Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"İran Azərbaycana qarşı düşmənçilikdən əl çəkməlidir"
"İran Azərbaycana qarşı düşmənçilikdən əl çəkməlidir"

İran Azərbaycana münasibətini dəyişməlidir. İran İslam Respublikası tərəfindən hər an, hər gün Azərbaycana qarşı təzyiqlərin artması, yalan, böhtan, şantaj kompaniyasının gücləndirilməsi təəssüf doğurur və qəbuledilməzdir. Çünki Azərbaycan dövləti qonşu ölkə ilə daim qarşılıqlı münasibət formalaşdırmaq, əməkdaşlıq etmək mövqeyi nümayiş etdirmiş və bu gündə bunu bəyan edir. Ancaq İran tamam yanlış yoldadır və dövlətimizə, xalqımıza qarşı düşmənçilik siyasətindən əl çəkmir. Dünyanın bir çox ölkələrinə, xüsusilə Azərbaycana və Türkiyəyə yanlış mövqe tutan, terroru, millətçiliyi, şantajı dövlət siyasətinə çevirən İranın vəziyyəti isə gündən-günə ağırlaşır. Uzun müddətli tətillər, qarşıdurmalar, dünya dövlətləri ilə münasibətlərin kəskinləşməsi, tətbiq olunan ciddi sanksiyalar bu dövlətin iqtisadiyyatına, insanların yaşayışına ciddi zərbə vurmaqla molla rejimini uçuruma aparır.

“Müharibə şəraitində olan Rusiyaya müxtəlif növ silahlar, pilotsuz uçuş aparatları, kamıkadze dronlar satdığına, ölkədə insan ölümlərinə, sui - qəsdlərə rəvac verdiyinə, nüvə fəaliyyətinə görə İran Qərbin ciddi sanksiyalarına məruz qalmışdır. Bu da təbiidir. Çünki İran həqiqətən də bu gün dünyada terror dövləti olduğunu bir daha əməli fəaliyyəti, həyata keçirdiyi anti-bəşəri siyasəti ilə sübut etməkdədir”...

Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev danışıb. Deputatın fikrincə, bu Azərbaycana qarşı münasibətlərdə daha aydın görünür. İran Ermənistan-Azərbaycan münaqişəsi başlayan ilk gündən təcavüzkarların yanında olduğunu bəyan etmiş, erməni faşistlərini silahlandırmış, onlara hər cür maddi - mənəvi dəstək göstərmişdir. Xalqımız torpaqlarımız işğal altında olduğu 30 ildə, 44 günlük müharibə zamanı bunun şahidi olub və bu gündə İran dövlətinin düşmənçilik əməllərini görməkdədir.

Tahir Rzayev Tahir Rzayev

“Molla rejimi Azərbaycana güc nümayiş etdirmək məqsədi ilə sərhədlərimizdə hərbi təlimlər keçirdi, dövlətimizə qarşı şantaj kompaniyasını daha da gücləndirdi və bunun heç bir fayda vermədiyini gördükdə səfirliyimizə silahlı hücum təşkil edildi, qətl törədildi, əməkdaşlarımız yaralandı. Ancaq hadisədən bir aydan çox keçməsinə baxmayaraq İran hakimiyyəti bu terror aktına öz ciddi münasibətini bildirmədi, hadisənin təşkilatçıları məlum edilib cəzalandırılmadı.

Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Fazil Mustafaya qarşı terror aktında da İranın əli olduğu artıq məlumdur və bu hər bir vətəndaşın kəskin hiddətinə səbəb olmuşdur. Lakin İran yenə də susur və hadisələrə heç bir aydınlıq gətirmir. Əksinə, İran tarixi düşmənlərimizə yaxınlaşmaqla, ölkədəki soydaşlarımızın başına müsibətlər gətirməklə, Zəngəzur dəhlizinin açılmasına maneələr yaratmaqla, özlərinin anti-Azərbaycan təbliğatını genişləndirməklə düşmənçiliyi qüvvətləndirir, mənfur niyyətlərindən əl çəkmir”-deyə deputat əlavə edib. Onun sözlərinə görə, İran Türk xalqlarının birliyinin, möhkəmlənməsinin, bir məqsəd uğrunda mübarizə aparılmasının əleyhinədir. Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunu, iqtisadiyyatımızın inkişafını, tarixi qələbəmizi, dövlətimizin rəhbəri cənab İlham Əliyevin sülhə, əməkdaşlığa arxalanan siyasətini qəbul edə bilmir, uğurlarımızı qısqanır, eyni zamanda ordumuzun güclənməsini, xalqımızın birliyini, Azərbaycanın güclü və qüdrətli olmasını istəmir.

“Ancaq bu düşmənçilik mövqeyi heç də İranın xeyrinə işləmir. Əksinə bir qonşu dövlət kimi Azərbaycana qarşı düşmənçilik onu daha ağır fəlakətlərə sürükləyir. Çünki İranda 30 milyondan çox soydaşlarımız yaşayır və onlar hər zaman Azərbaycanın yanında olduqlarını bəyan edir, xalqımızın sevinci və ağrıları ilə yaşayırlar. Belə olan halda İran dövləti öz siyasətində düzəliş etməlidir, reallıqları - Azərbaycanın artan gücünü, ordumuzun qüdrətini, xalqımızın birliyini, dünyadakı nüfuzunu və yerimizi görməli, səhvlərindən nəticə çıxarmalıdır”-deyən deputat bildirib ki, ancaq qonşu dövlətlərlə münasibətlərin yaxşılaşdırılması İranı düşdüyü vəziyyətdən xilas edə bilər.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »