Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Söyüş söyməmişəm, Mübariz Mənsimov haqqında yazılanlara reaksiya vermişəm”
“Söyüş söyməmişəm, Mübariz Mənsimov haqqında yazılanlara reaksiya vermişəm”

Fevralın 8-də Bakı Apellyasiya Məhkəməsində jurnalist Aydın Canıyev (Aydın Can) haqqında 30 günlük həbs qərarından verilmiş şikayətə baxılıb. Apellyasiya şikayətini Habil Məmmədovun sədrlik etdiyi hakimlər kollegiyası araşdırıb.

Bizimyol.info xəbər verir ki, məhkəmədə həbsdə olan jurnalistin özü də iştirak edib. “Haqqin.az” saytının rəhbəri Eynulla Fətullayevin prokurorluğa şikayəti əsasında həbs olunan Aydın Canıyev apellyasiya məhkəməsində çıxışında deyib ki, heç kimi söyməyib. O, iddia edib ki, Eynulla Fətullayevin “Palmali” şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimov haqqında yazdıqlarına reaksiya verib.

Jurnalist Eynulla Fətullayev bir müddət öncə Baş Prokurorluğa məktub ünvanlayaraq, Aydın Canıyev haqqında tədbir görülməsini istəyib. O, müraciətində göstərib ki, Canıyev sosial media hesabında onun vəfat etmiş anasını təhqir edib.

Aydın Canıyev Eynulla Fətullayevin şikayəti əsasında başlanmış araşdırmanın nəticəsi olaraq, yanvarın 26-da həbs olunub. Yasamal rayon Məhkəməsində onun haqqında 1 aylıq inzibati həbs qərarı çıxarılıb. Həmin qərardan apellyasiya şikayəti verilib.

Aydın Canıyevin vəkili Osman Kazımov fevralın 8-də apellyasiya məhkəməsində çıxışında bildirib ki, jurnalisti yazdığı sözə görə həbs eləmək yolverilməzdir: “Prokurorluq ərizəni Eynulla Fətullayevə qaytarıb, ona məhkəməyə müraciət etməyi tövsiyə edə bilərdi. Amma prokurorluq öz təşəbbüsüylə İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1 (informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsi) maddəsilə məhkəməyə müraciət etməyi üstün tutub. Halbuki, bunun üçün heç bir əsas yoxdur. Aydın Canıyevin əməlində nə zorakılığa çağırış var, nə terrora çağırış var...”

Vəkil əlavə edib ki, jurnalistin ittiham olunduğu maddədə alternativ cəzalar da var. Lakin onun sanksiyanın ən yüksək həddində cəzalandırılması ona qarşı qərəzin göstəricisidir.

Müdafiəçi apellyasiya şikayətinin təmin olunmasını, Yasamal rayon Məhkəməsinin qərarının dəyişməsini istəyib. Lakin apellyasiya məhkəməsinin hakimləri həmin qərarı haqlı sayıb və qüvvədə saxlayıb.

Eynulla Fətullayev özü də Aydın Canıyevin cəzalandırılması üçün Baş prokuror Kamran Əliyevə müraciət etdiyini təsdiqləyib. Həmçinin Aydın Canıyevin həbsindən sonra Facebook hesabında buna görə Baş prokurora və məhkəməyə buna görə təşəkkür edib:

“Adını çəkmək istəmədiyim məxluq “Facebook”da - öz səhifəsində ana söyüşünə qədər alçaldı. Baş prokuror, hörmətli Kamran Əliyevə müraciət etdim. Məxluq 1 ay müddətinə həbsə atıldı. Hörmətli Baş prokurora və məhkəməyə təşəkkür edirəm...”

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »