Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Nə "DQR" adlı qurumu, nə də onun "başçısı" Arutunyanı tanımırıq"
"Nə "DQR" adlı qurumu, nə də onun "başçısı" Arutunyanı tanımırıq"

“Moskva Azərbaycanın israrlı təkidlərindən sonra Vardanyan layihəsinin perspektivi olmadığını başa düşdüyü üçün bu layihədən imtina etdi. Amma bu heç də Rusiyanın qarşısına qoyduğu hədəflərdən imtina etməsi kimi qəbul olunmamalıdır. Hələ də Xankəndində olan Vardanyan maliyyə hesabına öz ətrafına çoxlu sayda ermənini toplaya və yenə də ona verilmiş missiyanı vəzifə tutmadan da bu və ya digər şəkildə icra edə bilər. Eyni şəkildə Ermənistana gedib, radikal müxalifət obrazı yaradaraq Paşinyana qarşı mübarizə də apara bilər".

Bu barədə bizimyol.info xəbər portalına politoloq Rəşad Bayramov danışıb. Onun sözlərinə görə, Sarkisyan və Köçəryandan fərqli olaraq Ermənistanda hər hansı bir vəzifə tutmayan və dolayısı ilə nüfuzunu itirməyən, eləcə də Ermənistanın özündə də zamanında çoxlu sayda iş yerləri açmış biri olaraq Vardanyanın ətrafına kütləni yığmaq imkanları var.

Rəşad Bayramov Rəşad Bayramov

“Buraya xaricdə olan erməni lobbisinin dəstəyini də əlavə etsək deyə bilərik ki, Vardanyanın Paşinyanın başını ağrıtmaq üçün kifayət qədər imkanları var. Konkret Azərbaycana gəldikdə isə bir separatçının başqa bir separatçı ilə əvəz edilməsi ilə heç nə həll olmur. Ruben Vardanyanın vəzifədən uzaqlaşdırılması erməni əsilli insanlar arasında separatçı rejimə olan inamın azalması baxımından təbii ki, müsbət hadisədir. Belə ki, hələ də hansısa xülyalarla yaşayan ermənilər onun məhz Bakının təkidi ilə vəzifəsindən azad olunduğunu yaxşı dərk edirlər və bu da onlarda Azərbaycanın Xankəndi üzərində təsir imkanları haqqında təsəvvürlərin formalaşmasına səbəb olur”. Politoloq qeyd edib ki, ikinci bir tərəfdən ermənilər onu da anladılar ki, Rusiyanın separatçı rejimə dəstək imkanları düşünüldüyü qədər də geniş deyil. Onlar haqlı olaraq, "Rusiya Vardanyanı müdafiə edə bilmədisə, bizi necə müdafiə edəcək?" fikri ilə çıxış edirlər.

“Amma bu bizim üçün yetərli deyil. Onsuz da Azərbaycan olaraq biz nə "DQR" adlı qurumu, nə də onun qondarma başçısı A. Arutunyanı tanımırıq. Odur ki, onun verdiyi qərarlar da bizim üçün böyük ölçüdə heç nəyi həll etmir. Bizim istədiyimiz bütün ərazilərimizi öz yurisdiksiyamıza tabe etdirməkdən ibarətdir. Bunun üçün ilk növbədə Laçın yolunun Azərbaycanın nəzarətinə keçməsi təmin edilməlidir. Başqa sözlə desək həmin ərazidə Ermənistan-Laçın sərhəddində gömrük və nəzarət buraxılış məntəqələrinin qurulması məsələsi həll olunmalıdır".

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »