Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hökumət tıxacların çox olmasında maraqlıdır: İnhisarçılar bundan necə qazanır?
Hökumət tıxacların çox olmasında maraqlıdır: İnhisarçılar bundan necə qazanır?

Paytaxtın tıxacları getdikcə daha dözülməz olur. Əvvələr yalnız səhər və axşam konkret zaman kəsiyində yollarda gərginlik hiss olunurdu. İndi günün bütün saatlarında tıxac görməyə başlamışıq.

Bizimyol.info xəbər verir ki, rəsmi statistika ölkədə avtomobil sayının 1 milyon 650 min ədədi keçdiyini bildirir. Maşınların təxminən 750 mini Bakıda qeydiyyatdadır. Hər gün paytaxta başqa yerlərdən 300 minə qədər avtomobil gəlir. Beləliklə, gün ərzində şəhər yollarında milyondan çox maşın şütüyür. Bu isə paytaxtın çox yüklənməsi anlamına gəlir.

"Bakının dərdi var, Bakı xəstədir". Bəs niyə? Mütəxəssislər bir neçə səbəbi qabardır. Bəlkə də, birinci yerə bölgələrin sosial-iqtisadi geriliyini qoymaq lazımdır. Ölkə əhalisinin az qala yarısı paytaxtda yaşayır. Çünki bölgələrdə iş yoxdur, həyat sönüb. İnsanlar çıxış yolunu paytaxta köçməkdə görürlər. Onları heç bir halda qınamaq olmur. Bölgələrin sosial-iqtisadi inkişafı proqramı söz yığınından başqa bir şey ifadə etmədi. Hər keçən gün Bakı əhalisinin sayı artır. Bütün alternativ addımlar effektliyini itirir. Çünki hər şeydən əvvəl bölgələrin stimullaşdırılması olmalıdır. Ölkə əhalisinin yarısı paytaxta yaşaya bilməz.

İkincisi, şəhərsalma standartlarının kobud şəkildə pozulmasıdır. Yeni tikililərlə küçələrin darlaşması, parkinq yerlərinin plana salınmaması xaosa şərait yaradır.

Üçüncüsü, ictimai nəqliyyat sisteminin standartlara cavab verməməsidir.

Hələ dördüncü, beşinci, altıncı amilləri də yazmaq olar. Görünən odur ki, hökumət problemin həllinə çox da həvəsli deyil. Tıxacların hətta süni xarakter almasını əminliklə demək olar. Yollarda nə qədər gərginlik olarsa, yanacaq da çox işlənər. Tıxaclar avtomobil benzini və dizel yanacağının istehlakının artımını stimullaşdırır. Bundan qazanan isə daha çox istehsalçı SOCAR və idxalatçı şirkətlər olur. Deməli, hökumət dolayısıyla tıxaclardan qazancla çıxır.

Qubad İbadoğlu Qubad İbadoğlu

İqtisadçı Qubad İbadoğlu da belə düşünür. Onun fikrincə, tıxaca sadəcə, yol hərəkəti problemi kimi yanaşmaq lazım deyil. “Bu həm də inhisarçılar üçün əlavə qazanc mənbəyidir. Baxın rəsmi statistikaya, 2022-ci ilin yanvar-noyabr aylarında avtomobil benzini və dizel yanacağı üzrə pərakəndə ticarət dövriyyəsi təxminən 2 milyard 528 milyon manat olub ki, bu da 2021-ci ilin yanvar-noyabr aylarına nisbətən 8,4 faiz çoxdur. Əslində, Azərbaycanda üç min kubsantimetrdən çox mühərrik həcmi olan avtomobillərin idxalının azaldılması məqsədilə onların idxalına gömrük rüsumlarının artırılması və 2022-ci ildən Azərbaycana elektromobillərin idxalı, əlavə dəyər vergisindən azad edilməsi, elektrik mühərrikli minik avtomobillərinin mövcud 15 faiz idxal rüsumunun sıfıra endirilməsi, eləcə də hibrid avtomobillərin idxalının artması avtomobil benzininə və dizel yanacağına tələbatı aşağı salmalıdır. Amma göründüyü kimi, əksinə proses gedir. İlin ilk 11 ayında ötən ilin eyni dövrü ilə müqayisdə 8,4 faiz artım qeydə alınıb”.

Qubad İbadoğlu deyir ki, süni tıxaclar açıq-aşkar özünü göstərir. İstehlakçıların xərcləri, istehsalçı, idxalatçı və satıcıların isə gəlirləri artır. “Eyni zamanda tıxaclar yanacağın bahalaşmasını əsaslandırmaq üçün vacibdir. Odur ki, yaxın zamanlarda Tarif Şurası belə qərar versə, təəccüblənməyin”.

Bəs tıxaclar cibimizə nə qədər zərər vurur? İstənilən sürücü ilə söhbət sizi belə olduğuna əmin edə bilər. Avtomobillərin əksəri təxminən 40 litr benzinlə bölgələrdə 450-500 km məsafə qət edə bilir. Bakıda isə sürücülər bu qədər yanacaqla uzağı 300 km avtomobil sürür. Təsəvvür edin, taksi sürücüləri süni tıxaclar üzündən nə qədər artıq xərcə düşür. Onlar gün ərzində 200 kilometrdən çox məsafə geridə qoymalı olurlar. Tıxacların xərcləri 1,5 dəfə artırmasını nəzərə alsaq, ayda təxminən 250-300 manat artıq pul xərcləməkdən danışmalıyıq. Elə bütün sürücülər nəzərəçarpan dərəcədə zərərə düşür. Qısası, açıq-aşkar planlı soyğunçuluq müşahidə edilir.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »