsabəyli Sadiq İsabəyli

Sadiq İsabəyli qeyd edib  ki, o dövrlərdə ermənilər tərəfindən yəhudilərə qarşı çox aqressiv bir yanaşma olub. Ermənilər yəhudilərin fəaliyyətlərini məhdudlaşdırmağa çalışblar.

“Həmin dövrdə Şah Abbas, bu məsələlərin qarşısını almaq üçün yəhudiləri indi “Qırmızı qəsəbə” adlanan qəsəbəyə köçürür ki, onlar orada məskunlaşa, özlərinə şərait yarada, öz dinlərinə, mədəniyyətlərinə sahib çıxa bilsinlər. Kimsə onlara toxuna bilməsin. O, çalışırdı ki, yəhudiləri erməni, təəssübkeş xristian şərrindən qoruya bilsin”- deyən İsabəyli vurğulayıb ki, buna bənzər nümunələrimiz çoxdur. O, qeyd edir ki, bu nümunələrə də baxanda görmək mümkündür ki, bu millətlərin, etniklərin, dini azlıqların dəyərlərini və mədəniyyətini qorumaq, onu bir mənəvi irs olaraq dəyərləndirmək azərbaycanlıların siyasi yanaşmasında olub.

Bu gün Azərbaycan bu məsələyə dövlət səviyyəsində yanaşır, o millətlərə,  etnik quruplara və dini azlıqlara öz kimliyinin qorunub saxlanılmasına əhəmiyyət verir. Bu millətlərin, etnik qrupların və müxtəlif dini azlıqların ibadət etdikləri ibadətxanalar qorunur, bərpa edilir və onlara ibadət üçün şərait yaradılır. Bu, dövlət səviyyəsində həyata keçirilir. Onların kimliyi rəsmi olaraq, tanınır.

“İrana nəzər salaq. Son 100 ildə fars mərkəzli siyasi hakimiyyətlər, Pəhləvi və Cumhuri islami olmasından aslı olmayaraq, hər zaman çalışıblar ki, orada olan qeyri-fars millətlərini məhv etsinlər. Onların dil və mədəniyyətlərini görməzdən gəlməyə çalışaraq, o milli etnik, dini qrupları və yaxud toplumları əritməyə çalışıblar. Bu problem İranda hələ də var. İran çoxmillətli, çoxdilli, çoxməzhəbli ölkədir. Amma orada şiə olmayan, sünni məzhəbli insanlar əziyyət çəkir. Onlar öz ibadətxanaları yarada bilmirlər. Eyni zamanda İranda ermənilər istisna olmaqla, heç bir digər millətlərin özlərinə xas məktəbləri yoxdur. Onlar öz ana dillərində təhsil ala bilmirlər. Öz mədəniyyətlərini, milli kimliklərini qoruyub saxlamaq üçün onlara nəinki şərait yaradılmır, əksinə onlar təzyiqlərə məruz qalırlar. Biz bu təzyiqləri müxtəlif formada görürük.

Güney Azərbaycanda yaşayan 40 milyon Azərbaycan türkünün taleyinə və onların vəziyyətinə baxanda görürük ki, onlar öz ana dillərində təhsil ala bilmirlər. Orada yaşayan bəluçlara, ərəblərə, qaşqay türklərinə, Xorasan türklərinə, onların vəziyyətlərinə baxanda görürük ki, bu millətləri əritmək üçün bir siyasətin həyata keçirildiyinə şahid oluruq. Azərbaycanda yaşayan etniklər, millət olaraq dəyərləndirilir və dini azlıqların dini mənsubiyyətləri inkar edilmir. Azərbaycanla bağlı hər hansı bir xarici dövlət, hər hansı bir Avropa dövləti həqiqətən doğru-düzgün, qərəzsiz araşdırma aparsa, bu mənzərəni daha şəffaf şəkildə görə bilər. Azərbaycan dövlətinin daxilində hər zaman müxtəlif xalqların kimliklərinin qorunub saxlanıldığını görə bilər”- deyə Sadiq İsabəyli bildirib.

Ermənistana gəldikdə, İsabəyli qeyd edib ki, Ermənistan daxilində yaşayan insanlar sadəcə bir etnikdən ibarətdir, yəni ermənilərdən başqa kimsə orada qalıcı olaraq, öz kimliyini qoruyaraq, öz dəyərlərinə sahib çıxaraq yaşaya bilməz. Çünki onların ideoloji-siyasi yanaşmalarında hər zmana başqa millətlərə, başqa etniklərə qarşı bir düşmənçilik var. Orada türklərə, Azərbaycan türklərinə, Türkiyə türklərinə qarşı, Türk anlayışına qarşı bir nifrət var. Bu isə, Azərbaycan dövləti üçün müqayisə olunmaz dərəcədə bir üstünlükdür. Azərbaycan bu məsələni hər zamn gündəmdə saxlamalıdır.

“Azərbaycanda yaşayan yəhudilər Azərbaycandakı şəraitin nəqədər müsbət olduğunu hər zaman vurğulamağa çalışıblar. Azərbaycanda yəhudilərin yaşaması üçün hər bir şəraitin yaradıldığını bildiriblər. Bu, çox müsbət bir haldır”- deyən Sadiq İsabəyli hesab edir ki, bu məsələ dəyərləndirilməlidir. Bu məsələ, Mədəniyyət Nazirliyi dəyər verməlidir.

İsabəylinin fikirncə, bu məsələlər üzərində nə qədər çox təbliğat aparılırsa, bu haqda xarici dövlətlərə, xarici millətlərə bilgilər verilərsə, bir o qədər Azərbaycanın dəyərlərə sahib bir dövlət olduğunu nümayiş etdirmək mümkün olar. Eyni zamadan erməni qara təbliğatının qarşısını alar.

“Ermənilər həmişə çalışırlar ki, onlar Avropa elə bir mənfi rəy formalaşdırsınlar ki, sanki Azərbaycanda müxtəlif etniklərin yaşaması problemdir. Bu səbəbdən də, bununla bağlı təbliğatların aparılması, müxtəlif tədbirlərin həyata keçirilməsi vacibdir. Çünki bu, bir dövlət üçün və millət üçün dəyərdir”-deyə Sadiq İsabəyli əlavə edib.

Sadiq İsabəyli hesab edir ki, bu məsələdə Azərbaycan dövləti qarşısına bir sıra məsələləri qoymalı və bunları icra etməlidir.

İradə Cəlil, Bizimyol.info

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi

Məqalə Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.15. dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi.

Son xəbərlər
Bütün xəbərlər »