Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Mən arsız deyiləm ki, həbs olunum, çıxım, sonra yenə həyatımı davam etdirim”
“Mən arsız deyiləm ki, həbs olunum, çıxım, sonra yenə həyatımı davam etdirim”

“Baku Steel Company” - poladəritmə zavodunun keçmiş rəhbəri, 2021-ci ilin yanvarından həbsdə olan Rasim Məmmədovun məhkəməsi başa çatmaq üzrədir. Onun işinə 4 aydır ki, Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Bizimyol.info xəbər verir ki, dekabrın 26-da keçirilən məhkəmə iclasında Rasim Məmmədov son sözünü deyib. Daha sonra Leyla Əsgərova-Məmmədovanın sədrlik etdiyi, Novruz Kərimov və Rasim Sadıxovdan ibarət hakimlər kollegiyası hökm çıxarmaq üçün müşavirəyə gedib.

Rasim Məmmədov son sözündə heç bir cinayət törətmədiyini, məhkəmədən bəraət istədiyini deyib.

“Bizim nəsildə cinayətkar, kimisə şərləyən, üzəduran olmayıb. Mənə Cinayət Məcəlləsinin 179.4 - xüsusilə külli miqdarda mənimsəmə maddəsilə ittiham verilib. Mən kimin malını mənimsəmişəm? Öz aldığım zavodu? Talama Maşınqayırma zavodunda, “Leytenant Şmidt” zavodunda, “Azərboru”da olub. Bəzi adamlar gedib yalan məlumat veriblər ki, guya sovet dövründən qalan o zavodlar lazım deyil. Sovetdən qalan zavodlar bütün başqa dövlətlərdə işləyirdi, Azərbaycanda işləmirdi”,- Rasim Məmmədov bildirib.

İş adamının sözlərinə görə, onun üçün bəraət almaq fəaliyyətini davam etdirmək baxımından vacib məsələdir. Onun sözlərinə görə, məhz Azərbaycan məhkəmələrində bəraət almaq istəyir: “Mən məmur deyiləm, işadamıyam, mənə bəraət lazımdır ki, işləyə bilim. Mən arsız deyiləm ki, həbs olunum, çıxım, sonra yenə həyatımı davam etdirim. Mən bəraət almasam, işləyə bilmərəm. Bu söhbətin heç kimə xeyri yoxdur. Mən çox istərdim ki, Azərbaycanda bəraət alım”.

Rasim Məmmədov “Baku Steel Company” MMC-nin ona məxsus olmaması fikriylə razılaşmır: “Həyat bumeranqdır, kim neyləyirsə, başına gəlir. Bir adam mənə izah eləmir ki, bütün bunlar niyə baş verir”.

O, məhkəmə araşdırmalarından da narazı qaldığını dilə gətirib: “Belə çıxır ki, mənə dövlətə xəyanət ittihamı versəydilər, onu da araşdırmayacaqdınız. Mən heç bir cinayət eləməmişəm, ona görə bəraət istəyirəm. Son sözüm budur”.

Rasim Məmmədovun çıxışı başa çatandan sonra hakimlər hökm çıxarmaq üçün müşavirəyə gedib. Hökmün nə vaxt elan olunacağı məlum deyil.

Rasim Məmmədov “Baku Steel Company”dən 185 milyonluq yeyintidə ittiham olunur. O, 2021-ci ilin yanvarında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanılıb. O, vəzifə səlahiyyətlərindən sui-istifadə edib, müəssisənin külli miqdarda pulunu mənimsəməkdə və israf etməkdə ittiham olunur. Lakin Rasim Məmmədov özünü təqsirli bilmir, ittihamın uydurma olduğunu deyir.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »